Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

"Bircə tez böyüsəydim, anama, qardaşıma sahib çıxardım"

 

Bakıdakı 2 nömrəli uşaq evinin sakini Corc Qafarovla söhbət

Mən onu efirdə çox görmüşəm. Yaratdığı rollarda yaşından böyük təmkini ilə daha çox qalıb yaddaşımda. Ürəyimdə ad da qoymuşam ona: "Anadangəlmə aktyor". Tez-tez və ən müxtəlif janrlarda çəkilən bir çox filmlərdə rol aldığından, düzü, hər dəfə onu efirdə görəndə, aradabir "Allah bilir kimlərdəndi, indidən uşağı məşhurlaşdırmaq istəyirlər" gümanına düşdüyüm vaxtlar da olub. Üç gün əvvələ qədər... Üç gün əvvəl. Uşaq evlərindən birindəyəm. Müdir Sevda xanımdı. Qonağı olmasına baxmayaraq, məni də qəbul edib dinləyir və hazırlayacağım  müsahibəmin baş tutması üçün qısa zamanda qəhrəmanımı otağa çağırıb təqdim edir: "Tanış olun, bu bizim Corcdur, dövrümüzün məşhur aktyoru". Uşaq evinin geniş zalında oturub Corcu dinləyirəm. Dinlədikcə də mənə elə gəlir ki, fikirləri, düşüncələri baxımından Corc 16 yaşını tamam etmiş yeniyetmə yox, dünyanın halından baş çıxaran müdrik, pirani bir ağsaqqaldır. 

"Uşaqlıq illərimlə bağlı qaranlıq məqamlar çoxdur" 

-Adım, soyadım şəxsiyyət vərəqimdə belə yazılıb: Qafarov Corc Veydi oğlu. 2005-ci il yanvarın  6-dan, yəni, ikinci sinfin yarısından buradayam. Sənədlərə inansaq, 1996-cı il fevralın 24-də Latviyada doğulmuşam. Anam Qafarova Leyla İbrahim qızı azərbaycanlıdı, Bakının Keşlə kəndindəndi, atam isə latviyalıdı. Atamla anamın necə, harada tanış olduqları barədə məlumatım yoxdu, bildiyim odur ki, anam vaxtilə geyim üzrə model olub, işi ilə əlaqədar Latviyaya gedib. Orada atamla anam tanış olub və rəsmi ailə qurublar. O ailədə iki oğlan  uşağı - qardaşım və mən doğulmuşuq. Qardaşım da burada qalır, adı Jerardır. Beşinci sinifdə oxuyur. Jerar 15 yanvar 2000-ci ildəndir.

- İkinizi də buraya eyni vaxtda gətiriblər?

- Xeyr. Qardaşım  əvvəlcə azyaşlı  kimsəsiz nevroloji xəstə uşaqlar üçün nəzərdə tutulan  körpələr evində olub. Onun oraya  neçə yaşından verildiyini dəqiq xatırlamıram. Mən buraya gətiriləndən sonra Sevda ana ("Uşaq evi"nin müdiri) biləndə ki, hansısa körpələr evində qardaşım var, onun da buraya göndərilməsi üçün çox zəhmət çəkdi və axırda bizi qovuşdurdu. 

Atamla ailə həyatının nə səbəbdən uğursuz olması haqqında anam mənə heç vaxt, heç nə danışmayıb. Valideynlərim biz çox kiçik olanda ayrılıblar və anam bizi də götürüb Azərbaycana qayıdıb. Bir daha atamla heç bir əlaqəmiz olmayıb. Atam heç xatırıma gəlmir. Ümumiyyətlə, keçmişim, daha dəqiqi, uşaqlıq illərimlə bağlı bilmədiyim şeylər çoxdu. Ehtimal edirəm ki, anamın həm sənəd məsələsində, həm də maddi cəhətdən  problemləri çox olub. O səbəbdən də biz bir daha atamın yanına  qayıda bilməmişik. Görünür, o da bizi heç axtarmayıb. İndiyə qədər də axtarmır. Bu günədək mən kimsəyə ata deməmişəm. Amma ürəyimdə bu kəlmə ilə bağlı tək bir istəyim var ki, onun qarşısını almaqda acizəm: Bircə dəfə atamı görüm, tanıyım, heç olmasa bilim ki, atam kimdi, nəçidi?

