Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya
Təhsil Akademiyasının Pedaqoji Təhsil və Yaşlıların
Təhsili İnstitutunun təşkil etdiyi VI Beynəlxalq
elmi-praktik konfrans müasir dövrün təhsil sahəsini
əhatə edən ən mühüm problemlərə həsr olunmusdu.
Konfransda 300-dən artıq təhsil işçisi iştirak edirdi.
Onların arasında Azərbaycan, Belarus, Qırğızıstan,
Moldova, Tacikistan, Ukrayna, Rusiyanın qabaqcıl
pedaqoqları, gənc pedaqoji təhsil işçiləri, müxtəlif
institutların, ali və orta təhsil müəssisələrinin
nümayəndələri də təmsil olunurdu.
Konfransın başlıca məqsədi müasir dövrün ən aktual elmi
problemlərinin və fasiləsiz pedaqoji təhsilin
inkişafının ən səmərəli yollarının araşdırılması,gənc
müəllimlərin statuslarının müasir dövrün tələblərinə
uyğunlaşdırmanın yollarının müəyyən edilməsi, RTA
PTYTİ-nin 50 illik yubileyinin təntənəli qeyd edilməsi,
50 ildə görülən işlərin hesabatı və qarşıda duran
problemlərin həlli yollarının tapılması, Beynəlxalq
İctimai Şuranın IV iclasında müzakirə olunan məsələlərə
münasibət bildirilməsi və növbəti il üçün müzakirə
mövzularının müəyyənləşdirilməsi idi.
Konfransı giriş sözü ilə PTA Pedaqoji Təhsil və
Yaşlıların Təhsili İnstitutunun direktoru İrina İvanovna
Sokolova açdı. O, institutun 50 ildə gördüyü işlərdən
danışdı. İnstitutun fəaliyyəti barədə film nümayiş
olundu. İnstitutun əməkdaşları mükafatlandırıldı. İrina
Sokolovaya da institutun həyatında oynadığı rola,
fəaliyyətə görə qızıl medal təqdim edildi.
Konfransda təbrik üçün söz Rusiya Təhsil Akademiyasının
vitse-prezidenti, pedaqoji elmlər doktoru, professor
Bolotov Viktor Aleksandroviçə, Pedaqoji Təhsil və
Yaşlıların Təhsili İnstitutunun direktor müavini Sopin
Viktor İvanoviçə, Peşəkar Təhsil Şöbəsinin
akademik-katibi, pedaqoji elmlər doktoru, professor
Çistyakova Svetlana Nikolayevnaya,Veteranlar
İnstitutunun pedaqoji elmlər doktoru, professor Şapkin
Viktor Vasileviçə verildi.
Konfransa dəvət olunan nümayəndələr sırasında mən də
konfrans iştirakçılarını Azərbaycan Müəllimlər
İnstitutunun rektoru Aqiyə Naxçıvanlının adından təbrik
və 50 illik yubiley münasibətilə institutun adından
göndərilmiş hədiyyələri RTA PTYTİ-nin direktoru Sokolova
İrina İvanovnaya təqdim etdim.
Konfransın plenar iclasında müxtəlif mövzularda
məruzələrlə Respublika Peşəkar Təhsil İnstitutunun
rektoru Şklyar Arkadiy Xononoviç, Ukrayna Pedaqoji
İnstitutunun şöbə müdiri Lukyanova Larisa Borisovna,
Pedaqoqika və psixologiya İnstitutunun direktoru
Skovorodkina İrina Zosimovna çıxış etdilər.
"Azərbaycanda təhsilin inkişafı" mövzusunda məruzəmdə
mən respublikamızda təhsilin müasir vəziyyəti ilə
əlaqədar slaydlar nümayiş etdirdim, təhsil islahatları
barədə konfrans iştirakçılarına məlumat verdim.
Azərbaycan Müəllimlər İnstitutunda müəllim hazırlığı ilə
bağlı görülən işlərdən, yaşlıların təhsili, inklüziv
təhsil, gənc müəllimlərin hazırlığı ilə bağlı həyata
keçirilən məsələlərdən, qloballaşmanın təhsilə gətirdiyi
yeniliklər və qarşıya çıxan çətinliklərdən, onların
həlli yollarından və təhsilə olan dövlət dəstəyindən söz
açdım.
Konfransda belə bir fikir də səsləndirildi ki, pedaqoji
təhsil sistemi innovativ təcrübənin MDB ölkələrinin
aparıcı universitetlərinin təklif etdikləri layihələrə,
pedaqoqların akademik mobilliyinə, beynəlxalq
forumların, konfrans və simpoziumların qəbul edilməsinə
və ötürülməsinə açıq olmalıdır.
Konfrans dünyada gedən demoqrafik dəyişikliklərə də
diqqəti cəlb etdi. Bu dəyişikliklər Rusiyada
təhsilalanların sayının artmasına səbəb olub və bu
"demoqrafik dalğa" öz növbəsində xüsusi pedaqoji
müşayiət tələb edir. Digər tərəfdən, təhsilin quruluşu
və tələblərində də dəyişikliklər muşahidə olunur. Ömür
boyu təhsil problemi öz həllini axtarır, yaşlıların
təhsili ilə əlaqədar üçüncü nəsil nümayəndələrinin
maraqlarına uyğun strategiya hazırlamaq tələbi meydana
çıxır ki, bu da fasiləsiz təhsildə pedaqoq-androloqların
hazırlanmasına prioritet məsələ kimi önə çəkərək,
androloq sənətinin pedaqoji mütəxəssislər siyahısına
daxil edilməsini vacib sayır.
Konfransda pedaqoqların nüfuzunun qaldırılması
probleminə də toxunuldu. Bu məsələnin də vacibliyi
vurğulandı və müasir dünyada müəllimlərin
dəyərləndirilməsi və nüfuzunun artırılmasının ən
səmərəli yolları qeyd edildi.
Tələbələrin - gələcək pedaqoqun və yeni cəmiyyətin yeni,
kreativ vətəndaşın formalaşdırılmasının vacibliyi
konfransın diqqət mərkəzində olan məsələlərdən idi.
Konfransda yeniləşən, informatlaşan cəmiyyətin tələbi
ilə yeni dövrün müzakirə olunan bütün məsələləri:
fasiləsiz təhsil, inklüziv təhsil, yaşlıların təhsili,
gənc pedaqoqların statusu, demoqrafik dəyişikliklərin
təhsildə yaratdığı "demoqrafik dalğa", tələbələrin -
gələcək pedaqoqların hazırlanması və s. nəzərə alaraq
onların həlli üçün vacib sayılan müddəalar qəbul
edildi.
Konfrans MDB-nin iştirakçı-dövlətlərinə birgə
əməkdaşlıq və hər sahədə səmərəli yardım təklifi ilə öz
işini yekunlaşdırdı.
Dilguşə SÜLEYMANOVA,
AMİ-nin Təhsildə innovasiya
kabinetinin direktoru
|