| 
						
						
						Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədovla söhbət
						
						
						  
								
						 İlk dəfə Sahil Məmmədovdan 20 il əvvəl "Əsgər poçtu" 
						verilişində müsahibə götürmüşdüm. Onda hələ yaraları 
						təzə olsa da, qüruru, nikbinliyi diqqətimi çəkmişdi. Bu 
						gün- ilk müsahibəmizdən iki on il ötdükdən sonra da 
						döyüşçü qardaşımızı eynilə ondakı kimi nikbin, 
						qətiyyətli, dönməz gördüm.  Əziz məktəblilərimiz! Onu 
						siz də tanıyın: Azərbaycanın Milli Qəhrəmanı Məmmədov 
						Sahil Ələmdar oğlu. 
						
						- Fevralın 25-də, 1964-cü ildə  Qərbi Azərbaycanda, 
						Eçmiədzin rayonunun Yuxarı Necili kəndində (indiki 
						Ermənistanın Masis rayonu)  dünyaya göz açmışam. 
						Eçmiədzinin əsl adı Uluxanlıdır. Necilinin də adını 
						sonralar ermənilər dəyişdirib Nizami qoyublar. Hazırda 
						da Nizamidir, dəyişməyə  "ehtiyac" bilməyiblər.  
						
						
						- Maraqlıdır, Nizami ki, bizim klassik şairimizdir!? 
						
						- Elə məsələ burasındadır ki, onlar Nizamini hər zaman 
						fars şairi kimi "seviblər", indi də bununla demək 
						istəyirlər ki, dahi Nizaminin  azərbaycanlılara dəxli 
						yoxdur. 
						
						
						- Neçə yaşına qədər doğma yurdda yaşamısınız? 
								
						 - Yeddi yaşımadək - 1971-ci ilə qədər doğma kəndimizdə 
						yaşamışam. Ata-anam da, bacı-qardaşım da 1988-ci ildə 
						ermənilər tərəfindən deportasiya edilənə kimi Necilidə 
						yaşayıblar. 
						
						Biz ailədə üç uşaqdıq. Böyük qardaşım, bacım və mən. Bir 
						əmim o vaxt Ucarın Alpoud kəndində  müəllim işləyirdi. 
						Sonralar onu Bakıdakı məktəblərdən birinə 
						dəyişdirdilər.  Məni də atam 1971-ci ildə  Bakıya - 
						nənəmlə əmimin yanına göndərdi.  
						
						Həmin il  paytaxtın Bakıxanov qəsəbəsindəki 96 nömrəli 
						məktəbdə birinci sinfə getdim. 1981-ci ildə həmin 
						məktəbi bitirdim. 
						
						
						- Orta məktəbdə oxuduğunuz illər necə keçdi? 
						
						- Mən  ailənin sonbeşiyi idim, bir az da təbiətən şuluq 
						uşaqdım... Zəhra nənəm o qədər zabitəli qadın idi ki... 
						Şuluq olsam da, dərslərimə çox ciddi yanaşırdım. Odur 
						ki, məktəbi yüksək qiymətlərlə başa vurdum.  
						
						Hərdən məktəb illərim üçün qəribsəyirəm. İbtidai sinif 
						müəllimlərim daha tez-tez düşür yadıma. Məlahət, Solmaz, 
						Fəxriyyə,  Zakir müəllim... hamısını ehtiramla 
						xatırlayıram. Həyatda olan müəllimlərimə cansağlığı, 
						dünyadan köçənlərə rəhmət diləyirəm. 
						
						Çoxlu məktəb dostlarım var. Hər zaman vaxt tapıb 
						görüşürük. O vaxt evimiz  Bakıxanov qəsəbəsində 
						yerləşirdi. Məktəb dostlarımın əksəriyyəti elə indi də 
						həmin  qəsəbədə yaşayır.  
						
						
						- Orta məktəb illərində hobbiniz nə olub? 
						
						- O illərdə boksla, bir qədər sonra  isə güləşlə  
						yaxından məşğul 
						olurdum.                                                                          
						 
						
						
						- Əcnəbi dillərdən hansıları bilirsiniz? 
						
