Naxçıvan Özəl Universitetində pedaqoji fakültənin əyani
şöbə üzrə IV kurs tələbələrinin 2013-2014-cü tədris
ilinin birinci yarısında keçdikləri pedaqoji təcrübəyə
həsr edilmiş yekun konfransı keçirilib. Konfransı giriş
sözü ilə universitetin tədris və elmi işlər üzrə
prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim
Kazımbəyli açaraq pedaqoji təcrübənin tələbələrin
gələcək həyatlarında vacib rol oynadığını, bilik və
bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb
etdiyini bildirib. İndiyədək həyata keçirilən pedaqoji
təcrübələrin uğurla başa çatdığını vurğulayan prorektor
bu təcrübənin də yüksək səviyyədə həyata keçirildiyini
konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, əldə
olunan uğurlarda əməyi olan pedaqoji təcrübə
rəhbərlərinə, eləcə də təcrübədə iştirak edən tələbələrə
təşəkkürlərini çatdırıb.
Konfransda ali təhsil ocağının müəllimlərindən, qrup
rəhbərləri Anar Yaqubovun, Abdulla Mustafayevin və Nazim
Mahmudovun çıxışları dinlənilib. Çıxışlarda vurğulanıb
ki, pedaqoji kadr hazırlığının ən vacib sahələrindən
biri pedaqoji təcrübədir. Pedaqoji təcrübə prosesində
tələbələrin ali məktəblərdə aldıqları bilik dərinləşir,
möhkəmlənir, tələbələr pedaqoji iş sahəsində yeni
bacarıq və vərdişlərə yiyələnirlər. Mütəxəssis hazırlığı
məhz praktik yolla başa çatır, nəzəri biliklər pedaqoji
təcrübə müddətində mənimsənilir. Bu yolla pedaqoji
təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da
pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə səbəb
olur. Pedaqoji təcrübə kadrları bir mütəxəssis kimi tam
formalaşdırır. O da diqqətə çatdırıldı ki, tələbələr
təcrübə müddətində yeni metodlardan istifadə etmiş,
dərslərinin əksəriyyətini İKT ilə keçmiş və VI -VII
siniflərdə keçilən dərslərdə kurikulum üsulunu
müvəffəqiyyətlə yerinə yetirmiş, eləcə də ağıllı
lövhələrdən, əyani vasitələrdən istifadə ediblər.
Sonda bir neçə tələbə təcrübə müddətində qazandığı
nailiyyətləri və təcrübənin onların həyatında mühüm rol
oynadığını bildiriblər.
Nuray ƏSGƏROVA |