Azərbaycan
Memarlıq və İnşaat Universitetinin tələbələri ilə söhbət
Tələbəlik insan ömrünün ən yaddaqalan, tez-tez
xatırlanan bir dövrüdür. Acılı-şirinli bu həyat insana
həm də müstəqil yaşamağı, enişli-yoxuşlu yollarda öz
ayaqları üstə necə durmağı öyrədən bir dövrdür.
Tələbəlikdən söz açanda isə ağlımıza ilk öncə yataqxana
həyatı gəlir. Bu baxımdan da tələbəlik dövrü yataqxana
həyatı ilə daha çox yadda qalır. Axı yataqxanasız
tələbəlik illərinin nə dadı-duzu var ki? Yataqxana
insanın bir şəxsiyyət kimi təkmilləşməsində,
mükəmməlləşməsində əvəzsiz vasitədir. Buna görə də ali
təhsil illərini yataqxanada keçirən tələbə ilə
digərlərinin arasında fərq ictimai həyatda seçilir.
Yataqxanada tələbəlik həyatı sürənlər digər
tələbələrdən daha tez ünsiyyət qurur, öhdələrinə düşən
vəzifələri və məsuliyyətləri dərk edərək onların həllinə
yol tapırlar. Çünki yataqxana müstəqil həyat, yeni
dostlar, tanışlar deməkdir. Bəs görəsən, müasir dövrdə
necə? Sualı cavablandırmaq üçün tələbəlik illərini
yataqxanada keçirən gənclərin gündəlik həyatlarını
öyrənmək məqsədilə paytaxtın Yasamal rayonu ərazisində
yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin
tələbə yataqxanasına yollandım. Öncə yataqxananın
komendantına yaxınlaşaraq gəlişimin məqsədini bildirdim
və ondan yataqxanaya daxil olmaq üçün icazə aldım. İçəri
daxil olan kimi liftin qarşısında dayanmış iki tələbəyə
yaxınlaşdım. Onlarla tanış oldum. Gəlişimin məqsədini
biləndə məni mehribanlıqla öz otaqlarına dəvət etdilər
və biz çay süfrəsi ətrafında şirin söhbətə başladıq.
Həmsöhbətimin
biri Orxan Pənahov AMİU-nun III kurs tələbəsidir.
Sabirabad rayonunun Xəlfəli kəndində doğulub. Artıq 3
ildir ki, yataqxanada yaşayır. Orxanın otaq yoldaşı,
ikinci həmsöhbətim isə İsmayıl Şıxəliyevdir. Sabirabad
rayonunun Abdulabad kəndindəndir. O da AMİU-nun III
kursunda təhsil alır. Həmyerlisi kimi İsmayıl da
tələbəliyin ilk illərindən bu yataqxanada məskunlaşıb.
Yataqxananın yeni təmir olunması nəzərimdən qaçmadı.
Geniş, işıqlı otaqda 4 çarpayı var idi. Lakin Orxanla
İsmayıl bildirdilər ki, hazırda bu otaqda 3 nəfər
yaşayır və yoldaşlarından biri dərsdədir.
- Tələbə həyatı çətindirmi?
Orxan
(gülümsəyir): Həm çətindir, həm də maraqlı.
Çətindir ona görə ki, evdən, ailəmizdən uzaqdayıq. Orta
məktəbdə oxuyanda, evə gələn kimi isti yeməyimiz hazır
olurdu. Hətta şıltaqlıq edib onu yemirəm, bunu yeyirəm
deyə evdəkilərə əziyyət verirdik. Tələbə olduqdan və
uşaqlarla birgə yataqxanada yaşadıqdan sonra isə burada
tələbə həyatının çətinliyini hiss etməyə başladım. Artıq
yeməyi də özüm bişirməli, paltarımı da özüm yumalıyam.
Bütün bunlarla yanaşı, təbii ki, dərslərimi də
hazırlamalıyam. Lakin buna baxmayaraq tələbəlik dövründə
üzləşdiyim problemlər qarşısında heç vaxt əyilməmişəm.
Əksinə, bu çətinliklər bizə mətin olmağı öyrədib. Biz
tələbələr gələcəyə ümidlə baxmalıyıq. İndi çəkdiyimiz
əziyyətin gələcəkdə bəhrəsini görəcəyimizə inanmalıyıq.
Maraqlı tərəfinə gəldikdə isə yeni mühit, yeni şərait,
dostlar və sairə.
-
Əsasən hansı yeməklərə üstünlük verirsiniz?
