Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Türkiyə universitetlərində kompüter elmləri bölümü ilk dəfə mən qurmuşam

 

Dokuz Eylül Universitetində çalışan azərbaycanlı müəllimin təəssüratları 

Əfəndi Nəsibov 1962-ci ildə iyunun 26-da Gürcüstanda Borçalı mahalının İmirhəsən kəndində  anadan olub. Orta məktəbi bitirdikdən sonra 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə qəbul olunaraq Bakıda təhsilini davam etdirib. 1983-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunda əyani aspiranturaya qəbul olunub. Elmi axtarışlarını davam etdirmək üçün Moskvaya gedib və 1987-ci ildə dissertasiya müdafiə edərək riyazi kibernetika` üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. Elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda davam etdirib. Azərbaycan Dövlət Neft Akademiyasında, sonra Azərbaycan Respublikası Təhsil Nazirliyində şöbə müdiri vəzifələrində çalışıb. 2001-ci ildə elmi çalışmalar üçün Ege Universitetinə dəvət edilərək Türkiyənin İzmir şəhərində professor olaraq çalışmağa başlayıb. 2007-ci ildə dəvət üzrə Dokuz Eylül Universitetinin Statistika  bölümünə keçib.  

Türkiyənin Ege Universitetinə dəvət aldım 

2009-cu ildə Türkiyə universitetlərində kompüter elmləri bölümünü ilk dəfə mən qurmuşam. İki ildir ki, bu bölümə tələbə qəbul edirik. Yeni bir bölümün, xüsusilə də Türkiyədə ilk dəfə olan bir bölümün qurulmasına icazə verilməsi Azərbaycandan gəlmiş bir professora və dolayısıyla Azərbaycan elmi məktəbinə verilən qiymətin və göstərilən etimadın təzahürüdür.

Qeyd edim ki, Türkiyədə universitetlərin quruluşu bir qədər fərqlidir. Burada bölümlər tələbə qəbulundan tutmuş təhsil prosesinə qədər hər şeyi müstəqil olaraq planlaşdırırlar, Azərbaycan universitetlərindəki fakültələrə bənzərdirlər. Məsələn, bizim universitetin fənn fakültəsində riyaziyyat, fizika, kompüter elmləri, biologiya, statistika, kimya kimi bölümlər mövcuddur. Kompüter elmləri bölümü hər il təxminən 50 tələbə qəbul edir.

Dokuz Eylül Universiteti Türkiyədəki ən böyük və qabaqcıl universitetlərdən biridir. Universitetimizdə 60 mindən çox tələbə təhsil almaqdadır, 5 mindən çox işçi heyəti vardır.

Türkiyədə çox sayda master və doktor səviyyəsində tələbələr yetişdirmişəm. Bununla birlikdə Azərbaycan, İran və Malayziyadan olan tələbələrə doktorluq dissertasiyalarında rəhbərlik etmişəm. Elmi çalışmalarımız süni intellekt, intellektual verilənlər analizi, beyin siqnallarının və genetik informasiyanın analizi, ağıllı şəhər transport sistemləri kimi son dərəcə müasir sahələrdədir.   

Türkiyədə çox sayda universitetlə yanaşı, beynəlxalq elmi əlaqələr mənasında da bölümümüzün fəaliyyət sahələri genişdir. Amerika, Kanada, Almaniya, İspaniya, Rusiya, İran, Malayziya kimi ölkələrlə elmi əlaqələrimiz mövcuddur. Avropa və Amerika universitetləri ilə tələbə mübadiləsi edirik. Bauman adına Moskva Dövlət Texniki Universitetindən professor Valeriy Tarasovun qrupu ilə ağıllı sistemlər sahəsində elmi əlaqələrimiz vardır.  

Azərbaycanla sıx elmi əlaqələrim var 

Azərbaycanla elmi əlaqəm isə daimidir. Türkiyəyə getməmişdən əvvəl laboratoriya müdiri olduğum AMEA-nın Kibernetika İnstitutunda indi də elmi mövzulara rəhbərlik edirəm və illik hesabatlarda yer alıram. Bu günlərdə zəlzələlərin yerini və zamanını əvvəlcədən müəyyənləşdirə bilmək üçün Dokuz Eylül Universiteti ilə AMEA-nın Kibernetika İnstitutu arasında işbirliyi layihəsi hazırlayırıq. Bu layihədə Ankaradakı Təbii Fəlakətlər və Fövqəladə Hallar Başkanlığı (AFAD) da iştirak edir. Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyevin təklif etdiyi yeni elmi nəzəriyyədən istifadə olunaraq bu sahədə ciddi nəticələrin əldə edilməsini düşünürük.

Türkiyədəki Kompüter mühəndisləri bölüm rəhbərləri hər il, hətta bəzən ildə bir neçə dəfə Türkiyənin müxtəlif universitetlərində toplanaraq gələcək planlarımızı müzakirə edirik. Bu toplantılar Türkiyədə kompüter sahəsinin inkişafına istiqamət verməsi mənasında çox vacibdir. Bu günlərdə növbəti 27-ci toplantımızı Qafqaz Universitetinin dəvəti ilə Bakı şəhərində keçirdik. 50-dən çox bölüm rəhbəri bu toplantıda iştirak etmək üçün Bakı şəhərinə gəldi. Qafqaz Universitetindən başqa, Bakı Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində, AMEA-nın İnformasitya Texnologiyaları İnstitutunda toplantılarda olduq. Bu universitetlərin müvafiq sahədəki çalışanları ilə də müzakirələr aparıldı və əməkdaşlığımızın artırılması yolları müəyyənləşdirildi.

Xüsusilə qeyd etmək istəyirəm ki, Bakı şəhərindəki bu toplantılar çox yüksək təşkilatçılıq və qonaqpərvərlik şəraitində keçirildi. Bu səbəblə Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçə təşəkkür etməyi özümə bir borc bilirəm. Toplantıdan sonra Bakı şəhərini və ətrafını gəzmək fürsətimiz də oldu. Qubadakı Soyqırımı abidəsini ziyarət edə bildik. Bu abidə, gəzintidə iştirak edən hər kəsə indiyə qədər oxuduqlarımızdan və televizor ekranlarında gördüklərimizdən müqayisəolunmaz dərəcədə daha çox təsir bağışladı. Tariximizə sahib çıxaraq, gələcək nəsillərə ötürülməsi ücün əmək sərf edən hər kəsə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycanın müstəqilliyini qazandığı ilk illərdə həyat şəraitlərinin çətin olması nəticəsində bir çox elm xadimi xarici ölkələrə getmək məcburiyyətində qalmışdı. İndi düşünürəm ki, belə olması bəlkə də Azərbaycanın dünyaya açılması mənasında faydalı olmuşdur... 

Azərbaycanda həyata keçirilən böyük dəyişikliklər məni heyran etdi 

Son zamanlar Türkiyədəki işlərimin çox olmasına görə Bakıya az-az gələ bilirəm. Son dəfə keçən il Bakıda bir beynəlxalq konfransda oldum. Son illərdə Azərbaycanda həyata keçirilən böyük dəyişikliklər məni heyran etdi. Bütün nümayəndə heyətimiz də Bakı şəhərinə valeh oldu. Şəhərin bu gözəlliyi, toplantıların keçirildiyi məkanlar və təşkilatçılıq səviyyəsi bir azərbaycanlı olaraq məni çox qürurlandırdı. Artıq istər gözəlliyi və istərsə də beynəlxalq səviyyədə keçirilən tədbirlərə görə Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.

Son illərdə Azərbaycanın güclənməsinin dəyərini, yəqin ki, qürbətdə olan soydaşlarımız daha dərindən hiss etməkdədirlər. Çünki Azərbaycanın inkişafındakı hər addım olduğumuz yerlərdə başımızın daha uca, sözümüzün daha kəsərli olmasına səbəb olmaqdadır. Harada olursa olaq, özümüzü Azərbaycan müəllimlərinin bir nümayəndəsi hiss edirik. Bu hisslərimizi ölməz şairimiz Səməd Vurğunun unudulmaz sətirləri daha yaxşı ifadə edir: 

Hanki səmtə, hanki yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Azərbaycan, Azərbaycan...

 

Əfəndi NƏSİBOV,
professor, fizika-riyaziyyat elmləri doktoru,
Türkiyədəki Dokuz Eylül Universiteti fənn fakültəsi kompüter elmləri bölümünün rəhbəri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov