Oktyabrın 31-də Bakıdakı 129 nömrəli tam orta məktəbdə
"Fizika fənninin tədrisində yeni təhsil proqramlarının
(kurikulumların) tətbiqi" mövzusunda "dəyirmi masa"
keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin
direktoru Samir Mehdizadə bildirdi ki, son illər
respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil
sahəsində də mühüm dəyişikliklər, yeniliklər həyata
keçirilir.
Məktəbdə fənn kurikulumlarının tətbiqi uğurla həyata
keçirilir və bu, tədrisin keyfiyyətinin yüksəldilməsində
böyük rol oynayır. 2013-2014-cü tədris ilində ilk dəfə
olaraq respublikamızın ümumtəhsil məktəblərində digər
fənlərlə yanaşı, fizika fənni üzrə də yeni təhsil
proqramları (kurikulumları) tətbiq olunur.
Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin ümumi
və tam orta təhsilin kurikulum şöbəsinin təbiət və
riyaziyyat fənlərinin təlimi bölməsinin müdiri Əlişah
Gərayev, bölmənin elmi işçisi Zeynəb Məmmədova, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzinin
Nizami-Nərimanov bölməsinin fizika fənni üzrə metodisti
Fəridə İbayeva və Nizami rayonundakı orta məktəblərin
fizika müəllimləri çıxışlarında mövzu ilə bağlı bir sıra
məsələlərdən bəhs etdilər.
Daha sonra tədbirdə fizika fənninin tədrisində yeni
təhsil proqramlarının tətbiqi və şagird biliyinin
qiymətləndirilməsinə dair məruzələr dinlənildi,
müəllimlərin qarşılaşdığı çətinliklərin aradan
qaldırılması istiqamətində dəyərli tövsiyələr verildi.
Həmin gün məktəbdə, eyni zamanda, "açıq dərs"lər də
keçirildi. Məktəbin fizika müəllimləri Sevda Qasımovanın
"Ölçü cihazları" və Məhluqə Hüseynovanın "Diffuziya"
mövzusunda keçdikləri "açıq dərs"lərdə yeni tətbiq
olunan kurikulumun tələblərinə uyğun olaraq digər
fənlərlə inteqrasiyaya, yeni təlim metodlarından,
İKT-dən istifadəyə geniş yer verildi. Sonra "açıq
dərs"lər "dəyirmi masa" ətrafında müzakirə edildi,
müəllimləri maraqlandıran suallar cavablandırılıb,
onlara kurikulumun tətbiqi ilə bağlı məsləhətlər
verildi.
Hicran ƏKBƏROVA |