						- Rus dilini lazımi səviyyədə bilirəm. Türk dilini də 
						bilirəm. Hər zaman arzum olub ki, ingilis dilində 
						danışmağı bacarım. Buna cəhd də etmişəm. Amma alınmayıb. 
						Nədənsə alman dilini daha yaxşı qavramışam, nəinki 
						ingilis dilini...  
						
						
						- Azərbaycan incəsənətində sizi cəlb edən sahə hansıdır? 
						
						- Milli musiqimizin şah zirvəsi muğamlarımız! Muğamı heç 
						bir musiqiyə dəyişmərəm.               
						
						
						- Sevimli məşğuliyyətiniz? 
						
						- Mütaliə. Ancaq düzü son vaxtlar  mütaliəyə çox vaxt 
						ayıra bilmirəm. 
						
						
						- Sosial şəbəkələrə müraciət edirsiniz? 
						
						- Əslində ağıllı yanaşanda, bu, çox mütərəqqi bir 
						nailiyyətdir. Keçən il Sankt-Peterburqa getmişdim. Ali 
						məktəbi bitirməyimizin 25 illiyi idi. Orada tələbə 
						yoldaşlarımla, müəllimlərimlə görüşdüm. Bu gün İnternet 
						vasitəsilə bir-birimizlə əlaqələrimiz var, vaxtaşırı  
						hal-əhval tuturuq, söhbət edirik. Bu yaxşı şeydir. Amma 
						gənc nəslin, daha çox da məktəblilərin lüzumsuz yerə 
						İnternetdə vaxt öldürməsinə təəssüf hissilə yanaşıram.
						 
						
						
						- Sənət yolunuzu  müəyyənləşdirərkən kimsə sizə 
						istiqamət verdi? 
						
						- Qətiyyən. Hərbiçi peşəsini öz istəyimlə seçdim. 
						1982-ci ildə Moskvanın Krasnoqorsk şəhərinə hərbi 
						xidmətə çağırıldım. Bir ildən sonra, yəni 1983-cü ildə 
						öz arzumla  SSRİ  Daxili İşlər Nazirliyinin Leninqrad 
						şəhərindəki (indiki Sankt- Peterburq) Ali Siyasi 
						Məktəbinə qəbul olundum. 1987-ci ildə həmin məktəbi 
						bitirdikdən sonra Ukraynanın Kiyev şəhərinə gəldim və 
						1992-ci ilin yanvar ayına kimi orada qulluq elədim. 
						1992-ci ilin yanvarında Vətənə döndüm.  
						
						1988-ci ildə valideynlərim bütün qərbi azərbaycanlılar 
						kimi dədə-baba yurdlarından artıq deportasiya 
						olunmuşdular. Rusiyadakı işimi-gücümü atıb vətənə 
						qayıtmağımın başlıca iki səbəbi vardı: birincisi, 
						düşünürdüm ki, vətənimin dar günüdür, mən də hərbiçi 
						adamam, vətənin harayına yetişməliyəm, ikincisi də, 
						yaşlanmış valideynlərimi tək qoymamaq, onların yanına 
						qayıtmaq  övlad olaraq borcumdu.  
						
						O zaman hərbi qulluqçu kimi SSRİ Daxili Qoşunlarında 
						rota komandirinin müavini işləyirdim, özüm də baş 
						leytenant rütbəsində idim. Azərbaycana gəlib Daxili 
						İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başladım. 
						Bir-iki aydan sonra könüllü olaraq cəbhə bölgəsinə 
						yollandım. İlk getdiyim rayon Zəngilan oldu. Onda 
						1992-ci ilin mart ayı idi. 
						
						O vaxt nəinki Qarabağ, həm də Qarabağətrafı rayonların 
						hamısında artıq sabitlik pozulmuşdu. Həmin dövrdə 
						gördüklərimdən heç nə yadımdan çıxmayıb. Ezam olundum 
						Zəngilana... Sərhəd bölgəsi olan rayonun Ağkənd, Dərəli, 
						Qazançı kəndlərində zastava rəisi təyin olundum. 
						 
