Ümumi təhsilin məqsədi dövlət və cəmiyyətimiz üçün
vətəndaş formalaşdırmaqdır. Yeni təlim metodları
müəllimə şagirdlərlə daha səmərəli işləməyə, onların
intellektual potensialını aşkara çıxarmağa imkan verir.
İnteraktiv dərsin təşkilində əsas məqsəd mövzunu
hərtərəfli, geniş şərh etmək və yeri gəldikcə
fənlərarası əlaqəyə nail olmaqdır. Şagirdlərdə müstəqil
düşünmək, sərbəst rəy söyləmək, təhlil etmək və müasir
həyatla əlaqələndirmək qabiliyyətini formalaşdırmaq
interaktiv dərsin əsas tələblərindəndir. Mən də digər
həmkarlarım kimi, son illər təcrübəmdə interaktiv
dərslərin təşkilinə xüsusi fikir verirəm. VII sinifdə
ədəbiyyat fənnindən vətənpərvərlik mövzusunda keçdiyim
dərs nümunəsini bu baxımdan gənc həmkarlarım üçün
maraqlı olacağını nəzərə alıb təqdim edirəm.
Mövzu:
M.Arazın "Ayağa dur, Azərbaycan" şeirinin təhlili.
Standartlar:
1.1.3; 2.1.2; 3.1.2.
Məqsəd: Şagirdlərə şeiri təhlil etmək, nəticə çıxarmaq
bacarığı aşılamaq, onlarda vətəndaşlıq hisslərini
yüksəltmək.
İnteqrasiya:
Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, insan və
cəmiyyət.
İş forması:
fərdi, yarımqrup
Üsul:
"Beyin həmləsi", təqdimat, müsahibə
Resurslar:
Ədəbiyyat dərsliyi, M.Arazın seçilmiş əsərləri,
portreti, iş vərəqləri, krossvordlar, testlər,
qiymətləndirmə vərəqi, kompüter, proyektor.
I. Dərsin gedişi.
1. Motivasiya.
M.Arazın "Məndən ötdü..." şeirindən kiçik bir parça
söyləyir və əlavə edirəm ki, sevimli şairimiz M.Arazın
təbirincə, əsl vətəndaş xalqını odlu məhəbbətlə sevməli
və dövlətin müstəqilliyi uğrunda mübarizə aparmalıdır.
Siz necə fikirləşirsiniz? Əsl vətəndaş nə etməlidir?
Kimlər əsl vətəndaşlıq nümunəsidir?
Tədqiqat sualı:
Əsl vətəndaş necə olmalıdır?
Şagirdlərin cavabları göstərir ki, onlar vətən və xalq
yolunda xidmətləri olan insanları əsl vətəndaşlıq
nümunəsi hesab edirlər. Cavablar belədir: "Mən müstəqil
dövlətimizin qurucusu və memarı ulu öndərimiz Heydər
Əliyevi əsl vətəndaşlıq nümunəsi sanıram", "Mənim
fikrimcə, əsl vətəndaş Milli Qəhrəmanımız Mübariz
İbrahimov kimi olmalıdır", "Düşünürəm ki, xarici
ölkələrdə 8 dəfə bayrağımızı dalğalandıran, dəfələrlə
himnimizi səsləndirən, idmanın kik-boksinq növü üzrə
səkkizqat dünya çempionu Araz Musayev əsl vətəndaşlıq
nümunəsidir". Proyektorla 1992-1993-cü illərin siyasi
hadisələrindən hazırladığım fraqmentə baxıldıqdan sonra
şagirdlərə müraciət edirəm ki, "Əsl vətəndaş necə
olmalıdır" sualına daha ətraflı cavab tapmaq üçün bizim
qarşımızda mötəbər bir mənbə, gözəl bir vasitə vardır.
Bu, mayası vətənpərvərliklə yoğrulmuş Məmməd Arazın
"Ayağa dur, Azərbaycan!" şeiridir. Biz bu gün bu şeirin
təhlili üzərində işləyəcək və müasir dünyamızla
əlaqələndirəcəyik.
II. Tədqiqatın aparılması.
Tədqiqat aparmaq üçün şagirdlər qruplara bölünür və
qruplar "Qarabağ", "Təbriz" və "Vətən" adlandırılır.
İş vərəqlərini qruplara paylayıram. Suallar proyektorla
da işıqlandırılır.
İş vərəqi 1.
"Qarabağ" qrupu:
1) "Ayağa dur, Azərbaycan!" şeirinin məzmununu yazın.
