Fİzika
təbiəti öyrənən elmlərdən ən mühümüdür. Ümumtəhsil
məktəblərində fizika fənninin əsas məqsədi şagirdlərdə
elmi dünyagörüşünü inkişaf etdirmək, məntiqi təfəkkürü
formalaşdırmaqdır.
İKT-nin səmərəli tətbiqi fizikanın tədrisinin
keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin
etməyə imkan verir.
Təcrübə göstərir ki, müasir fizika dərslərində İKT-dən
istifadə olunması şagirdlərdə fizikanı öyrənməyə marağı
artırır, mövzunun izah olunmasına ayrılan vaxta qənaət
edir, məktəb dərs vəsaitlərindən kənara çıxmağa, həmin
vəsaitlərin məzmununu dərinləşdirməyə və ona əlavələr
etməyə imkan verir. İKT həm də dərsdə diferensasiya və
fərdiləşdirməyə imkan yaradır.
Fikrimcə, əgər müəllim öz pedaqoji məharətini və
intellekt səviyyəsini artırmaq istəyirsə, o, dərsdə
kompüterdən geniş istifadə etməli, bu texniki vasitənin
böyük universal imkanlarından maksimum faydalanmağa
çalışmalıdır.
Mən dərslərimdə Mimio-lövhədən istifadə edirəm. Özüm
Power Point və Mimio proqramlarında müxtəlif təqdimatlar
hazırlamışam.
Artıq 4 ildir ki, Təhsil Nazirliyi "Elektron təhsil"
müsabiqəsi keçirir. Mən də bu müsabiqədə fəal iştirak
edirəm. Belə ki, 2011-ci ildə "Sabit cərəyan qanunları"
(Mimio proqramında), 2012-ci ildə isə "Ağırlıq qüvvəsi"
(Power Point proqramında) təqdimatlarımla həmin
müsabiqəyə qatılmışam.
Bütün bunları nəzərə alaraq 2012-ci ilin may ayında mən
öz şəxsi fənn saytımı yaratmışam. Saytın üstünlüyü
nədədir? Fikrimcə, sayt birincisi, bütün təqdimatları və
digər materialları bir yerdə cəmləşdirməyə imkan verir,
ikincisi, bu materiallardan həm müəllim, həm də
şagirdlər istifadə edə bilir. Üçüncüsü, fizika,
astronomiya və texnikaya aid olan maraqlı faktları,
təcrübələri saytda yerləşdirmək və şagirdlərdə fizika
fənninə marağı artırmaq mümkün olur.
Son illərdə dərslərimdə istifadə etdiyim təqdimatları,
videoçarxları, animasiyaları, olimpiada testlərini
"Elektron təhsil" müsabiqəsinə göndərilən fizika və
astronomiyaya aid olan seçilmiş təqdimatları saytıma
yerləşdirmişəm. Onlardan asanlıqla istifadə etmək olar.
Faydalı linklərdə isə həmkarlarım Mimio dərslərindən də
bəhrələnə bilərlər. Təhsil Nazirliyinin yaratdığı
"Təhsil" portalında fizikaya aid maraqlı səhifə var.
"Maraqlı təcrübələr" rubrikasında şagirdlər
videotəcrübələrə baxıb, özləri o təcrübələri evdə və
dərsdə göstərib, izah edirlər. Bu da şagirdlərin fizika
fənninə marağını artırır.
Şagirdlərin ekoloji tərbiyəsini inkişaf etdirmək məqsədi
ilə müəllimlərin istifadəsi üçün "Fizika və ekologiya"
rubrikasında yazdığım proqram da saytda yerləşdirilib.
Saytımdakı "Videoçarxlar" və "Flash" fizika rubrikaları
da, ümid edirəm ki, müəllimlərin diqqətini cəlb edəcək,
çünki burada fizika hadisələri və qanunları maraqlı
animasiya formasında təqdim olunur.
Bu il fizika fənni 6-cı sinifdən tədris olunur. Mən bu
kurs üçün maraqlı təqdimatlar hazırlayıram və
"Müəllimlərin prezentasiyaları" səhifəsində "Mexanika"
bölməsində yerləşdirirəm.
Saytım 2013-cü ildə "Elektron təhsil" müsabiqəsində II
yeri tutub. Ümidvaram ki, dərslərimdə geniş istifadə
etdiyim "Fyuzis" fənn saytım (aliyə-səlimova.ucoz.ru)
digər müəllimlər və şagirdlərə də faydalı olacaq.
Aliyə SƏLİMOVA,
Bakıdakı 264 nömrəli tam orta məktəbin fizika müəllimi |