Noyabrın 4-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət
göstərən "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında
yaradılmış "Vətən" sosial futbol məktəbinin açılış
mərasimi olmuşdur.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil
nazirinin müşaviri Hüseyn Əliyev, Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan
Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan
Məmmədov, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru
Vasif Məmmədov, Real Madrid Fondunun vitse-prezidenti
Enriqe Sançes və digər şəxslər iştirak etmişlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəklədiyi bu layihə
çərçivəsində məşq edən 8-17 yaşlı uşaq və yeniyetmələrin
(50 oğlan, 50 qız) müvafiq tələblər səviyyəsində təmin
olunması üçün "Vətən" Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində
hərtərəfli şərait yaradılmışdır. Təhsil Nazirliyi,
Gənclər və İdman Nazirliyi və Real Madrid Fondunun birgə
layihəsi çərçivəsində fəaliyyət göstərən "Vətən" sosial
futbol məktəbi Azərbaycanda futbola daha çox uşaq və
gənc cəlb etmək məqsədlərinə xidmət edir.
Ölkəmizdə idmanın inkişafına, gənc nəslin sağlam həyat
tərzinə cəlb olunması məsələlərinə xüsusi diqqət
yetirilir. Bu baxımdan Bədən Tərbiyəsi və İdmanın
İnkişafına dair Milli Strategiya (2009-2020) və
Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun
inkişafına dair Dövlət Proqramı mühüm əhəmiyyət kəsb
edən konseptual sənədlərdir.
Daha sonra "Vətən" sosial futbol məktəbinin rəmzi açılış
lenti kəsilmiş, uşaqlara və məşqçi-müəllimlərə uğurlar
arzulanmışdır. |