- Ünvanını bilsən, gedib onu taparsan?

- İnnən belə bizi hansısa təsadüf görüşdürərsə, bu başqa məsələ. Amma özüm getmərəm, onu daha axtarmaram.

- Ana tərəfdən olan qohumlardan tanıdığın varmı?

- Ana nənəm deyilənə görə Keşlədə yaşayırdı, artıq rəhmətə gedib. Ana babam da bu il yanvarda Hövsanda dünyasını dəyişdi. Bildiyimə görə dayım, xalalarım var. Çəkildiyim filmlərdə məni görüb kim olduğumu biləndən sonra qaldığım yeri axtarıb tapmış, yanıma gəlmişdilər. Qəbul etmədim..

- Niyə?

- İndi bundan sonra onlar da daha lazım deyil mənə. Əgər vaxtında iki uşaq qoltuğunda ata evinə pənah gətirən qızlarını qəbul etsəydilər, bəlkə də biz  başqa bir taleni yaşayacaqdıq. Bu gün yer üzündə doğma adamım bir anamdı, bir də qardaşım. Anam da ruhi xəstədir. Onun maddi vəziyyəti imkan vermir ki, bizi buradan çıxarıb özü saxlasın. Ancaq yenə də unutmur, hərdən gəlib-gedir yanımıza.  Əslində, burada qalmaq bizə daha yaxşıdır. O cəhətdən ki, daha küçədə, sərgərdan, kimsəsiz deyilik. Məktəbdən, təhsildən  yayınmamışıq. Yemək dərdi, paltar dərdi, kimsəsizlik dərdi  çəkmirik. Ən başlıcası dövlət boyda sahibimiz var.

- Ananın neçə yaşı var?

- Əlli bir. Anam atamdan ayrılandan sonra xəstəliyə tutulub. Yəqin ki, ailəsi dağıldığına görə streslərə dözməyib.  

"Anam, qardaşım üçün bir xoş güzəran yaratmaq xəyallarıyla yaşayıram"  

- Hansısa bir bayramda, yaxud ad günlərində anan gəlib sizi aparmır ki?

- Yox, axı bu, mümkün deyil. Anamın maddi vəziyyəti çox aşağı, özü də ruhi xəstə. O bizi özü ilə hara apara bilər? Hərdən deyirəm ki, bircə tez böyüyəydim, anama, qardaşıma sahib çıxaydım. Öz evim, işim, imkanım olaydı, ailəmi yığaydım bir yerə... bəlkə onda ağ gün görsə, anam da sağalardı... Hər bir qadının xoşbəxt olmaq haqqıdır. Mən istərdim ki, atamın verə bilmədiyi xoşbəxtliyi bir övlad kimi anama mən verim. Əgər əlimdə olsaydı, heç yol verməzdim ki, anam elə xəstələnsin. Amma nə edim ki, mən onda çox uşaq olmuşam.

İndi mən anam və qardaşım üçün bir xoş güzəran yaratmaq xəyallarıyla yaşayıram, çalışıram.

Heç vaxt anamı mühakimə etməmişəm. Vaxt olub ki, düz iki il küçələrdə qalmışam, tək-tənha. Qalmağa yerim-yurdum olmayıb. Orda-burda bir daldalanacaq tapıb gecələri səhər etmişəm. Mənim kimi kimsəsiz uşaqların başına min cür faciə gəlirdi... Məni də, qardaşımı da  Allah qoruyub.  Məni küçədən qoparıb əvvəlcə "Ümid evi"nə götürdülər. Ora da yaxşı yer idi. İki il yaşadım "Ümid evi"ndə.

- Deyirsən ki, iki iləcən küçələrdə qaldım. Bəs onda anan, qardaşın harada idilər?

