Noyabrın 13-də Azərbaycan Texniki Universitetində (AzTU)
texnologiyaların ötürülməsi üzrə beynəlxalq treninqlər
başlamışdır.
AzTU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
treninqlərdə Azərbaycan Texniki Universiteti ilə yanaşı,
Odessa Çuma Əleyhinə Elmi-Tədqiqat İnstitutu, ARDNŞ-ın
Neftqazlayihə Elmi-Tədqiqat İnstitutu, Azərbaycan
Texnologiya Universiteti, AMEA-nın müxtəlif
elmi-tədqiqat institutlarının əməkdaşları iştirak
edirlər.
Bir həftə davam edəcək treninqlər əqli mülkiyyətin
qorunması, elmi kəşflərin və ixtiraların
patentləşdirilməsi, istehsalata tətbiq olunması,
beynəlxalq elmi layihələrin hazırlanması, yeni
texnologiyaların ötürülməsi məsələlərini əhatə
edəcəkdir.
Treninqlər başa çatdıqdan sonra bir ay ərzində həmin
mövzular üzrə distant təhsil həyata keçiriləcəkdir. Hər
bir dinləyiciyə mövzulara uyğun sertifikatlar
veriləcəkdir. Treninqlərin keçirilməsində Azərbaycan
mütəxəssisləri ilə yanaşı, Ukrayna Milli Texniki
Universitetinin nümayəndələri də iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və
Azərbaycan Texniki Universitetinin rektoru, professor
Havar Məmmədov dinləyicilər qarşısında çıxış edərək
beynəlxalq treninqin əhəmiyyətindən danışmışlar. |