Noyabrın
8-də Təhsil Problemləri İnstitutunun Kurikulum
Mərkəzində "Fənn üzrə məktəb kurikulumu" mövzusunda
seminar keçirildi. Tədbirdə Təhsil Problemləri
İnstitutunun direktoru Qulu Novruzov, Təhsil
Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Kurikulum
Mərkəzinin direktoru Ənvər Abbasov, beynəlxalq
məsləhətçi Aleksandr Krisian, institutun
professor-müəllim heyəti, pedaqoji kadr yetişdirən ali
təhsil müəssisələrinin alimləri, qabaqcıl məktəb
rəhbərləri və kurikulumların hazırlanmasında iştirak
etmiş işçi qruplarının nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri
İnstitutunun direktoru Qulu Novruzov respublikamızda
gedən təhsil islahatından danışaraq bu sahədə çox böyük
nailiyyətlər əldə olunduğunu bildirdi. Azərbaycan
təhsilinin dünya təhsil sisteminə uğurla inteqrasiya
etdiyini nəzərə çatdıran Q.Novruzov qeyd etdi ki, bir
çox islahatlar kimi kurikulum islahatı da mərhələli
şəkildə həyata keçirilir. Kurikulumun yerlərdə səmərəli
şəkildə tətbiq edilməsinin vacibliyi vurğulandı.
Tədbirdə Kurikulum Mərkəzinin İbtidai təhsilin
kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova "İbtidai
təhsil səviyyəsində fənn üzrə məktəb kurikulumunun
hazırlanması" mövzusunda təqdimat etdi. Təqdimatda fənn
üzrə məktəb kurikulumunun hazırlanmasını zəruri edən
səbəblərdən danışıldı. Məktəb kurikulumunun strukturu və
məzmunu barədə məlumat verildi. Sonra bir fənn üzrə
(həyat bilgisi, I sinif) məktəb kurikulumu nümayiş
etdirildi.
Kurikulum Mərkəzinin Ümumi orta və tam orta təhsilin
kurikulumu şöbəsinin müdiri Akif Əliyev təqdimatla
çıxış etdi. "Ümumi orta və tam orta təhsil səviyyəsində
fənn üzrə məktəb kurikulumu" mövzusunda təqdimatda
iştirakçılar ümumi orta təhsil səviyyəsində tədris
edilən fənlərin kurikulumu və onun xüsusiyyətləri ilə
tanış oldular.
Beynəlxalq məsləhətçi Aleksandr Krisian seminarda çıxış
edərək sənədin əhəmiyyəti və onun daha da
təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini
söylədi.
Sonra Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov
çıxış edərək kurikulum islahatının əhəmiyyətindən
danışdı, tövsiyələrini bildirdi. Məktəb kurikulumunun
mahiyyəti və məzmunu barədə geniş məlumat verdi.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |