Noyabrın
2-də Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında III Bakı Beynəlxalq
Humanitar Forumunun iştirakçısı, ABŞ-ın Stanford
Universitetinin professoru, fizika üzrə Nobel mükafatı
laureatı Robert Betts Laflin ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, professor-müəllim heyəti və
tələbələrlə keçirilən görüşdə DİA-nın rektoru, akademik
Urxan Ələkbərov Nobel mükafatçısının elmi
fəaliyyətindən, qazandığı uğurlardan və fizika elminin
inkişafına verdiyi töhfələrdən danışıb.
Forumun əhəmiyyətindən danışan rektor bildirib ki,
Bakıda keçirilən beynəlxalq tədbirdə dünyanın 70-dən çox
ölkəsindən 800-dək qonaq, o cümlədən nüfuzlu
ictimai-siyasi xadimlər, keçmiş dövlət başçıları, Nobel
mükafatı laureatları və bir çox başqa tanınmış şəxslər
iştirak ediblər. Mədəniyyətlər, sivilizasiyalar və
konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan
Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün
ideal bir məkandır. Forum, eyni zamanda, XXI əsrdə
bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab
axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm
məsələlərə dair geniş spektrli dialoqlar, fikir
mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq
miqyasda nüfuzlu elmi-siyasi platformadır.
Azərbaycana gəlmək dəvətini məmnuniyyətlə qəbul etdiyini
bildirən Robert Betts Laflin Beynəlxalq Humanitar
Forumun Avropa səviyyəsində bir tədbir olduğunu
vurğulayıb. Forum çərçivəsində "dəyirmi masa"lar
keçirilib. Bu, humanitar və eyni zamanda, siyasi
Forumdur. Çünki Forumda nüfuzlu elm adamları ilə yanaşı,
görkəmli ictimai və siyasi xadimlər də iştirak ediblər.
Dünyada nüfuzu getdikcə artan Azərbaycan neft və digər
təbii sərvətləri ilə zəngin ölkədir. Buraya gəldikdə
gördüm ki, Azərbaycanda qeyri-neft sektoru da dinamik
inkişaf edir.
Görüşün əhəmiyyətindən danışan Nobel mükafatçısı
cəmiyyətin, eləcə də dünyanın gələcəyinin bilik, təhsil
üzərində qurulacağını qeyd edərək, tələbələri
gələcəkləri haqqında indidən düşünməyə çağırıb.
Sonra Robert Betts Laflin tələbələri maraqlandıran
sualları cavablandırıb. |