						
						Qazançı kəndində bizim yüksəkliyimiz vardı,  ermənilərin 
						12 kəndinə gedən yol oradan keçirdi. Sakinlərimiz, 
						maşınlarımız sərbəst gediş-gəliş edə bilsin deyə, biz o 
						yüksəkliyi son gücümüzə qədər qoruyub saxladıq. Yeri 
						gəlmişkən, indi o yüksəklik  bizdə deyil... 
						
						Relyef baxımından düşməndən  xeyli yuxarıda mövqe 
						tutmuşduq. Ona görə də üstünlük  təbii ki, bizdəydi. Hər 
						dəfə döyüşü düşmən tərəf başlayırdı, itkini də daha çox 
						onlar verirdi. Əksər vaxtda da ölmüş əsgərlərinin 
						cənazəsini döyüş meydanlarında  qoyub qaçırdılar. 
						
						Dərəli kəndinin üstündə ermənilər  
						
						bir mağarada mövqe tutmuşdular. Bir gün  bir neçə nəfər 
						əsgərimlə oraya kəşfiyyata getdik. Gördük həmin mağarada 
						yığışıb  öz dillərində nəyisə müzakirə edirlər. Bizim 
						uşaqlar əvvəlcə mağaraya sarı qumbara atdılar, sonra 
						silahları işə saldıq. Düşmən bir qədər silahlı müqavimət 
						göstərdikdən sonra digər tərəfdən zirehli texnika ilə 
						üstümüzə gəlməyə başladı. Biz həm sayca az idik, həm də 
						zirehli texnikaya qarşı əlimizdə elə bir texnikamız yox 
						idi. Atəş aça-aça çox çətinliklə yenidən  Qazançıya 
						çəkildik. Ancaq nəticə etibarilə düşmən də mağaranı tərk 
						etdi.  
						
						1992-ci il iyunun 2-də Qazançı kəndinə düşmən tərəf yenə 
						də qəflətən hücuma keçdi. Biz onları güclü 
						müqavimətimizlə geri oturda bildik. Elə yenicə Qazançıya 
						qayıtmışdıq ki, bir də gördük təpədən dırnağa 
						silahlanmış çoxlu sayda düşmən qüvvəsi  bu dəfə zirehli 
						texnika ilə üstümüzə gəlir.  
						
						Qazançı kəndi oval vəziyyətdə, yəni qıyqacı dayanıb 
						dağların başında. Ona görə də düşmənlərin atdığı 
						silahların çoxu hədəfdən yan keçir, kəndin içinə 
						düşmürdü. Qəflətən düşmən tərəfdən atılan top mərmisinin 
						biri elektrik dirəyinə dəydi və  oradan ətrafa saçılan 
						qəlpələr sağ qolumu, sağ tərəfdən qarın nahiyəmi, sağ 
						ayağımı ağır yaraladı...  
						
						Məni sutka yarım  Zəngilan rayon xəstəxanasında 
						saxladılar. Düzü orada əməlli- başlı bir tibbi kömək də 
						olmadı, nəticədə mən sağ ayağımı itirəsi oldum. Bakıya - 
						hərbi hospitala gətiriləndə burada mənim yaramdan nələr 
						kənarlaşdırılmadı!? Ot-əncər, saman və s. Hərdən 
						düşünürəm ki, bəlkə də yaralanandan sonra sutka yarım 
						Zəngilanda saxlanmasaydım, o qədər qan itirməsəydim, 
						vaxtında yaram təmizlənsəydi, düzgün tibbi yardım 
						göstərilsəydi, ayağımı itirməzdim. Sonra da deyirəm ki, 
						yox, bu mənim alın yazımmış. O dövrdə çoxumuz vətən 
						yolunda  canımızı fəda etməyə hazır ruhda atılmışdıq 
						döyüşə...  
						
						Yaralandığım ilk dəqiqədən, sonrakı müalicə dövrlərində, 
						əməliyyat proseslərində heç zaman huşumu itirmədim. Baş 
						verənləri eşidir və dərk edirdim. Çoxlu qan itirdiyimdən 
						canımda üşütmə  dolaşırdı, amma huşum başımdaydı. Baş 
						verənləri xatırlaya bilirdim...  
						
						
						- Ayağa qalxa bilməyiniz neçə müddətdən sonra  mümkün 
						oldu? 
						