İsmayıl:
Evdə nə tapsaq, onu da bişiririk. Amma ənənəvi tələbə
yeməyi olan kartof soyutması və qızartmasından daha çox
istifadə edirik. Dərsdən gəlirik, yorğun oluruq. Ona
görə çalışırıq ki, tez başa gələn yemək bişirək. Kartof
qızartması, sosiska və s. gündəlik yediyimiz
yeməklərdir. Nadir hallarda digər yeməklər bişiririk. Ev
yeməklərini isə yalnız rayondan sovqat gələndə görürük.
- Ayda təxminən nə qədər pul xərcləyirsiniz?
Orxan:
Aylıq xərclərimiz təxminən 150-200 manat həcmində olur.
Bəzən bu artıq da ola bilər. Ancaq çalışırıq ki, həmin
məbləğlə ötüşək. Hər ikimiz özəl mühafizə xidmətində
çalışırıq və valideynlərimizi xərcə salmamağı düşünürük.
Ayda 180 manat əməkhaqqı alırıq və bu məbləğ bizi tələbə
kimi qane edir. Evdən də tez-tez kənd məhsulları
göndərirlər və bu da bizə çox kömək olur. Amma bundan
başqa bəzən nəzərdə tutmadığımız xərclər də olur.
Dostlarla şəhərə gəzməyə çıxırıq, hərdən kafedə oturub
çörək yeyirik. Onda məcbur olub 5-10 manat artıq
xərcləyirik.
Onu da qeyd edim ki, yataqxanada yaşayan tələbələr
arasında birlik və bərabərlik var. Problemlərimizi və
çatışmamazlıqları birgə aradan qaldırmağa çalışırıq.
Demək olar ki, bir ailə şəraitində yaşayırıq. Əlamətdar
günləri, ad günü və bayramları birgə qeyd edirik.
- Otaqda səliqə-sahman işi və ya xörək bişirmək kimin
öhdəsindədir?
İsmayıl
(hər ikisi gülür):
- Bu işləri növbələşdiririk. Amma hərdən olur ki,
növbəmizə düşənləri də bəzi səbəblərdən edə bilmirik.
Belə olan hallarda bir-birimizi yola verməyi bacarırıq.
Xörək bişirmək işinə əsasən Orxan baxır. Mən isə
səliqə-sahman işini görürəm. Paltarlarımıza gəldikdə isə
hərə öz paltarını yuyur və ütüləyir. Bəzən
paltarlarımızı yuyulması üçün rayona da göndəririk.
Şükrlər olsun ki, yataqxana təmirdən yeni çıxıb, şəraiti
yaxşıdı. Otaqlarımız istidir və daim isti-soyuq suyumuz
var. İstənilən zaman hamamdan istifadə edə bilirik.
Bunun üçün rəhbərliyə xüsusi minnətdarlığımızı
bildiririk.
- Asudə vaxtlarınızı necə keçirirsiniz?
İsmayıl:
Demək olar ki, boş vaxtlarımız çox az olur. Həm işləmək,
həm də oxumaq çox çətindir. Düzdür, işə 3 gündən bir
gecə növbəsində gedirik, ancaq buna baxmayaraq,
dərslərimizi yaxşı oxumaq üçün çox çalışırıq. Nəzərinizə
çatdıraq ki, biz həm də universitetin Tələbə Gənclər
Təşkilatının fəal üzvlərindənik. Bu təşkilatla bağlı
müxtəlif tədbirlərdə yaxından iştirak etdiyimizə görə
demək olar ki, boş vaxtımız olmur. Ancaq çox az
hallarda da olsa, boş vaxtlarımız olur. Həmin anlarda
gəzməyə və ya idmanla məşgul olmağa, İnternetdən
istifadə etməyə daha çox üstünlük veririk.
- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
Orxan:
Universiteti bitirdikdən sonra hərbi xidmətə gedəcəm.
İnşallah qayıtdıqdan sonra ixtisasım üzrə yaxşı bir
mütəxəssis kimi dövlətimizə layiqli vətəndaş olmağı
düşünürəm.
İsmayıl:
Mən də cəmiyyətə yararlı ziyalı bir şəxs olmağı,
pillə-pillə hədəflərimə doğru addımlamağı düşünürəm.
Biz də Orxanla İsmayıla maraqlı söhbət etdiklərinə görə
təşəkkürümüzü bildirir, onlara gələcək həyatlarında
uğurlar arzulayırıq.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |