Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Xaricdə təhsil alan tələbələrimiz

Mən özümü Azərbaycanın Koreyada kiçik bir səfiri hesab edirəm

 

Koreyada təhsil alan azərbaycanlı tələbənin təəssüratları

1990-cı ildə Bakı şəhərində anadan olub. 1996-1998-ci illərdə 46 nömrəli  orta məktəbdə təhsil alıb. 1998-2007-ci illərdə ailənin yaşayış yerini dəyişməsi ilə əlaqədar 153 nömrəli orta məktəbdə təhsilini davam etdirib. 2007-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Ali məktəblərə qəbul imtahanında I qrup üzrə 639 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis iqtisadiyyatı, beynəlxalq iqtisadi münasibətlər və menecment ixtisasına qəbul olunub. 2009-2013-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Koreya Respublikasının Decon şəhərində yerləşən KAİST-Koreya Qabaqcıl Elm və Texnologiyaları İnstitutunda kompüter mühəndisliyi üzrə bakalavr pilləsində təhsil alıb. KAİST İnstitutunda bakalavr pilləsindəki 2-ci ixtisası menecmentdir. 2013-cü ildə KAİST İnstitutunu müvəffəqiyyətlə bitirdikdən sonra Koreya Respublikasının paytaxtı Seul şəhərində yerləşən Koreya Universitetində Dövlət Proqramı çərçivəsində kompüter mühəndisliyi ixtisası üzrə magistr dərəcəsinə qəbul olunub. Hazırda təhsilini davam etdirir. 2013-cü ildə ailə həyatı qurub.

Orta məktəbi əla qiymətlərlə bitirmişəm və bir sıra fənn olimpiadalarında iştirak edib birinci və ikinci yerləri qazanmışam. Orta məktəb illərində dərslərimdən əlavə sosial və ictimai fəaliyyətlə məşğul olub, bir sıra tədbirlərdə iştirak etmişəm. Zənnimcə, şagirdin ən böyük uğuru orta məktəbi müvəffəqiyyətlə başa vurub yüksək balla ali məktəbə qəbul olub istədiyi sahədə təhsil almaqdır. Sevindirici haldır ki, mən bu uğura nail ola bildim və bu uğurda orta məktəb müəllimlərimin əməyi əvəzsizdir.

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesini yüksək qiymətləndirirəm. Həmişə olduğu kimi, seçim prosesi ədalətli keçirildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin təyin etdiyi yeni təhsil naziri Mikayıl Cabbarovun başçılığı altında 2013-2014-cü tədris ili üçün keçirilən tələbələrin seçim prosesi üç mərhələdən ibarət idi. Qeyd edim ki, müsabiqəyə qatılmaq üçün ilk mərhələ elektron ərizə formasını doldurmaqdır. Növbəti mərhələdə isə tələbələr sənədlərini müvafiq vaxtda Təhsil Nazirliyinə təqdim edirlər. Müsabiqənin ikinci mərhələsini uğurla keçən tələbələr son mərhələyə - müsahibəyə dəvət olunurlar. Müsahibə ingilis dilində bir neçə münsif heyəti tərəfindən həyata keçirilir. Bu mərhələdə uğur qazanan tələbələrimiz "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində daxil olduqları ali məktəblərdə təhsillərini davam etdirirlər.

Böyütmək üçün şəkili seçinXarici ölkədə təhsil alan bir gənc kimi bu imkandan yararlandığıma görə çox sevinirəm. Qeyd etməyi özümə borc bilirəm ki, cənab Prezidentimiz İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Prezidentimizin prioritet tutduğu məsələlərdən biri neft kapitalını insan kapitalına çevirməkdir və bu istiqamətdə çox mühüm işlər görülür. Nəinki mən, hətta təhsil aldığım təhsil ocağının professor və tələbə heyəti də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" haqqında eşidəndə Azərbaycanın zəngin bir ölkə olmasından, inkişafından, Prezidentimizin təhsilə və gənclərə göstərdiyi xüsusi qayğıdan söhbət açırlar.

Hazırda Koreya Respublikasının paytaxtı olan Seul şəhərində yaşayıram və oxuyuram. Seul 10 milyondan çox əhalisi olan bir meqa şəhərdir. Bu gün Seul aparıcı və sürətlə inkişaf edən qlobal şəhər hesab edilir və 2012-ci ildə Tokio, Nyu-York və Los-Ancelesdən sonra dünyada 4-cü yeri tuturdu. Texnologiya tərəfdən Koreya Respublikası dünya bazarında özünü sübut edib və Samsung, Hyundai, KİA, LG, DAEWOO kimi böyük şirkətlər bunun bariz nümunəsidir.

Tələbə həyatım olduqca maraqlı və eyni zamanda da çətindir. Günümün çox hissəsini laboratoriyada öz elmi işimi araşdırmaqla keçirirəm. Qalan vaxtlarda isə dərslərimlə məşğul oluram. Xaricdə yaşayan həmyerlilərimizin əsas məqsədlərindən biri də Azərbaycanı dünyada tanıtmaqdır. Mən özümü Azərbaycanın Koreyada yaşayan kiçik bir səfiri hesab edirəm. Mütəmadi olaraq keçirilən tədbirlərə qoşuluram və fürsət düşən kimi Azərbaycanı yüksək müstəvidə  təqdim etməyi özümə borc bilirəm. YUNESKO-nun təşkil etdiyi CCAP(Cross Cultural Awareness Program) proqramı ilə Koreyada yaşayan əcnəbi vətəndaşlar öz ölkələrini Koreyanın orta  məktəblərində təqdim edirlər və mən də dəfələrlə bu proqramda iştirak etmişəm.

Asudə vaxtlarımda azərbaycanlı və əcnəbi dostlarımla görüşür, müxtəlif tədbirlərdə iştirak edirəm, mütaliə edirəm və öz hobbimlə məşğul oluram. Əsas hobbim foto şəkillər çəkməkdir və bundan zövq alıram. Həmçinin asudə vaxtlarımda Koreya dilini daha yaxşı mənimsəməyə çalışıram.

Koreya Respublikasında hazırda 70-dən artıq tələbə təhsil alır. Biz Azərbaycan diasporası ilə sıx əməkdaşlıq edib, Azərbaycan həqiqətlərinin dünyaya yayılması məqsədi ilə mütəmadi tədbirlər keçiririk. Koreya Respublikasında BUTA adlanan Koreya Tələbə Təşkilatı fəaliyyət göstərir. 2012-2013-cü illərdə BUTA-nın idarə heyətində yer alırdım. Elə həmin ildə də bir çox maneələrə baxmayaraq, "Xoca" filmini Koreya Respublikasının Decon şəhərində yerləşən KAİST İnstitutunda koreyalılara və orada təhsil alan əcnəbi tələbələrə nümayiş etdirdik. Bundan əlavə hər il keçirilən ölkələrarası "Food festival"da iştirak edib ölkəmizi layiqincə təmsil edirik.

Uşaqlıq vaxtımdan mənim arzum alim olmaq idi. Lakin bir çox yaşıdlarımın ilkin arzuları pilot, musiqiçi, müəllim, həkim və s. kimi peşələrə yiyələnmək olduğu üçün mənim arzum onlara qəribə gəlirdi. Hər kəs öz həyatını müəyyən prinsiplər üzərində qurur və mənim ən əsas həyat prinsipim qoyduğum məqsədə doğru irəliləməkdir. İnanıram ki, mən öz məqsədimə dövlətimizin və valideynlərimin dəstəyi ilə nail olacağam və qazandığım bütün biliklərimi vətənimin tərəqqisi naminə sərf edəcəyəm. Hər bir Azərbaycan gəncinə qarşısına qoyduğu bütün məqsədlərə müvəffəqiyyətlə çatmağı arzu edirəm. 

Elxan CABAROV,
Cənubi Koreyanın Koreya Universitetinin tələbəsi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov