Bakı
şəhəri Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi
nümunəvi məktəbdənkənar tərbiyə müəssisəsidir. Burada
uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının
səmərəli və faydalı təşkili üçün hər cür şərait
yaradılıb.
Mərkəzin başlıca vəzifəsi hərtərəfli biliyə, bacarığa,
yüksək mədəniyyətə və intellektə malik olan və onu
daim inkişaf etdirən, müstəqil və yaradıcı düşünən,
yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik olan
gənclər yetişdirməkdir.
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 28 adda - "Milli
rəqs", "Bal rəqsləri", "Rəsm", "Şahmat", "Gənc
aktyorlar", "Çiçəyim" uşaq teatr studiyası, "Saz
çalanlar ansamblı", "Nağaraçalanlar ansamblı" və sair
kimi dərnəklər fəaliyyət göstərir.
Mərkəzdə uşaqların dünyagörüşlərinin formalaşdırılması,
məlumat dairələrinin genişləndirilməsi, asudə
vaxtlarının səmərəli və maraqlı təşkili, istedad və
qabiliyyətlərinin üzə çıxarılması məqsədilə müxtəlif
mədəni-kütləvi tədbirlər həyata keçirilir. Yaradıcılıq
mərkəzi 40 illik fəaliyyəti ərzində rayon, şəhər,
respublika səviyyəli uşaq tədbirlərində həmişə fəal
iştirak edib. Hətta beynəlxalq miqyaslı uşaq
tədbirlərində bu tərbiyə müəssisəsinin yetirmələri
Türkiyə, Amerika, Çexiya, Polşa, Rusiya, Ukrayna,
Belarus, Yaponiya, İngiltərə, Yunanıstan, Finlandiya,
İordaniya, Norveç, Hindistan, Sloveniya və sair
ölkələrdə keçirilən müsabiqə və sərgilərdə, festival və
bayramlarda çox böyük nailiyyətlər qazanaraq qızıl,
gümüş, bürünc medallar, diplom və fəxri fərmanlar əldə
ediblər. Növbəti uğurlarından biri də Çexiya
Respublikasında "Mənim ölkəmin adət və ənənələri"
mövzusunda keçirilən "Liditse 2013" 41-ci Beynəlxalq
uşaq rəsm müsabiqəsində qazanılıb. Bu uğura gənc
rəssamımız Elvina Nəbiyeva imza atıb. Həmin müsabiqəyə
rəsm dərnəyinin 46 üzvü milli adət və ənənələrimizi əks
etdirən rəsm işlərini göndərib.
Mərkəzin direktoru Lalə Qətinin sözlərinə görə, bu
günlərdə Çexiya Respublikasının Azərbaycandakı səfirliyi
tərəfindən mərkəzə məktub daxil olub. Məktubda
bildirilib ki, rəsm, rəngarlıq və qrafika nominasiyası
üzrə 4-16 yaş həddində olan uşaqlar arasında keçirilən
həmin müsabiqədə iştirak edən 16 yaşlı dərnək üzvümüz
Elvina Nəbiyeva qalib adını qazanıb. İstedadlı dərnək
rəhbəri Nərmin Abdullayevanın yetirməsi olan Elvinanın
adət və ənənələrimizə həsr etdiyi rəsm əsəri milli
koloriti, məzmunu, orijinallığı və rəng çalarlarına
görə müsabiqənin təşkilat komitəsinin diqqətini özünə
cəlb edib. Qaliblər sırasına daxil olub və gənc rəssamı
səfirlik təntənəli mükafatlandırma mərasiminə dəvət
edib.
Çexiyanın Azərbaycandakı səfirliyində qaliblərin
mükafatlandırılma mərasimi keçirilib. Beş azərbaycanlı
qalib tədbirdə iştirak edib. Səfir Radek Matula
qalibləri müsabiqədə qazandıqları uğurlara görə
təbrik edərək Elvina Nəbiyevaya fəxri fərman və hədiyyə
verib.
Qeyd edək ki, yaradıcılıq mərkəzinin yeni bir uğuru da
9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə respublika
məktəbliləri arasında "Bayrağımız qürur mənbəyimizdir"
mövzusunda keçirilən rəsm müsabiqəsində əldə olunub və
"Rəsm" dərnəyinin on üzvü həmin müsabiqənin qalibi
seçilib. Qaliblərə sertifikat və hədiyyələr təqdim
olunub.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |