Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov YUNESKO-nun Baş Konfransının 37-ci sessiyasında
iştirak etmək məqsədilə Fransanın paytaxtı Paris
şəhərinə işçi səfər etmişdir.
Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov 8
noyabr tarixində Azərbaycan Respublikası adından çıxış
etmişdir. Təhsil naziri çıxışında Azərbaycanla YUNESKO
arasında inkişaf etməkdə olan əlaqələr, mövcud
əməkdaşlığın gələcək inkişaf perspektivləri və bu ilin
18 iyul tarixində Azərbaycanla YUNESKO arasında
imzalanmış "Təhsil, elm, mədəniyyət və kommunikasiya
sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi"nin
ikitərəfli münasibətlərimizin genişlənməsinə böyük töhfə
verdiyini qeyd etmişdir. Nazir Azərbaycan-YUNESKO
əməkdaşlığının hazırkı inkişaf mərhələsinə çatmasında
Azərbaycan Respublikasının birinci xanımı Mehriban
Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
xüsusi rolunu vurğulamışdır.
Təhsil naziri Mikayıl Cabbarov Ermənistan tərəfindən
Azərbaycan ərazilərinin işğalının təhsil, elm və
mədəniyyət sahəsində mənfi nəticələrə səbəb olduğunu və
bu işğalın YUNESKO-nun tərəfdar çıxdığı prinsip və
dəyərlərə zidd olduğunu tədbir iştirakçılarının
diqqətinə çatdırmışdır.
Səfər çərçivəsində Mikayıl Cabbarov Türkiyənin milli
təhsil naziri Nəbi Avcı və digər rəsmi şəxslərlə
ikitərəfli işgüzar görüşlər keçirmişdir.
Qeyd edək ki, YUNESKO Baş Konfransının 37-ci
sessiyasında sözügedən təşkilatın Təhsil Komitəsində
məruzəçi vəzifəsi Azərbaycan Respublikasına həvalə
olunmuşdur. |