Noyabrın 4-də Bakı şəhərindəki 3 nömrəli uşaq evinə
xeyli qonaq - böyüklər və uşaqlar toplaşıb. Bu görüş iki
yeni sinfin - rus dili və təsviri sənət siniflərinin
rəsmi açılışı ilə əlaqədar olaraq keçirilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM)
mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, yeni dərs
ilinin başlanması münasibətilə "Rossotrudniçestvo"
agentliyinin və RİMM-in Bakı şəhərindəki
nümayəndəliyinin əməkdaşları uşaq evində rus dili və
təsviri sənət üzrə xeyriyyə məşğələləri təşkil ediblər.
RİMM-in ən yaxşı müəllimləri - Südabə Abbasova və
Münəvvər Muxtarova bu fənləri təmənnasız tədris etməyi
öhdələrinə götürüblər.
Uşaq evində xüsusi siniflərin olmadığını nəzərə alaraq
"Rossotrudniçestvo" agentliyinin nümayəndəliyi onlara
hər cür lazımi avadanlıq təqdim edib. Bakıdakı "Sənin
kitab evin" mağazasının direktoru Zaur Niftiyev könüllü
olaraq bu işə qoşulub.
Bayram çox gözəl keçib. Qonaqlar və ev sahibləri yeni
siniflərə baxıblar, hamı çox razı qalıb. Görüşdə iştirak
edən mütəxəssislər bildiriblər ki, dərs otaqları
müasirdir və fənləri mənimsəməkdə uşaqlara kömək
edəcəkdir.
Uşaq evinin direktoru Məhbubə Hüseynova Azərbaycan
dilində danışıb, müəllim Südabə Abbasova isə tərcüməçi
rolunda çıxış edib. Direktor deyib: "Biz uşaqlar üçün
rus dilinin, rəsmin tədrisini təşkil etməyi çoxdan
arzulayırdıq. Arzumuz həyata keçdi. Kollektivimizə
göstərilən diqqətə görə Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxinə və "Rossotrudniçestvo"nun
nümayəndəliyinə təşəkkür edirik".
Sonra bayram konserti olub. Konsertdə uşaq evinin
yetirmələri və onların qonaqları - Bakı şəhərindəki 145
nömrəli məktəbin şagirdləri iştirak ediblər. "Böyük
şəxsiyyətlər böyük rus dili haqqında" mövzusunda ədəbi
kompozisiya, rus və Azərbaycan xalq rəqsləri, digər
xalqların rəqsləri ifa olunub.
Bayram başa çatdıqdan sonra "Rossotrudniçestvo"nun
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov
deyib: "Uşaq evinin kollektivi ilə çoxdan dostluq
edirik. İlin əvvəlində onlar Bakıda keçirilən böyük
beynəlxalq festivalda Rusiya Federasiyası xalqlarının
mədəniyyətini təmsil ediblər. Gənc dostlarımız o zaman
layiq olduqları birinci yeri tutublar. İndi də rus
dilinin öyrənilməsinə böyük maraq göstərirlər". |