Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Yubilyarlar

"Azərbaycan dilini auditoriyada öyrəndim"

 

Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova ilə söhbət 

13 noyabr 1958-ci ildə Bakı şəhərində doğulub. Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin məzunu, psixologiya elmləri üzrə fəlsəfə doktorudur. 1980-1990-cı illərdə Bakı Dövlət Universitetində psixologiya və pedaqogika kafedrasında, 1989-cu ildən  BDU-nun nəzdində "İnkişaf" Elmi-Praktik Mərkəzində aparıcı elmi işçi, 1993-cü ildən Bakı Avropa Liseyinin elmi rəhbəri, 2005-ci ildən direktorudur.  2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub. 2008-ci ildə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" adına layiq görülub. Ailəlidir, 2 qızı var.

* Hərdən mənə deyirlər ki, nə yaxşı cavan qalmısan. Deyirəm ona görə ki, mən uşaqlarla işləyirəm. Təhsil sahəsində görmək istədiyim layihələrə köklənəndə özümü 30 yaşında təsəvvür edirəm.

* Bizim bir məzunumuz var. Mən onun adını həmişə qürurla çəkirəm və ümid edirəm ki, o, gələcəkdə yəqin ki, Nobel mükafatı alacaq.

* Arzuladığım modeli təhsil sahəsində həyata keçirməyə nail olmuşam.

* Təhsil sistemi psixoloji yanaşma üzərində qurulmalıdır.

* Süfrəmin yeməyini hər gün özüm bişirirəm.  

- Zülfiyyə xanım, Bakı Avropa Liseyi hansı zərurətdən yarandı?

Böyütmək üçün şəkili seçin- 1989-cu ildə bizim təşəbbüsümüzlə universitetdə "yaradıcı istedad" respublika elmi-praktik mərkəz yarandı. Məqsəd istedadlı uşaqların seçilməsi, onların səviyyəsinə uyğun müvafiq təhsil modellərinin yaradılması idi. Bu mövzu məni çox maraqlandırdığından həmin yeni yaradılmış mərkəzə aparıcı elmi işçi kimi getdim. Bir il sonra, 1990-cı ildə Azərbaycan İstedadlar Assosiasiyası yarandı. Biz başladıq tədqiqatlar aparmağa. Bütün respublika üzrə istedadları axtarırdıq, qəzet vasitəsilə respublikada olimpiadalar təşkil edirdik. Mərdəkanda xüsusi düşərgələrimiz var idi. Uşaqları oraya aparıb iki ay ərzində xüsusi təhsilə hazırlayırdıq. Avropa Şurası ölkələrinin  xüsusi məktəbləri vardı. Avropa təhsili modeli onun əsasında  Azərbaycanda ilk dəfə 1990-cı ildə yaranıb. Liseyimiz  1991-ci ildə artıq  fəaliyyətə başladı. İstedadlı uşaqlar üçün ayrı-ayrı məktəblərdə siniflər təşkil olundu. Biz uşaqları psixoloji testlərin əsasında seçirdik. Məqsədimiz xüsusi istedadlıları tapıb üzə çıxarmaq idi. Biz Avropa Liseyində cəmi yarım il onlarla məşğul olduqdan sonra o uşaqlar artıq əlaçı olurdu. Onlar Avropa Liseyindəki mühitə bağlanır, bütün günü liseydə qalmaq, nə isə bir yenilik etmək istəyirdilər. Əvvəl biz 43 nömrəli məktəbdə, sonra isə 18 nömrəli məktəbdə yerləşdik.

- Liseydə tətbiq edilən yeni təhsil modelləri barədə...

- Əslində sualınızın cavabının da öz tarixçəsi var. Mən o zaman analıq məzuniyyətində idim. Qızımın bir yaşı olan günün səhəri Moskvaya çox maraqlı bir seminara getdim. Ora Sandra Kaplan da gəlmişdi. O, istedadlı uşaqların təhsili ilə bağlı dünyada ən məşhur alimlərdən biridir. Deyirlər ki, dünyada 8 nəfər qadın var ki, onlar müasir təhsilin üzünü dəyişiblər. Yəni, ən böyük yenilikləri onlar ediblər. Sandra Kaplan onlardan biridir. Çox istedadlı, çox maraqlı bir alimdir. Fənlərarası Təlim Proqramı ilə ilk dəfə Moskvada keçirilən seminarda tanış oldum. Başa düşdüm ki, bu, bizim istedadlı uşaqlarımız üçün lazım və vacib olan bir proqramdır, üstəlik də biz  istedadlı uşaqların təlimini gərək  birinci sinifdən başlayaq. Avropa Liseyində tədrisi yuxarı siniflərdən başlamışdıq, aşağı siniflər yox idi. Bakıya qayıdandan sonra yeni təlim modelini hazırlamağa başladım.

1992-ci ildə bu modeli yaradandan sonra 160 nömrəli məktəbin nəzdində bir il o proqramın pilotajını apardım. 1993-cü ildə artıq Təhsil Nazirliyi tərəfindən bizim model təsdiq edildi. Liseyə uşaqları birinci sinifdən seçib yeni proqramla öyrətməyə başladıq. Çalışırdıq ki, tətbiq etdiyimiz yeni model həm də Azərbaycana uyğun olsun. Cəmi iki il ərzində bizim yaradıcı istedadlar mərkəzi çox böyük bir iş gördü.

Bu il liseyimizdə Fənlərarası Təlim Proqramının tətbiqinin 20 illiyini keçirəcəyik. Bu, çox nadir bir proqramdır. Baxmayaraq ki, bu, XX  əsrin sonlarında yaranan bir proqramdır, ancaq alimlər bu proqramı XXI əsrin proqramı adlandırırlar. Çünki orada nəzərdə tutulan konsepsiyaların hamısı məhz bu günün tələblərinə cavab verir. Biz bu gün artıq deyə bilərik ki, bu proqram nəinki XXI əsrin birinci yarısının, həm də ikinci yarısının proqramıdır. Çünki ümumilikdə bugünkü təhsil bu proqramın tələblərinə cavab vermək üçün hələ çox addımlamalıdır. Mən fəxr edirəm ki, biz bu proqramı tətbiq etməyi bacardıq. Dünyada cəmi üç ölkə Fənlərarası Təlim Proqramını həyata keçirə bilib: Amerika, Rusiya və Azərbaycan. Bu, böyük bir nailiyyətdir.

- Bakı Avropa  Liseyini digər təhsil ocaqlarından fərqləndirən cəhətlər?

- Əslində bizdə hər şey fərqlidir. Tədris ili iki semestrdən ibarətdir. Qiymətləndirmədə 100 ballıq sistem tətbiq edilir. Sonradan mən bir bonus sistemi də icad etmişəm. Fənlər üzrə testlər ilk dəfə bizim liseydə başlanıb. Şagirdlərin, həmçinin müəllimlərin psixoloji testlərlə seçimi...

Əslində bütün  təhsil sistemi psixoloji yanaşma üzərində qurulmalıdır. Mən fəal təlim metodlarını fənlərarası təlim metodları ilə birlikdə 1993-cü ildən Bakı Avropa Liseyində  tətbiq etməyə başlamışam. Artıq iyirmi ildir ki, biz bu metodlarla işləyirik. Biz yalnız tədris prosesini yox, həm də məktəbdənkənar  fəaliyyətləri də tədrisin tərkib hissəsi hesab edirik. Azərbaycanda heç bir vaxt istifadə olunmayan bir iş usullarından istifadə edirik. Demokratik idarəetmə prinsipləri ilk dəfə bizdə tətbiq olunub. Liseyimiz dövlətin tədris ocağıdır və bizdə təhsil ödənişsizdir. Liseyin bugünkü səviyyəyə çatması heç də yalnız mənim zəhmətimin nəticəsi deyil, bu, bütün kollektivimizin gərgin əməyinin nəticəsidir. Həmçinin bizim işimizə dövlət səviyyəsində də dəstək göstərilir.

- Liseyin  məzunlarından ali təhsildən  kənarda qalan olmayıb ki?

- Müstəsna hallarda belə faktlar da olub ki, məsələn, hüquq fakültəsinə, ödənişliyə düşən məzun deyib ki, mən ödənişsizdə oxumaq istəyirəm. O məzun həmin il qəbul olunsa da, dərsə getməyib, növbəti il yenidən imtahan verib və istədiyinə nail olub. Bizim məzunlarımızı digərlərindən fərqləndirən əsas cəhətlər dünyagörüşlərinin zənginliyi, öz məqsədlərinə çatmaq uğrunda çox iddialı olmalarıdır. Bizim bir məzunumuz  var: Dayaq Şahkərimli. Mən onun adını həmişə qürurla çəkirəm və ümid edirəm ki, o, gələcəkdə yəqin ki, Nobel mükafatı alacaq. Hazırda Toronto Universitetinin tələbəsidir. Dayaq  xarici ölkədə o qədər uğurlu göstəricilərlə təhsil alır ki, artıq oradakı alimlərdən biri onu öz komandasına götürüb.   Biz liseydə şagirdlərimizə təlqin edirik ki, hansı sahədə işləsəniz də, siz lider olmalısınız. Azərbaycanı bütün dünyada yüksək səviyyədə təmsil etməlisiniz. Bizim liseyin şagirdi gərək mütəmadi oxusun, öz üzərində çalışsın.

- Xaricdə təhsil alan məzunlarınız bilik səviyyəsi cəhətdən digər ölkələrdən olan tələbə yoldaşları ilə ayaqlaşa bilirlərmi?

- Nəinki ayaqlaşırlar, əminliklə deyirəm ki, hətta onlardan irəlidə getməyi bacarırlar. 2005-ci ildə məzunumuz Mikayıl Qasımov bir ildə bir neçə universitetə qəbul edilmişdi. Seçim etdi və Harvard Universitetinə getdi. Təhsil aldığı universitet  elmi göstəricilərinə görə onu tam təqaüdə layiq gördü.

2008-ci ildə iki məzunumuz eyni sinifdən xarici ölkədəki eyni universitetə qəbul olundu və hər ikisi də seçdikləri universitetin tam təqaüdünə layiq görüldülər. Həmin universitetin rəhbərliyi  özü mat qalmışdı ki, universitetin tarixində hələ elə bir fakt olmayıb ki, eyni ölkədən, eyni məktəbdən, hətta eyni sinifdən olan iki məzunun ikisi də bilik səviyyəsinə görə tam təqaüdə layiq görülsün.

Məlumat üçün deyim ki, xarici ölkədə tam təqaüdün məbləği ildə 50 mindir.

- Bəzən deyirlər ki, istedadlı uşaqlar qeyri-adi xarakterə malik olur.

- Doğrudur. İstedadlı uşaqların o qədər psixoloji problemləri olur ki... Müəllim gərək şagirdinin ən incə problemlərini də duysun. Müəllim həm də psixoloq olmalıdır.

- Dərslik problemindən çox danışılır. Bu baxımdan liseydə vəziyyət necədir?

- Dərslik məsələsi çoxdan bizim lisey üçün problem deyil. Çünki müasir təhsil sistemində dərslik sözü heç istifadə olunmur. Təlim materialları deyilir. Biz tədris prosesində müxtəlif təlim materiallarından, vəsaitlərdən istifadə edirik. Bu da bir innovasiyadır ki, biz təkcə dərsliklə kifayətlənmirik. Əsas məsələ odur ki, biz şagirdlərimizi hansı məqsədə yönəltmək istəyirik.

- Elmə bu qədər həvəs...

- Bakıda, ziyalı ailəsində böyümüşəm. Anam həkim, atam isə çox məşhur bir geoloq-alim idi, akademiyada işləyirdi. Hələ sovet hökumətinin vaxtında heç kəs xarici ölkələrin yolunu tanımayanda atamı bütün ölkələr elmi tədbirlərə dəvət edirdilər. Atam o konfranslara tez-tez gedirdi.

Biz ailədə üç bacı idik. Üçümüz də ali təhsil aldıq. Amma çox təəssüf ki, böyük bacımı qəza nəticəsində erkən itirdik. Onda mən çox böyük stres keçirdim.

Həyat yoldaşım qaz sənayesində tanınan mütəxəssisdir. Böyük qızım Bakı Dövlət Universitetini qırmızı diplomla bitirib. Hazırda Avstriyada  Ziqmund Freyd Universitetində magistratura təhsili alır.

- Bakı Avropa Liseyinin həyatınızda yeri?

- Mən liseyin həm direktoru, həm də elmi rəhbəriyəm. Onu da deyim ki, elmi rəhbər olmaq mənim üçün direktor olmaqdan daha məsuliyyətlidir. Amma düzünə qalsa, mən özümü bu liseydə nə direktor, nə də menecer sayıram. Sadəcə aliməm. Bəlkə də alimliyi atamdan öyrənmişəm. Həmişə çalışıram ki, elm təcrübəyə bağlansın. Liseydə istifadə etdiyimiz təlim modelini hər zaman təkmilləşdirməyə çalışıram.

- Növbəti ad gününüz lap qapınızın astanasındadır...

- Mən builki ad günümü Küveytdə keçirəcəyəm. Ümumiyyətlə, ad günlərimi ancaq öz ailəmlə qeyd edirəm. Bircə dəfə, o da  50 illiyimdə çox yaxın çevrəmlə, yəni kollektivimizlə birlikdə ad günümü qeyd etmişik. Ad günlərimi təntənəyə çevirmirəm. Küveytə də ad günümə görə getmirəm. 2008-ci ildən başlayaraq beynəlxalq məsləhətçi kimi işləyirəm. Bu vəzifə çox məsuliyyətli və mürəkkəb işdir. Bir an belə unutmaq olmaz ki, gördüyün işlə yanaşı, həm də Azərbaycanı təmsil edirsən. Hər zaman işimlə sübut etməyə çalışmışam ki, bizim ölkəmizin vətəndaşları elmdə kimsədən fərqli pillədə deyil. Şagirdlərimə də bunu aşılamağa çalışıram. Bir il bundan əvvəl bizim bir şagirdimiz "Artek"in böyük bir uşaqlar liqasına prezident seçilmişdi.

Özümü şagirdlərimin müəllimi yox, onların vəkili hesab edirəm. Müəyyən layihələrim olur. Avropa Komissiyası, Asiya Bankı, Dünya İnkişaf Bankı ilə işləyirəm. Bəzən elə olur ki, işimlə əlaqədar getdiyim ölkələrdə beş ayacan qalmalı oluram. Amma liseydə o qədər gözəl komandamız var ki, onlar mənsiz də məktəbi çox yüksək səviyyədə idarə edirlər. Lisey böyük bir ailədir.

- Hansı dilləri bilirsiniz?

- Azərbaycan, rus, ingilis dillərini sərbəst bilirəm. Fəal təlim üzrə Azərbaycanda ilk kitabı mən yazmışam. Orta məktəbi və universiteti tamamilə rusdilli kimi bitirmişdim. İlk dəfə BDU-ya işə gələndə məni Azərbaycan bölməsinə dərs deməyə göndərdilər. Kafedra müdirimiz vardı - Əkbər Bayramov. O mənə dedi ki, sən dilimizi başqa cür sərbəst  öyrənə bilməyəcəksən. Get dərs de, öyrət, özün də öyrən. Mən də auditoriyada tələbələrimə dedim ki, psixologiyanı mən yaxşı bilirəm, Azərbaycan dilini də siz. Mən sizə psixologiyanı öyrədəcəm, siz də mənə Azərbaycan dilini. Elə də oldu. Azərbaycan dilini, demək olar ki, auditoriyada öyrəndim. Sonunda fəal təlim kitabımı  Azərbaycan dilində ərsəyə gətirdim.

- Öyrənənin uğuru öyrədənin fəxri deməkdir. Bu baxımdan yanaşsaq, fəxr etdiyiniz  neçə yetirməniz var?

- Bu günə kimi 600 nəfər ali təhsilli məzunumuz  olub, hazırda təhsil alanlarımızın da sayı 1000 nəfərdən artıqdır.

Liseyimizin məzunlarından ali təhsilli pedaqoq kimi bu gün bizimlə çiyin-çiyinə işləyənləri də var. Mən bundan çox qürur duyuram.

- Bəziləri  yaşının üstünə yaş gəlməyini ürəyinə salır...

- Hərdən mənə deyirlər ki, nə yaxşı cavan qalmısan. Deyirəm ona görə ki, mən uşaqlarla işləyirəm. Uşaqlar mənə elə enerji, elə ruh verir ki, yaşımın hara çatdığını düşünmürəm. Buna heç vaxtım da yoxdur. Təhsil sahəsində görmək istədiyim layihələrə köklənəndə özümü 30 yaşında təsəvvür edirəm. Hətta günü sabah dünyamı dəyişsəm belə mən dünyadan rahat gedərəm. Çünki istədiyim, arzuladığım modeli təhsil sahəsində həyata keçirməyə nail olmuşam.

- Ev işlərinə vaxtınız çatırmı?

- Xörək bişirmək mənim xobbimdir. Süfrəmin yeməyini hər gün özüm bişirirəm. Ev işlərini də çox həvəslə görürəm. Əslində evə ayırdığım hər bir an mənim istirahət vaxtım sayıla bilər. Çünki yorulmaq əvəzinə sanki dincəlir, rahatlanıram.

- Zülfiyyə xanım, müsahibəyə görə sağ olun. Sizin şərəfli işinizdəki uğurlu nəticələrdən biz də hər zaman qürur hissi keçiririk. Ad gününü harada keçirmək önəmli deyil, önəmli olan odur ki, yola saldığınız hər ad günündə sevdiyiniz, seçdiyiniz işinizin başındasınız. 

Ellada UMUDLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov