Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin idarə
edilməsinin səmərəliliyini və nəticə yönümlülüyünü
artırmaq məqsədilə ilə Bakı şəhərində fəaliyyət göstərən
ümumi təhsil məktəblərinin direktorları üçün təlimlər
keçirəcəkdir.
Təlimlərə 2014-cü ilin əvvəlindən başlanacaqdır. Cari
ilin sonuna qədər iştirakçıların müsabiqə əsasında
seçiminin yekunlaşdırılması planlaşdırılır.
Layihənin əsas məqsədi təlim iştirakçılarının idarəetmə
sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
Təlimlərdə məktəb direktorları ilə yanaşı, pedaqoji
təcrübəyə malik digər şəxslər də iştirak edə bilərlər.
Təlimlər səmərəli məktəb, kurikulum və idarəetmə,
təhsilalanlar və idarəetmə, təhsilverənlər və idarəetmə,
maliyyə və mühasibatlığın əsasları, məlumatın toplanması
və təhlili, hesabatların hazırlanması və məktəb
idarəetməsinin hüquqi əsasları mövzularını əhatə
edəcəkdir. Müxtəlif modullar əsasında təşkil ediləcək
təlimlər 10-12 həftə davam edəcəkdir.
Təlimin yekununda uğur sertifikatı əldə etmiş
iştirakçıların ümumi təhsil müəssisələrində müxtəlif
pilot layihələrin həyata keçirilməsinə cəlb olunması
planlaşdırılır. Bu tip pilot layihələr özünüidarəetməyə
keçid, şagirdbaşına maliyyələşmə mexanizminin tətbiqi,
məktəb icmalarının təşkili və digər islahatların həyata
keçirilməsini əhatə edəcəkdir.
Qeyd olunan tədbir "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan
təhsilin idarə olunmasında şəffaflığın təmin olunması,
təhsilin nəticələrinə görə cavabdehliyin artırılması,
məktəb liderliyi keyfiyyətinə sahib olma, nəticəyönlü
menecmentin və digər müasir idarəetmə texnologiyalarının
prosesə tətbiqini ehtiva edir.
Təlimin məzmunu və iştirak üçün müraciət qaydaları
haqqında yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat
veriləcəkdir. |