- Anamla qardaşım  kirayə qalırdılar. Heç nəyə imkanları çatmırdı. O dönəmdə  anamın xəstəliyi get-gedə şiddətlənib öz məcrasından çıxdı, nəzarətsiz qalan qardaşım da kimsəsiz uşaqlar üçün nevroloji dispanserə düşdü. Onda mənim də dəcəllik edən vaxtlarım idi. Beş-altı yaşı olan uşaq nə başa düşür ki, nə nədi? Səhər açılandan axşama kimi kim nə buyursa, işləyirdim. Bir tikə boyumla axşamacan fəhləlik edirdim. Axşam düşəndə də harda gəldi, bir yer tapıb gözümü yumurdum. Onda çox  balacaydım. Təhsildə də artıq geri qalmışdım, irəliləmək mənimçün çətindi. "Uşaq evi"nin, daha dəqiqi, dövlətimizin bizə sahib çıxmağı Jerarın da, mənim də həyatımızı yaxşılığa doğru tamam dəyişdi. Şükür Allaha, biz o miskin həyatdan uzaqlaşdıq. İndiki vəziyyətimizdə normal həyatımızı yaşayırıq.

Siz məni bağışlayın, bilirsiz nə düşünürəm? Əgər mən ailə başçısı olsaydım, nə olur-olsun ailəmi, uşaqlarımı atmazdım. Mən ki heç bir kitaba sığmayan əzabları, çətinlikləri çəkmişəm, sonra da bəxt üzümə gülüb, gəlib bu yerə çatmışam,  indi hər addımımı atanda da yüz ölçüb bir biçirəm. Çünki səhv etməyə haqqım yoxdur. Cəhd edirəm ki, heç nədə səhvim olmasın.

- Hansı dilləri bilirsən?

- Özüm Azərbaycan bölməsində oxuyuram. Rus dilini bilirəm, yəni normal səviyyədə bu dildə ünsiyyət qurmağı bacarıram. İngilis dilində oxuyuram, test edə bilirəm. Kompüterdən yaxşı başım çıxır.

- Buradakı uşaqların günü necə başlayır, necə bitir?

- Səhər yuxudan dururuq, yemək yeyib dərsə gedirik, dərsdən sonra məşğələlər olur. Burada çalışırlar ki, kimin bacarığı hansı sahəyədirsə, uşağı o istiqamətə yönəltsinlər. Kənardan uşaq evinin adını eşidənlər, bura bələd olmayanlar elə bilirlər ki, uşaq evində yaşamaq uşaqlar üçün çətindir. Mən özüm də bir zamanlar elə fikirləşirdim. Amma gəlib mühiti görəndən sonra buraya ürəkdən bağlandım. Onu da deyim ki, buradakı uşaqların, qızlı-oğlanlı hamısını bir-birinə bacı-qardaş münasibəti ruhunda tərbiyə edirlər. Biz buradakı uşaqlarla çox mehribanıq, bir-birimizə qaynayıb qarışmışıq. 

"İlk dəfə "İlahi məxluq" filmində baş rolda çəkildim"  

- Sevda müəllim dedi ki, səni bir neçə dəfə filmə çəkiblər...

- Əslində, filmə çəkilməyimin tarixçəsi belə oldu. İlk  filmə çəkilənə  qədər rəqs dərnəyində çıxış edirdim. Efirdə də bizim rəqs qrupumuzu ara-sıra göstərirdilər. Rəqs  qrupunda həm milli, həm də xarici rəqsləri mükəmməl ifa etməyi, üstəlik nağarada çalmağı da  öyrənmişdim.  Bir gün növbəti rəqs məşqindəydik. Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasından  rejissorlar gəlmişdilər ki, filmdə çəkilmək üçün bizim sıramızdan uşaq seçsinlər. Düzünü desəm, heç istəmirdim ki, məni seçsinlər, etiraz edirdim. Rəqs müəllimim dedi ki, keç qabağa, səni yüz faiz seçəcəklər. Rejissor Yavər Rzayev sınaq üçün mənim də şəklimi  çəkdi. Ondan sonra kino aləminə aparan yolun qapıları üzümə taybatay açıldı. Bir çox filmlərdə çəkildim.  Həmin filmlər vaxtaşırı kanallarda nümayiş etdirilir. Yaşda məndən böyük olsa da, indi Yavər Rzayevlə də çox yaxın dostuq. Ümumiyyətlə, sənət adamları sırasında çoxlu dost-tanışlarım var.

