Azərbaycanda ilk dəfə olaraq məktəblilər arasında "Eco
Picture Diary-2013" ("Eko Rəsm Gündəliyi-2013")
Beynəlxalq müsabiqəsi elan edilmişdir.
AzərTAc xəbər verir ki, noyabrın 1-də Heydər Əliyev
Mərkəzində layihənin təqdimatı keçirilmişdir.
Təqdimat mərasimində 314 ümumtəhsil məktəbi təmsil
olunmuşdur.
Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr
departamentinin direktoru Vüqar Məmmədov məlumat
vermişdir ki, "Eco Picture Diary" Beynəlxalq müsabiqəsi
2008-ci ildən keçirilir. Ötən il yarışmada 51 ölkədən
300 min məktəbli iştirak etmişdir. Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA (International Dialogue
for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi
üzrə Beynəlxalq Dialoq Kampaniyasının rəhbəri Leyla
Əliyevanın təşəbbüsü ilə bu il ilk dəfə olaraq
Azərbaycan da müsabiqəyə qoşulacaqdır.
Müsabiqənin milli mərhələsi İDEA tərəfindən YUNESKO-nun
himayəsi altında, Heydər Əliyev Mərkəzi və Panasonic
Marketinq MDB-nin (PMCIS) dəstəyi ilə təşkil olunur.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər
nazirinin müavini Rauf Hacıyev bildirmişdir ki, Bakı və
Gəncə şəhərlərini əhatə edəcək müsabiqənin məqsədi gənc
nəsil arasında ekoloji mədəniyyətin təbliği, flora və
faunaya qayğının aşılanması, ətraf mühit və insan
sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin
formalaşmasıdır.
Nazir müavini hazırda ekoloji problemlərin dünyada
aktual olduğu bir dövrdə belə layihələrin həyata
keçirilməsinin vacibliyini vurğulamışdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə
Rzaquliyeva uşaqların şüurunda ətraf mühitə münasibəti
formalaşdırmaq üçün onların maarifləndirilməsinə kiçik
yaşdan başlanılmasının əhəmiyyətini qeyd etmişdir.
İDEA-nın layihə direktoru Anara İsmayılova layihəyə
hazırlığın bir neçə ay bundan əvvəl başlandığını diqqətə
çatdırmışdır. O, layihənin Azərbaycanda keçirilməsinin
əhəmiyyətindən və şagirdlərin ətraf mühitə münasibətinin
düzgün formalaşdırılmasında rolundan danışmışdır.
"Panasonic Marketinq" MDB-nin meneceri Alisa
Lavrentiyeva müsabiqə haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, müsabiqədə ümumtəhsil məktəblərinin
aşağı (6-11 yaşlar arası) və orta (12-15 yaşlar arası)
yaş qruplarını təmsil edən şagirdləri iştirak edə
bilərlər. İştirakçılar yarışma üçün hazırlanan xüsusi
"Eko Gündəlik"də ekologiyaya dair rəsm və onun
ideyasının qısa təsvirini əks etdirməlidirlər.
Azərbaycan üçün 5000 "Eko Gündəlik" hazırlanmışdır. Bakı
və Gəncə şəhərlərində müəllimlər vasitəsilə paylanılacaq
"Eko Gündəlik"lər noyabrın 15-dək təhvil verilməlidir.
Təqdim edilən "Eko Gündəlik"lər münsiflər heyəti
tərəfindən qiymətləndiriləcəkdir.
İDEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının
Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri,
YUNESKO, PMCIS, KİV və QHT nümayəndələrindən ibarət
münsiflər heyəti final mərhələsinə vəsiqə qazanan 20
iştirakçı arasından bir nəfər milli qalibi müəyyən
edəcəkdir.
Müsabiqənin qalibi dekabrın 1-dək elan olunacaqdır.
Milli qalibin "Eko Gündəliyi" layihənin beynəlxalq
münsiflər heyətinə göndəriləcəkdir. Bütün ölkələrin
milli qalibləri arasından seçiləcək 6 ən yaxşı finalçı
bu ilin dekabrında Parisdə beynəlxalq müsabiqənin
nəticələrinin elan olunması mərasimində iştirak
edəcəkdir.
Müsabiqənin şərtləri barədə ətraflı məlumatı İDEA-nın
İnternet səhifəsindən (www.ideacampaign.org) əldə etmək
olar. |