Yaponiyanın
"Tokyo Boeki Technology Ltd" şirkətinin prezidenti
Kazuey Uçida, satış və marketinq şöbəsinin direktoru
Keiji Takigawa, şirkətin Ukrayna ofisinin direktoru
Aleksey Şpak və mühəndisi Vitaliy Tinkov Bakı Dövlət
Universitetində olublar. Qonaqlar BDU-nun Nano
araşdırmalar laboratoriyasına baş çəkib və "Tokyo Boeki
Technology Ltd" şirkətindən alınmış cihazların hazırkı
vəziyyətləri ilə tanış olublar. Nano araşdırmalar
laboratoriyasında professor Məmmədəli Ramazanov
cihazların texniki vəziyyəti və bu cihazlar vasitəsi ilə
aparılan tədqiqatlar barədə onlara ətraflı məlumat
verib.
Sonra qonaqları BDU-nun rektoru, akademik Abel
Məhərrəmov qəbul edib. Görüşdə Bakı Dövlət
Universitetində elektron mikroskopunda işləmək üçün
treninq mərkəzi yaratmaq, gələcəkdə müxtəlif sahələrdə,
materialşünaslıq, nanotibb, nanotoksikologiya və
neftçıxarmada nanotexnologiyanın tətbiqi
istiqamətlərində danışıqlar aparılıb və razılığa
gəlinib. Qeyd edilən istiqamətlərdə treninqlər aparmaq
üçün Yaponiyanın nüfuzlu şirkət və universitetlərindən
mütəxəssislərin, professorların dəvət olunması üçün
müzakirələr aparılıb.
BDU-nun bilikli və bacarıqlı tələbələrinin elmə
həvəsinin artırılması məqsədi ilə "Tokyo Boeki
Technology Ltd" şirkətinin xüsusi təqaüdünün verilməsi
qərara alınıb. BDU-da təbiət elmləri istiqamətində elm
muzeyinin, innovasiya texnologiyalarının elektron
nümayişi üçün xüsusi sahənin yaradılması məsələləri,
skanedici elektron mikroskopunun daha geniş imkanlarla
işinin təmin edilməsi və nümunələrin tədqiqata
hazırlanması məqsədilə xüsusi qurğunun alınması barədə
də razılıq əldə edilib.
BDU-nun Mətbuat və informasiya şöbəsi |