İlk dəfə  2007-ci ildə "İlahi məxluq" bədii filmində baş rolda - İsmayıl obrazında çəkildim. Bu filmdə tərəf-müqabillərim tanınmış, özünü sənətdə çoxdan təsdiq etmiş aktyorlar idi. Məsələn, Nurəddin Mehdixanlı, Münəvvər Əliyeva, Vəfa Zeynalova və başqaları.

İkinci rolum yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilmiş "Dolu" bədii filmindəki "qeyrət dağarcığı" - 15 yaşlı könüllü əsgər Qeyrət obrazı olub. "Dolu"nun rejissoru Elxan Cəfərovdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə də məni bir neçə filmə çəkiblər.

Nadir Diridağlının "Tək olanda qorxma", daha sonra "Mosfilm"in xaricilərlə birgə istehsalı olan "Baku, ya tebya lyublyu" filmində çəkilmişəm. Hazırda rejissor  Asif Abramovun "Qisas" serialında baş rolda - Əhməd obrazında çəkilirəm. Bu film "Lider" kanalında yayımlanır.

- Filmə çəkilmək tanınmaq istəyidi, yoxsa maddi maraq?

- Hər ikisi. İlk dəfə çəkildiyim filmdən mənə 7 min manat qonorar yazıldı. Çəkilişində iştirak etdiyim  filmlərin hamısında təbii ki, mənə də qonorar yazılır. Ancaq həmin pullar məktəbli olduğum üçün hələ ki nəqd şəkildə əlimə verilmir,  şəxsi hesabıma yatırdılır. Bu isə mənim gələcək həyatım üçün böyük bir stimuldur. 

"Dərslərimə ciddi yanaşıram" 

- Filmlərə çəkilmək səni dərslərindən uzaq salmır ki?

- Qətiyyən.  Dərslərim və çəkilişlərim... Hər iki sahədə özümü özümdən narazı salmamağa çalışıram.  Bəzən elə olur ki, səhər saat 6-ya kimi çəkiliş davam edir. Fiziki cəhətdən yorğun olanda da, filmə çəkilmək  ruhən məni yormur. Dərslərimə ciddi yanaşıram. Bu  mənim normal gələcəyimin yeganə qarantıdır. Balaca olanda məni çəkilişlərə maşınla aparıb gətirirdilər. İndi isə özüm gedib-gələ bilirəm.

- Vaxtını bölməkdə çətinlik çəkmirsən?

- Düzünü desəm, hərdən olur.

- 8 Martda yəqin ki, ananı təbrik etmək istəyirsən?

- 8 Mart mənim həssas yanaşdığım tarixdir. Çalışıram ki, həmin gün  kimsənin qəlbini qırmayım. Müəllimlərimi, sinif yoldaşlarımı təbrik edirəm. 8 Mart  günü anamı dünyanın ən yaxşı nemətləri ilə sevindirmək keçir ürəyimdən. Amma anam bütün bunları duyacaq durumda deyil ki...

- Sinifdə necə şagird sayılırsan?

- Qiymətlərim pis deyil. Doqquzuncu sinfi bitirənə kimi, ümumiyyətlə, yaxşı oxumuşam. İndi 282 nömrəli orta məktəbin  11-ci sinif şagirdiyəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə hazırlaşıram. Tarixə, riyaziyyata daha çox diqqət ayırmağa çalışıram.

Yaşıdlarımdan məni fərqləndirən bilirsinizmi nədir? Mən dərslərimi oxumasam, anam danlamayacaq, atam qınamayacaq. Bunu başa düşdüyüm üçün də özüm öz qarşımda öhdəliklər qoymuşam. Nəinki dərslərimlə bağlı, anamla, qardaşımla da bağlı çiynimə düşən bir çox vəzifələrim var. 

"Hər dəfə Novruz bayramında gözləyirəm ki..."  

Uşaq evlərində bayramlar təntənəli keçirilir. Adətən Novruz bayramları daha çox maraqlı olur. Tonqallar çatılır, şamlar yandırılır. Hər dəfə Novruzda gözləyirəm ki... Yox, daha gözləmirəm.

Bizim "ev"də bilirsiniz nə qədər istedadlı uşaqlar var!? Hazırda 282 nömrəli məktəbi rəqsdə də, musiqidə də bizim uşaq evinin şagirdləri  təmsil edirlər.

Allah bizlərə çox şeylər verib. Təkcə valideyn sevgisindən yarımamışıq. Əlbəttə, bu anama aid deyil.

Buradan aralananda qəribsəyirəm bura üçün. Bu uşaq evi məni böyüdüb boya-başa çatdırıbsa, deməli, mən buraya borcluyam. Buradakı müəllimlər də, tərbiyəçilər də, uşaqlar da mənim ailəm sayılır.

- Ad gününü necə keçirirsən?

- Ad günümü demək olar ki, maraqlı keçirirəm. Bir fotoqraf bacılığım var: Sitarə İbrahimova. Ad günümdə həmişə gəlir, icazə alıb məni aparır.

Yanvarın 15-i qardaşım  Jerarın ad günüdür. Həmişə çalışıram ki, Jerara bir yox, bir neçə hədiyyə alım ki, seçim edə bilsin. Əslində bütün hədiyyələri ona alıram. Sadəcə istəyirəm ki, seçsin, sonalasın. Axı ildə bir gün, heç olmasa bir gün onun da kiməsə naz eləməyə, ərköyünlük eləməyə haqqı var da, elə deyilmi?

İndi daha özümü uşaq hesab etmirəm. Davakar, şuluq deyiləm. Amma mənə kimsə dava məqsədi ilə yanaşsa, özümü müdafiə edə bilirəm. İdmanın bir neçə növü ilə məşğul olmağım çəkilişlərdə də karıma gəlir.

- Yaratdığın obrazları canlandırmaqda nə kimi çətinliyin olur?

- Mən heç vaxt rola girmirəm, rolu yaşayıram. Aktyor üçün ən yaxşı oynamaq elə oynamamaqdı.

- Həm məktəblisən, həm də aktyor kimi filmlərdə oyunçusan. Xarici görkəminə qrim baxımından müdaxilələr olurmu?

- Əlbəttə. Məsələn, qarşıdakı seriyalara görə gərək saçımı kəsdirməyəm.

- İdmanla da maraqlanırsanmı?

- İdman da mənim sevdiyim bir sahədir. İdmanın futbol, basketbol növləri ilə məşğul oluram. Oyunumu da bəyənirlər. Bir çox komandalardan dəvətlər alsam da, dərslərimə görə qəbul etmirəm. Vaxt tapanda  güləşə, taekvandoya, cüdoya da getmişəm. Yəni, idmanın mənim həyatımda bu gün də özəl yeri var.

- Özünü hansı sənətdə təsəvvür edirsən?

- Özümü kino sahəsində gələcəkdə dünyada tanınacaq məşhur bir aktyor kimi təsəvvür edirəm.

- Bu arzu filmlərə çəkiləndən sonra yarandı səndə?

- Yox, həyatım məni oyunçu etdi. Gözümü açıb özümü həyatın burulğanlarında gördüm. Ayaq üstə dayanmağı, mübarizə aparmağı öyrəndim.

- Gələcək planların?

- Mənimçün ən vacib odur ki, təhsil alım, karyeramı qurum, ev alıb anamı, qardaşımı başıma yığım, sonra da sevgi üstündə qurulan ailə barədə düşünüm... İnşallah üzümüzə gələn qəbul imtahanlarında tələbə olsam, buna böyük inamım var, yəqin ki, buradakı böyüklərimin köməyi ilə mənzil məsələmin həllinə çalışacam. Amma qardaşımı buradakı rejimdən, təhsildən uzaqlaşdırmağa hələ tələsmirəm. Jerar həddən artıq çılğın, dəcəl uşaqdır. Təhsilə marağı da mən istədiyim səviyyədə deyil. Arzulayıram ki, qardaşım da təhsilli, savadlı, səviyyəli bir insan olsun. 

Müsahibəni hazırladı: Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov