Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Beynəlxalq təhsil xəbərləri

 

Əlavə musiqi dərsləri şagirdlərin məktəbə münasibətini yaxşılaşdıra bilər 

Bu barədə Finlandiya alimlərinin apardığı tədqiqatların nəticələri deməyə əsas verir.  Music Education Research jurnalında dərc olunmuş məqalədə alimlər bildirir ki, əlavə musiqi dərsləri şagirdlərin məktəbə münasibətini yaxşılaşdıra və sinifdə ab-havanı müsbət mənada dəyişə bilər.  Alimlər müəyyən ediblər ki, Finlandiya yüksək təhsil səviyyəsinə malik bir ölkədir. Lakin şagirdlərin məktəbə münasibəti o qədər də yaxşı deyil. Təklif olunub ki, tədris proqramına uşaqların arzularına müvafiq  və onları  birləşdirə biləcək idman məşğələləri, teatr və ya musiqi dərnəkləri salınsın. Belə ki, əvvəllər aparılmış bir neçə tədqiqat gedişində məlum olmuşdur ki, musiqi dərsləri şagirdlərin akademik uğurlarına müsbət təsir göstərir. Tədqiqatçılar əlavə musiqi dərslərinin uşaqların məktəbə və müəllimlərə  olan münasibətlərindəki rolunu müəyyən etməyə çalışıblar. Araşdırmalarda III və VI siniflərdən 9-12 yaşlı 735 uşaq iştirak edib. 317 uşaq həftədə yalnız bir musiqi dərsinin keçildiyi məktəbləri təmsil edib. Digər uşaqlar isə həftədə 3 əlavə musiqi dərsi keçiblər. Əlavə təsviri incəsənət və idman məşğələlərində iştirak edən 98 şagird də tədqiqatlara qatılıblar.  Alimlər müəyyən ediblər ki, əlavə musiqi dərslərinə qatılan şagirdlər, həftədə bir dəfə musiqi dərsləri alan digər şagirdlərə nisbətən məktəb həyatından daha çox razılıq ediblər. Əlavə musiqi dərslərinin keçildiyi siniflərdə ab-hava da yüksək olub. Bununla belə, digər əlavə  məşğələlər - idman və təsviri incəsənət əlavə musiqi dərslərinin verdiyi effekti verməyib.   

 

Müasir dünyada İKT-nin roluna dair araşdırma 

Intel korporasiyası İKT-nin müasir dünyada oynadığı rola dair araşdırma aparıb. Şirkətin irimiqyaslı tədqiqat işində dünyanın 7 ölkəsindən 18-24 yaşlı 12000 insan iştirak edib. Gənclər texnologiyaların rolunu müsbət qiymətləndiriblər. Bununla belə, onlar etiraf ediblər ki, texnologiyalar insanların daha artıq dərəcədə qapalı həyat sürmələrinə rəvac verə bilər.   Rəyi soruşulanların 86 faizi hesab edir ki, innovasiyalar onların həyatını daha asan edib. Respondentlərin 39 faizi qeyd edib ki, texnologiyalar şəxsi münasibətlərdə onlara kömək edir. Sorğuda iştirak edənlərin 36 faizi isə texnologiyaların insanlar və onların seçimləri barədə daha çox məlumat verməsini arzu edirlər.  Respondentlər ümid edirlər ki, innovasiyalar təhsil (57 faiz), nəqliyyat (52 faiz) və səhiyyə (49 faiz) sahəsini  yaxşılaşdıra bilər. Rəyi soruşulanların 49 faizi bu fikirdədir ki, cəmiyyət texnologiyalardan çox asılıdır. Sorğuda iştirak edənlərin 61 faizi hesab edir ki, texnologiyalar iş yerlərinin sayının azalmasına gətirib çıxara bilər. 

 

 

 

 

Uşaqların riyaziyyat sahəsində uğurları daha erkən yaş dövründə aşkar oluna bilər

Uşaqların riyaziyyata marağını erkən  uşaqlıq dövründən söyləmək olar. Bu barədə Amerika tədqiqatçılarının apardığı araşdırmalar söyləməyə əsas verir. İlk tədqiqatlarda 1,6 yaşlı  66  körpə iştirak edib.  Proceeding of The National Academy of Sciences  jurnalında dərc olunmuş məqalədə amerikalı alimlər qeyd edirlər ki, uşaqların riyaziyyat sahəsində nə qədər uğurlu olacaqlarını hələ onların erkən inkişaf dövründə əvvəlcədən söyləmək olar. Heç şübhəsiz ki, təhsil və ətraf mühit uşaqlarda riyazi qabiliyyət formalaşdırır. Lakin bu vaxta qədər məktəbəqədər yaşlı uşaqların hesablama təfəkkürünün inkişafının onların riyazi istedadının əsasını təşkil etməsinə dair fərziyyə heç vaxt yoxlanılmayıb. Amerikadakı Dyuk Universitetinin əməkdaşı Eriel Star və onun həmkarları, nəhayət, bu fərziyyəni sübut etməyə çalışıblar. Onların tədqiqatlarının nəticələri  bu fərziyyəni təsdiqləyən  ilk sübutlardır.

Alimlər iki eksperiment aparıb. İlk eksperimentdə iştirak edən 66 yaşyarımlıq uşağa müəyyən obyektlərin (məsələn, nöqtələr) olduğu şəkillər  göstərilib.  Daha sonra isə bu obyektlərin sayı dəyişib, bununla da uşaqların hesablama təfəkkürünün nə dərəcədə inkişaf etdiyini və onların təklif olunan obyektlər arasındakı fərqi ayırd edib-edə bilməmələrini müəyyən etmək olar.  3 ildən sonra isə ilk tədqiqatda iştirak etmiş uşaqlardan 48 nəfəri növbəti testdən keçib. Bu dəfə alimlər uşaqların rəqəmləri müqayisə etməsi  və hesablama aparmaq bacarıqlarını yoxlayıblar. Hər iki eksperimentdən əvvəl alimlər uşaqların intellektual inkişaf səviyyəsini müqayisə ediblər.   Məlum olub ki,  hələ erkən yaş dövründə çox inkişaf etmiş hesablama təfəkkürü büruzə vermiş  uşaqlar  3,5 yaşda daha yaxşı nəticələr nümayiş etdiriblər, baxmayaraq ki, onlara riyaziyyatın əsasını öyrətməyiblər.

Beləliklə də alimlər belə bir nəticəyə gəliblər ki, ilk baxışdan əşyaların sayını anadangəlmə qiymətləndirmək qabiliyyəti gələcəkdə riyaziyyat sahəsində qazanılan uğurların əsasını təşkil edir və bu,  daha erkən uşaqlıq dövründə akşar oluna bilər.  Alimlər hesab edirlər ki, bu tədqiqat işi uşaqların hesablama əməllərini   öyrənməsinə qədər onların riyazi təfəkkürünün inkişaf etdirilməsinə xidmət edən müxtəlif təhsil tədbirlərinin  həyata keçirilməsi üçün geniş imkanlar aça bilər.

 

Rusiya universitetlərində tələbə şuraları yaradılacaq

Rusiyanın Təhsil və Elm Nazirliyi ölkənin bütün ali məktəblərində tələbə şuralarının yaradılmasını həyata keçirəcək. "Uçitelskaya qazeta"nın yazdığına görə, nazirlik tələbə şuralarının ölkənin bütün regionlarında və bütün ali təhsil müəssisələrində yaradılmasını təmin edəcək. Təhsil və Elm Nazirliyinin uşaqların əlavə təhsili, gənclər siyasəti və tərbiyə departamentinin rəisi Aleksandr Stradzenin sözlərinə görə, nazirlik tələbə şuralarının yaradılması üzrə ümumi seçkilər keçirəcək. O əlavə edib ki,  nazirlik tələbə şuralarının tezliklə yaradılmasında və inkişaf etdirilməsində maraqlıdır. Rusiya ictimai palatasında çıxışı zamanı A.Stradze qeyd edib ki, nazirlik seçkilərin sistemli və daimi xarakter daşımasını istəyir.   "Təəssüflə qeyd etməliyik ki, bir çox universitetlərdə bu şuralar vətəndaş birlikləri deyil, kimlərinsə təyin etdiyi  qurumlardır",- deyə nazirliyin nümayəndəsi bildirib.   

Xarici mətbuat materialları əsasında
hazırladı:  Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov