Noyabrın
8-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda ümumxalq bayramları -
Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr edilmiş
təntənəli yığıncaq keçirildi. İnstitutun
professor-müəllim heyətinin, Gənclər Təşkilatının
üzvlərinin qatıldığı tədbiri açıq elan edən rektor,
professor Asəf Zamanov iştirakçıları bayramlar
münasibətilə təbrik etdikdən sonra Dövlət himni
səsləndirildi.
Natiq çıxışına davam edərək vurğuladı ki, qürur
mənbəyimiz olan və hazırda başımız üzərində dalğalanan
bayrağımızın xalqımızın taleyi kimi keşməkeşli, lakin
şanlı tarixi vardır.
Bildirildi ki, 28 may 1918-ci il tarixdə Tiflis
şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi elan
olunduqdan sonra Gəncədə fəaliyyət göstərmək
məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyətinin
müvəqqəti hökuməti iyunun 24-də dövlət atributları
haqqında qərarlar qəbul etdi ki, onlardan birincisi
dövlət bayrağı ilə bağlı idi. Lakin Dövlət bayrağının
üzərindəki təsvirlər hökumət Bakıya köçdükdən sonra da
müzakirə mövzusu olaraq qalırdı. 9 noyabr 1918-ci ildə,
nəhayət ki, üç üfiqi göy, qırmızı və yaşıl rəngli
zolaqlardan ibarət, mərkəzində ağ aypara və səkkizguşəli
ulduz olan milli bayrağımız təsdiq edildi.
Diqqətə çatdırıldı ki, türkçülüyü, müasirləşməni və
islam sivilizasiyasına mənsub olduğumuzu təsdiqləyən bu
bayraq 28 aprel 1920-ci il çar Rusiyasının Azərbaycana
qarşı işğalçılıq yürüşlərinə qədər məmləkətimizin başı
üzərində dalğalandı. Sonrakı 70 ildə SSRİ-nin tərkibində
olarkən respublikamızda yeni sosial quruluşu özündə əks
etdirən və bir neçə dəfə dəyişikliklərə məruz qalan
Dövlət bayrağı qəbul edildi.
1990-cı ildə isə SSRİ-nin süqutu ərəfəsində uzun
illərdən sonra üçrəngli milli bayrağımız noyabrın 17-də
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin qərarı ilə
dövlət bayrağı kimi rəsmən elan edildi və Azərbaycan SSR
Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, üçrəngli,
ay-ulduzlu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul
edilsin. Ulu öndər Heydər Əliyev burada Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağını Dövlət bayrağı kimi rəsmən
elan etdi. O vaxt hələ Sovet İttifaqının dağılmasına bir
ildən də çox vaxt qalırdı. Bizim müstəqilliyə gedən
yolumuz o gündən başladı. Elə o vaxtdan da
Azərbaycanımızın işıqlı gələcəyinin təməli qoyuldu.
Professor Asəf Zamanov onu da vurğuladı ki, ulu öndər
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
möhtərəm Prezidentimiz İlham Əliyev də bu mühüm dövlət
atributu ilə bağlı taleyüklü qərarlar qəbul edib. O,
2009-cu il 17 noyabr tarixli sərəncamı ilə noyabrın
9-nu rəsmən Dövlət Bayrağı Günü elan edib.
2010-cu il sentyabrın 1-də isə Dövlət Bayrağı Meydanının
açılış mərasimi oldu. İndi bu meydanda dünyanın ən
hündür bayrağı dalğalanır. Dövlətimizin hər bir
uğurunun, hər bir qələbəsinin başı üzərində üçrəngli,
ay-ulduzlu bayrağımız dalğalanır. Hazırda dünyanın 70
ölkəsində Azərbaycanın müxtəlif statuslu diplomatik
nümayəndəlikləri üzərində də Dövlət bayrağı dalğalanır.
Əminik ki, tezliklə bu bayraq Xankəndi və işğal olunmuş
digər rayonlarımızın başı üzərində dalğalanacaq.
Natiq çıxışını daha bir bayramın tarixi ilə davam
etdirərək bildirdi ki, 12 noyabr - Milli
Konstitusiyamızın qəbul edildiyi gündür. Hər iki mühüm
dövlət atributunun qəbulunun bir həftəyə düşməsi
simvolik olduğu qədər də qanunauyğundur. Çünki onlar
bir-birini tamamlayırlar. Müstəqil və müasir
Azərbaycanın memarı olan ümummilli lider Heydər Əliyev
digər milli qürur günlərimizlə yanaşı, konstitusiya ilə
bağlı da milli maraqları rəhbər tutan mühüm qərarlar
qəbul etmişdir. Hələ 1978-ci ildə ölkəmiz Azərbaycan
SSRİ tərkibində olarkən yeni qəbul edilmiş Azərbaycan
SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi
yer almışdır. Müstəqillik dövründə isə 1995-ci ildə
Prezident Heydər Əliyevin rəhbərliyi altında yeni
konstitusiyanın hazırlanması ilə bağlı xüsusi işçi qrupu
yaradıldı və çoxsaylı müzakirələrdən sonra - 1995-ci il
noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan
Respublikasının yeni konstitusiyası qəbul edildi.
Sonrakı dövrdə ölkəmizin inkişafı ilə bağlı yaranan
zərurətlər nəticəsində Əsas Qanunda müvafiq
dəyişikliklər edildi.
Preambula, 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan
Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin əsas
qanunu kimi vətəndaşların həyat və fəaliyyətini
tənzimləyir. Demokratik dəyərlərə əsaslanan
konstitusiyamızda xalqımızın bütün hüquqları, o cümlədən
təhsil almaq hüququ geniş əks olunub. Təhsil sahəsinin
işçiləri kimi, biz Əsas Qanunun qarşımızda açdığı geniş
imkanların şahidiyik. Son dövrdə Prezident İlham Əliyev
cənablarının "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi
haqqında sərəncamı bu həqiqəti bir daha təsdiqləyir. Biz
də çalışacağıq ki, ölkə başçımızın bizim üçün yaratdığı
münbit şəraitdən faydalanaq, vətənimizə yeni-yeni
dəyərli töhfələr verək.
Sonra tədbirdə institutun professor-müəllim heyətinin
digər üzvləri çıxış edərək Dövlət bayrağı və
Konstitusiya kimi mühüm atributların hər bir Azərbaycan
vətəndaşının qürur mənbəyi olduğunu, gənc nəslin
vətənpərvərlik ruhunda formalaşmasında böyük rol
oynadığını vurğuladılar.
Tədbirin sonunda institutun Gənclər Təşkilatının üzvləri
də çıxış edərək hər iki bayram münasibətilə institut
kollektivini və xalqımızı təbrik etdilər.
BPKİYİ-nin Mətbuat xidməti |