Azərbaycanın
öz müstəqilliyini bərpa etdiyi ötən əsrin 90-cı
illərinin əvvəllərindən başlayaraq müəyyən bir dövr
ərzində digər sahələrdə olduğu kimi pedaqoji elmlərdə də
tədqiqat işlərinin aparılmasında, sürətlə dəyişən,
yeniləşən təhsilin inkişaf meyillərinin
ümumiləşdirilməsində bir durğunluq hiss olunurdu.
Lakin son illər bu durğunluq öz yerini inkişafa vermiş,
nəticədə təhsilimizin bir sıra aktual problemlərinin
araşdırılmasına, yeni yanaşmalardan səmərəli şəkildə
bəhrələnərək zənginləşən təcrübənin elmi-nəzəri
cəhətdən əsaslandırılmasına, bütövlükdə təhsilimizin və
onun ayrı-ayrı pillələrinin inkişaf tarixinə həsr
olumuş xeyli elmi tədqiqatlar aparılıb, təhsildə baş
verən yeniləşmənin mahiyyətini başa düşməkdə, səmərəli
fəaliyyət yollarını müəyyən etməkdə müəllimlərə, təhsil
işçilərinə yaxından kömək göstərən əsərlər yazılaraq
çap etdirilib. Belə əsərlərdən biri də
tədqiqatçı-pedaqoq Nigar İsmayılovanın bu yaxınlarda
"Mütərcim" nəşriyyatı tərəfindən çapdan buraxılmış
"Müstəqillik illərində Azərbaycanda ibtidai təhsilin
inkişafı" monoqrafiyasıdır.
Elmi redaktoru pedaqoji elmlər doktoru, professor Əjdər
Ağayev, rəyçiləri pedaqoji elmlər doktoru, professor
Rüfət Hüseynzadə və pedaqogika üzrə fəlsəfə doktoru
E.Mollayeva olan bu tədqiqat işində müstəqillik
illərində Azərbaycanda ibtidai təhsilin inkişafı
(1918-1920-ci illər və müasir dövr) məsələləri elmi
araşdırma nəticəsində təqdim olunub.
Giriş, iki fəsil və nəticədən ibarət olan kitabın ilk
səhifələrində müstəqillik uğrunda xalqımızın apardığı
mücadilənin qısa salnaməsi, ulu öndər Heydər Əliyevin
tariximizin obyektiv araşdırılması ilə bağlı tövsiyələri
öz əksini tapıb, ibtidai təhsilin tarixinə qısa ekskurs
edilib, tədqiqata cəlb edilmiş problemin aktuallığı
əsaslandırılıb.
Kitabın "Azərbaycan Demokratik Respublikasında ibtidai
təhsil məsələləri" adlı birinci fəslində Azərbaycanın
maarifpərvər ziyalılarının son iki yüzillikdə, eləcə də
ötən əsrin əvvəllərində milli təhsilin inkişafı uğrunda
apardıqları mübarizə, Azərbaycanın 1918-1920-ci illərdə
qazandığı müstəqilliyin nailiyyətləri, ADR-də təhsilin
milliləşdirilməsi, ibtidai təhsilin və müəllim kadrları
hazırlığının təşkili, təhsilin məzmunu məsələləri, ADR
dövründə müəllim kadrları hazırlığında Qazax Müəllimlər
Seminariyasının rolu işıqlandırılıb.
İkinci fəsil "Azərbaycan Respublikası davamlı
müstəqillik qazandıqdan sonra ibtidai təhsilin milli və
ümumbəşəri dəyərlər əsasında inkişafı"na həsr olunub.
Müəllif burada öncə sovet hakimiyyətinin ilk illərində
ibtidai təhsilin məzmunu və təşkilinə qısa nəzər salıb,
sonra Azərbaycan Respublikasında 1991-ci ildən başlanan
milli təhsil siyasətindən 1918-1920-ci illərdəki
müstəqilliyin məntiqi davamı kimi söz açıb. Bu fəsildə
habelə ölkədə aparılan təhsil islahatları, təhsilin
məzmununda və metodlarında tətbiq olunan yeniliklər
ümumiləşdirilib. İbtidai təhsilin milli kurikulumunu
pedaqoji prosesə tam və sistemli yanaşma kimi
dəyərləndirən N.İsmayılova kurikulumun tətbiqi sahəsində
görülmüş işlərə də toxunub, ayrı-ayrı müəllimlərin yeni
kurikulumlarla iş təcrübəsindən nümunələr verib.
Monoqrafiya əsasən elmi tədqiqat işçiləri, magistr və
doktorantlar üçün nəzərdə tutulsa da ondan digər
maraqlananlar da qiymətli mənbə kimi istifadə edə
bilərlər.
Yusif ƏLİYEV |