Bakıdakı Bağça - Məktəb - Lisey Kompleksində bir
vaxtlar silaha sarılaraq cəbhədə erməni yaraqlılarına
qarşı vuruşan polis mayoru, Nəsimi Rayon Polis Şöbəsinin
əməkdaşı Aidə Rəcəb qızı Şirinova ilə görüş keçirildi.
Vətənpərvərlik mövzusuna həsr olunan tədbirə Dövlət
bayrağı gətirildi. Şagirdlərin təqdimatında Dövlət himni
ifa olundu.
Tədbiri giriş sözü ilə açan dil-ədəbiyyat müəllimi
Məhbubə Salmanova vətənpərvər Aidə Şirinovanın həyat
yoluna nəzər saldı. Bildirildi ki, batalyon komandiri
A.Şirinova müharibə illərində həmişə qaynar nöqtələrdə
düşmənə qarşı vuruşub. O, Ağdərə və Tərtər yaxınlığında
gedən döyüşlərdə əsl şücaət, mərdlik, igidlik göstərib.
O, düşmənin canlı qüvvəsinə zərbə vuraraq Azərbaycan
qadınının nəyə qadir olduğunu göstərib.
Şagirdlər Məhbubə Salmanovanın "Qəhrəmanlar döyüşür,
yurdu yaşatmaq üçün" adlı kitabında Aidə Şirinovaya həsr
olunmuş "Ölümü gözüylə görən şahidsən, Vətənin yolunda
canlı şəhidsən" adlı poemasını tədbir iştirakçılarının
diqqətinə çatdırıblar. Sonra Vətənə həsr olunmuş şeirlər
söylədilər. Tədbirdə iştirak edən qonaqlar Aidə Şirinova
haqqında danışaraq onun Vətən yolunda göstərdiyi
xidmətlərindən də söz açdılar.
Sonda A.Şirinova tədbirin hazırlanmasına görə məktəb
kollektivinə minnətdarlığını bildirdi.
Rəşad ZİYADOV |