2) Əgər M.Araz yaşasaydı, tale sizi onunla
görüşdürsəydi, siz ona hansı şeirini söyləyər və nəyi
müjdə verərdiniz?
3) "Mən vahid Azərbaycan haqqında nəyi düşünürəm?"
mövzusunda esse yazın.
İş vərəqi 2.
"Təbriz" qrupu:
1) "Ayağa dur, Azərbaycan!" şeirinin ideya və dil
xüsusiyyətlərini araşdırın.
2) Əgər sizə "Necəsiniz, problemləriniz varmı" sualı ilə
müraciət edilsəydi, siz onda necə cavab verərdiniz?
3) Vətənpərvərlik mövzusunda yazılmış şeirlərdən bir
parça söyləyin.
İş vərəqi 3.
"Vətən" qrupu:
1) "Ayağa dur, Azərbaycan!" şeirinin müasir əhəmiyyəti
haqqında danışın.
2) Şəhidlər xiyabanında uyuyan şəhidlərə sözünüz?
3) 1992-1993-cü illərdə erməni təcavüzkarları tərəfindən
işğal olunmuş vətən torpaqlarını xəritədə göstərin.
III. Məlumat mübadiləsi.
Verilmiş vaxt tamam olduqdan sonra ayrı-ayrı qruplar öz
işlərini təqdim edirlər. Yeni informasiya mübadiləsi baş
verir.
IV. Məlumatın müzakirəsi və təşkili.
Bu mərhələdə digər qruplar da sualların cavablarına
əlavələr edir, yanlış cavabları araya gətirir və düzgün
variantları qeyd edirlər.
V. Ümumiləşdirmə.
Qrupların təqdimatlarından sonra dərsi belə
ümumiləşdirirəm. Beləliklə, qrupların təqdimatlarını
dinlədikdən sonra hesab edirəm ki, "Qarabağ" və "Vətən"
qruplarının araşdırmaları dəqiq, təqdimatları isə
rabitəli, obrazlı və emosionaldır. "Təbriz" qrupunun
araşdırmalarından bəzi məqamlara aydınlıq gətirmək
istəyirəm. Yaxşı olardı ki, şeirin məzmunundan nümunələr
söyləməklə əsərin ideyasını açaydınız. Bu qrup əsərin
dil xüsusiyyətlərini də araşdırarkən bəzi yanlışlıqlara
yol vermişdir. Şeirdə yanlış olaraq "nər oğlu nər"
vulqar söz kimi qeyd olunmuşdur. Əslində isə nər sözü
igid mənasında işlənmişdir. Qeyd etməliydiniz ki, M.Araz
yaradıcılığının sevilməsinin bir sirri də şairin xalqla
xalqın dilində, vətənlə vətənin dilində danışmasıdır.
"Nə yatmısan?" deyir. Demir "Nə üçün yatmısan?". Şair
vətənlə danışanda demir "səndən ayrı biz hər şeyi bölə
bilərik". Deyir ki, "bölə billik" və s. bu kimi qaranlıq
məqamlara aydınlıq gətirəndən sonra nəticə çıxarıram.
Şagirdlərə müraciətlə deyirəm ki, sizin cavablarınız
təsdiq edir ki, siz tədqiqat sualını düzgün araşdırıb
doğru nəticə çıxarmısınız. Sizin meyarınıza görə, əsl
vətəndaş dövlət müstəqilliyi uğrunda, işğal olunmuş
vətən torpaqları uğrunda mübarizə aparmalıdır.
X.R.Ulutürkün təbiri ilə desək:
Vətəndaş olmasa boş şeydir vətən,
Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun arxasındakı
Vətənin layiqli övladlarıdır.
İnanırıq ki, siz Vətənin layiqli övladları olacaqsınız.
VI. Yaradıcı tətbiqetmə.
Şagirdlər krossvord və testlər üzərində işləyirlər.
Slaydda Azərbaycan Respublikasının xəritəsində
Azərbaycanın sərhədlərini göstərirlər.
VII. Qiymətləndirmə.
Qrupların çıxışlarını dinlədikdən sonra şagirdlərlə
birgə qiymətləndirmə cədvəlində meyarlar üzrə
qiymətləndirmə aparılır.
Ev tapşırığı: "Təki sən yaşa, Vətən" mövzusunda inşa
yazmaq.
Dərsi şagirdlərin ifasında Əhməd Cavadın "Çırpınırdı,
Qara dəniz" mahnısı ilə bitiririk.
Gülnaz TALIBOVA,
Masallı rayonu, F.Şükürov
adına
Lürən
kənd
tam orta məktəbinin
Azərbaycan
dilivə ədəbiyyat müəllimi |