Azərbaycan Müəllimlər İnstitutunda
Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib.
İnstitutda Dövlət Bayrağı Gününə həsr olunmuş "dəyirmi
masa" təşkil olunub. Dövlət himni səsləndirildikdən
sonra institutun rektoru, Milli Məclisin deputatı,
professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq
hamını bayram münasibətilə təbrik edib. Rektor
A.Naxçıvanlı qeyd edib ki, Azərbaycan Respublikasının
Dövlət bayrağı onun dövlətçilik rəmzlərindən biridir.
Bildirilib ki, ulu öndər Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı Prezident cənab İlham Əliyevin
imzaladığı "Azərbaycan Respublikasının Dövlət Bayrağı
Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-cu il
tarixli Sərəncam bu bayramın əsasını qoyub.
İnstitutun təhsilin idarə edilməsi və peşə təhsili
kafedrasının müdiri, professor Ramiz Məmmədzadə,
ixtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı,
dosent Telman Haqverdiyev bu bayramın əhəmiyyətindən,
onun geniş təbliğinin gənclərdə vətənpərvərlik
duyğularının dərinləşməsinə müsbət təsirindən danışıb,
onlara öz tövsiyələrini veriblər. Vurğulanıb ki, dövlət
başçısının müvafiq sərəncamına əsasən Bakıda dünyanın ən
hündür bayraq dirəyinin inşa edilməsi və Dövlət Bayrağı
Meydanının yaradılması ölkəmizdə Dövlət bayrağına yüksək
qiymət verilməsinin göstəricisidir.
II kurs tələbələrindən Afət Allahverdiyeva Bəxtiyar
Vahabzadənin "Bayraq" şeirini söyləyib, Şahzadə Əsgərova
Dövlət bayrağı mövzusunda təqdimatla çıxış edib.
Tədbirin sonunda Azərbaycan Bayrağı Meydanının
tikintisindən və onun açılış mərasimindən bəhs edən
videoçarx nümayiş olunub.
Bununla yanaşı, institutun Tələbə Gənclər Təşkilatının
təşkilatçılığı ilə "Hərəyə bir bayraq" aksiyası təşkil
edilib. Belə ki, noyabrın 7-də dərsə gələn tələbələrə
Dövlət himninin və vətənpərvərlik mövzusunda olan
mahnıların sədası altında Azərbaycan bayrağı paylanılıb.
Dövlət Bayrağı Günü ərəfəsində institutun tələbələrinin
Azərbaycan bayrağına həsr olunmuş rəsm, şeir və əl
işlərindən ibarət stend də xüsusi ayrılmış yerdə
sərgilənib. Qeyd edək ki, AMİ-də əlamətdar günlərin
xüsusi keçirilməsində əsas məqsəd tələbələrin
maarifləndirilməsi, onların dövlət atributlarına hörmət
və məhəbbət, vətənpərvərlik ruhunda tərbiyə edilməsindən
ibarətdir.
***
Bakı Slavyan Universitetində
Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən AzərTAc-a bildirilib
ki, tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr
Mişşenko və bu ali məktəbdə istehsalat təcrübəsini başa
çatdırmış ukraynalı tələbələr də iştirak ediblər.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev
toplaşanları Dövlət Bayrağı Günü münasibətilə təbrik
edib, bu dövlət bayramının universitetlə sıx əməkdaşlıq
edən Ukraynanın Poltava İqtisadiyyat və Ticarət
Universitetinin nümayəndələrinin iştirakı ilə
keçirilməsindən məmnunluğunu bildirib. Rektor ukraynalı
tələbələrin BSU-da artıq üçüncü ildir ki, turizm və
menecment ixtisasları ilə bağlı təcrübə keçdiklərini
diqqətə çatdırıb.
Universitetin yaxın dostu, səfir A.Mişşenko tədbir
iştirakçılarını salamlayıb, belə gözəl gündə
həmvətənləri və azərbaycanlı gənclərlə birlikdə
olduğundan şərəf duyduğunu bildirib. Diplomat ukraynalı
tələbələrin Azərbaycanda təhsil almaları ilə yanaşı,
azərbaycanlı gənclərin də Ukraynada yüksək səviyyədə
təhsil aldıqlarını vurğulayıb. A.Mişşenko Poltava
İqtisadiyyat və Ticarət Universiteti tələbələrinin
BSU-da artıq ənənəyə çevrilmiş təcrübələrini çox
səmərəli başa vurmalarından məmnunluğunu bildirib,
universitetlərarası əməkdaşlığın daha da
möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
Daha sonra səfir və rektor ukraynalı tələbələrə
təcrübənin uğurlu keçdiyini təsdiqləyən sertifikatlar
təqdim ediblər.
BSU-da fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət
Mərkəzinin "Slavyanoçka" ifaçılar qrupunun Ukrayna
dilində, ukraynalı tələbələrin Azərbaycan dilində ifa
etdikləri musiqi nömrələri, milli rəqslər böyük marağa
səbəb olub. Ukraynalı gənclərin Azərbaycan dilində
oxuduqları "Azərbaycan" mahnısı alqışlarla qarşılanıb.
***
Laçın Rayon Uşaq Yaradıcılıq Mərkəzinin
direktoru Zəravənd Quliyevdən aldığımız məlumata görə
mərkəzdə Dövlət Bayrağı Gününə həsr olunmuş rəsm
müsabiqəsi keçirilib. Müsabiqədə 25 şagird iştirak edib.
Onlardan Fatma Ağaməmmədova, Nicat Cəfərov və Səma
Əliyevanın əl işləri fərqləndirilərək Dövlət Bayrağı
Meydanı Kompleksi İdarəsi Təşkilat Komitəsi tərəfindən
keçirilən Dövlət Bayrağı Gününə həsr olunan "Bayrağımız
qürur mənbəyimizdir" adlı rəsm müsabiqəsinə təqdim
edilib.
***
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində I "a" sinif
şagirdlərinin rəhbəri Könül Təhməzovanın təşkilatçılığı
ilə Dövlət Bayrağı Gününə həsr olunan tədbirə Azərbaycan
bayrağı gətirilib. Tədbir Azərbaycan Respublikasının
Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri məktəbin direktoru Teymur Göyçayev açaraq
hamını əlamətdar gün münasibətilə təbrik edib. O,
çıxışında ölkə başçısı İlham Əliyevin dövlətçiliyimizin
möhkəmləndirilməsi sahəsində misilsiz xidmətlərindən,
dövlət atributlarımıza olan xüsusi diqqət və qayğısından
danışıb.
Məktəbin direktor müavinləri Aytən Əhmədova, Nigar
Baxşəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsi
metodmərkəzinin direktor müavini Sitarə Məmmədova və
başqaları çıxış edərək şagirdlərə milli və dövlət kimi
varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda
minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı
uca tutmağı tövsiyə ediblər. Azərbaycan bayrağının
tezliklə Qarabağda dalğalanacağına inandıqlarını
əminliklə söyləyiblər.
Sonra I "a" sinif şagirdləri Dövlət bayrağına aid
şeirlər söyləyib və mahnılar ifa ediblər.
Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Dövlət Bayrağı Meydanının açılışındakı
çıxışından hazırlanmış videoçarxın nümayişi ilə başa
çatıb.
***
Bakıdakı 114 nömrəli tam orta məktəbdə Dövlət
Bayrağı Günü ilə bağlı tədbir keçirilib. Dövlət himni
və "Koroğlu" operasından uvertüra ilə başlanan tədbirə
təntənəli şəkildə Dövlət bayrağı gətirilib.
Tədbiri giriş sözü ilə açan təhsil ocağının direktoru
Ceyran Novruzova tədbir iştirakçılarını bayram
münasibətilə təbrik edərək Dövlət bayrağı haqqında
geniş məlumat verib. Bildirilib ki, Dövlət bayrağımız
millətimizin, xalqımızın azadlıq və istiqlal
ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında
özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun
təcəssümüdür. Dövlət bayrağımız möhtəşəmliyi ilə
"Ginnesin rekordları" kitabına düşüb. Hər bir
azərbaycanlının borcudur ki, ümummilli liderimizin
azərbaycançılıq - vətənpərvərlik ideyalarına sadiq
qalsın, bayrağımızın şərəfini hər yerdə qorusun, dünya
arenalarında onun ən yüksək zirvələrdə dalğalanmasına
nail olsun.
Şagirdlər çıxışlarında bildiriblər ki, Azərbaycan dövlət
müstəqilliyinin müqəddəs simvolu olan Dövlət bayrağına
hörmət və ehtiram, ümumxalq sevgisi və vətəndaş qayğısı
hər bir azərbaycanlının, hər bir uşağın, məktəblinin və
gəncin idealına və fəxarət məramına çevrilməlidir.
Aşağı sinif şagirdləri "Heydər babamız" mahnısını
həvəslə qonaqlara təqdim ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Barxudar
Barxudarov çıxış edərək belə tədbirlərin keçirilməsini
təqdirəlayiq hal kimi qiymətləndirib.
Tədbir şagirdlərin ifasında maraqlı vətənpərvərlik
mahnıları və şeirlər ilə unudulmaz xatirəyə çevrilib.
***
Dövlət Bayrağı Günü Bakıdakı 28 nömrəli tam orta
məktəbdə təntənəli şəkildə qeyd edilib. "Daima
zirvədə ol, dalğalan, ey Bayrağım" adlı tədbiri məktəbin
direktoru Mehriban Əlizadə açaraq qonaqları salamlayıb.
Tədbirdə Dövlət Bayrağı Meydanında yerləşən Bayraq
muzeyinin direktor müavini Aynurə Hüseynova, baş elmi
işçisi Gültan Əliyeva, ekspozisiya müdiri Samir
Hüseynov, muzeyin fotoqrafı Azər İbrahimov, Nəsimi
rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar
Tağıyev iştirak ediblər. Tədbir açıq elan olunduqdan
sonra Azərbaycan Respublikasının Dövlət himni oxunub.
XI sinif şagirdləri Leyla Əlizadə və Ülvi Ramazanov
Dövlət bayrağı haqqında geniş, ətraflı məlumat veriblər.
VI "a" sinif şagirdləri bu mövzuya həsr olunan
şeirlər söyləyiblər. Tədbirin bədii hissəsi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
əsasında yaradılmış Dövlət Bayrağı Meydanı ilə bağlı
hazırlanmış videoçarxla başlanılıb.
Sonra məktəbin şagirdlərindən ibarət iki komanda -
"Aypara" və "Ulduz" arasında bu əlamətdar günlə əlaqədar
breyn-rinq keçirilib. Yarışı məktəbin müəllimi Aqil
Quliyev aparıb. Məktəbin rəqs kollektivinin ifasında
"Naz eləmə", "Azəri", "Yallı" rəqsləri nümayiş olunub.
XI sinif şagirdləri - Nigar Qəmbərlinin, Rasim
Əsgərəliyevin, Fərid Tağızadənin, Əli Əlizadənin
ifasında "Bakı", "Azərbaycan", "Ey vətən" mahnıları
səslənib.
Tədbir VI sinif şagirdi Elmira Tağızadənin ifasında
"Sən bütün bayraqlardan gözəlsən" adlı monoloqu ilə sona
çatıb. |