Azərbaycanda Rusiyanın şimal-qərbində əsas elmi-təhsil
mərkəzlərindən biri olan M.V.Lomonosov adına Şimal
(Arktika) Federal Universitetinin (Arxangelsk şəhəri)
təhsil xidmətlərinin təqdimatı olub.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat
xidmətindən AzərTAc-a bildiriblər ki,
"Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı
nümayəndəliyinin başçısı Valentin Denisovun
M.V.Lomonosov adına Şimal (Arktika) Federal
Universitetinin (ŞAFU) Beynəlxalq əməkdaşlığın inkişafı
idarəsinin nümayəndələri ilə görüşü olub.
Görüşdə ŞAFU ilə "Rossotrudniçestvo" Agentliyi arasında
saziş çərçivəsində əməkdaşlığın perspektivləri və
Azərbaycan Respublikasında rus dilinin, mədəniyyətinin
dəstəklənməsi, Rusiya təhsilinin inkişafı sahəsində
qarşılıqlı fəaliyyət planı müzakirə edilib.
Tədbir çərçivəsində Azərbaycanın təhsil müəssisələri
bazasında ŞAFU-nun 19 institutunun bakalavriat və
magistratura proqramlarının təqdimatı olub. Bakı
şəhərindəki 229, 91 və 27 nömrəli məktəblərin yuxarı
sinif şagirdləri texniki, təbii-elmi, iqtisadi və
sosial-humanitar hazırlıq istiqamətləri üzrə onları
maraqlandıran proqramlar, Azərbaycandan olan tələbələr
üçün təqaüdlər və Rusiya Federasiyası büdcəsinin vəsaiti
hesabına təhsil imkanları və ŞAFU-ya qəbul qaydası
barədə daha ətraflı məlumat ala biliblər.
Gələcək abituriyentlər 2014-cü ilin yazında ŞAFU-ya
səyyar qəbul kampaniyası çərçivəsində test imtahanında
iştirak etmək üçün onlayn-anketi doldurmaq imkanı əldə
ediblər. |