						- Hospitalda qalmağım iki ay yarıma qədər çəkdi. Məni bu 
						vəziyyətə gətirən düşmənə  nifrətim sonsuz idi. Təbii, 
						kim arzulayar ki, 28 yaşında bədəninin bir hissəsini 
						itirib qoltuq ağaclarına möhtac olsun. Amma millətimizin 
						qanında, o cümlədən mənim də qanımda  dolaşan  milli ruh 
						var ha... sonda o hər şeyə qalib gəldi. Öz-özümə 
						düşünürdüm ki, mən kadr üzrə zabitəm. Vaxtında zəhmət 
						çəkib oxumuşam, qulluq etmişəm və bilirəm ki, məni hara 
						göndərsələr, getməliyəm. Bu mənum vəzifə borcumdur.
						 
						
						O dövrdə atam da, anam da sağ idi. İndi anam sağdır, 
						yaşlanıb, atamı isə itirmişəm.  
						
						
						- Bütün anaların arzusudur ki, övladı sağ-salamat, həm 
						də gözünün qabağında olsun.  
						
						- İndi mən özüm də valideynəm. Yaxşı başa  düşürəm ki, 
						mən yaralananda valideynlərim nələr çəkiblər. 
						Yaralandıqdan bir neçə il sonra ailə qurdum. 15 fevral 
						1996-cı ildə  oğlum dünyaya gəldi. Adını Rəvan qoydum. 
						Oğlum bu il Türkiyə dövlət universitetlərindən birinə 
						qəbul olunub, ali tibbi təhsil alır. İnşallah, 
						stomatoloq olacaq. Bu, onun öz seçimidir.    
						
						Mən də bir zamanlar seçimimi özüm etmişdim, peşman 
						deyiləm. Hər halda, vücudumun  bir parçasını əsir 
						torpaqlarda əmanət qoyub gəlsəm də, vətənimin və 
						həmvətənlərimin qarşısında başım ucadır. 
						
						
						- Artıq Zəngilanın işğalından 20 il ötdü. Bu tarix sizə 
						nələri xatırladır? 
						
						- Qərbi Azərbaycanda qalan  doğma Necili üçün nə qədər 
						qəribsəyirəmsə, işğal altında inləyən Zəngilan üçün də, 
						qanımla suvardığım Qazançı üçün də birə-beş artıq acı 
						çəkirəm. Hər iki yer əsirlikdə qalan, hələlik əlimiz 
						çatmayan yurd yerlərimizdir. Tez-tez zəngilanlılarla 
						görüşlərimiz olur, vaxtaşırı məni Zəngilan məktəbinə 
						dəvət edirlər, məktəblilərlə təbliğat xarakterli 
						söhbətlərimiz olur.           
						
						
						- Geriyə, üzü vətənə qayıdış... 
						
						- Mən o günü görürəm. Biz müharibə əlilləri, biz Vətən 
						oğulları uğrunda əlimizdən, ayağımızdan, gözümüzdən 
						keçdiyimiz Vətəndən keçmərik! Vətən keçilməz!  
						 
						
						Məktəblilərimizə də üzümü tutub həmişə deyirəm: Birinci, 
						elm qazanmağa çox səy göstərsinlər, elmli olsunlar. 
						Azərbaycanın da, gənc nəslimizin özünün  də sabahı, 
						gələcəyi naminə məktəblilərimizin yüksək səviyyədə elmli 
						olması vacibdir. İkincisi, Azərbaycanın tarixini 
						dərindən öyrənməyə səy göstərsinlər. Ayaq basdığın, 
						üstündə boy atdığın torpağın tarixini bilmədən ona 
						sahiblik etmək çətindir. Qeyri-dillərdən də nə qədər çox 
						mənimsəsələr, o da xeyrimizədir. 
						
						Ermənilər və bir çox qeyri-millətlər həmişə münaqişəyə 
						girdikləri ölkənin dilini, adət-ənənələrini dərindən 
						mənimsəməyə can atıblar ki, bu da bir çox məqamlarda öz 
						məkrli niyyətlərini həyata keçirməkdə onlara yardımçı 
						amil olub. Təhsilin səviyyəsi millətin səviyyəsi 
						deməkdir. 
						
						Respublikamız gəncdir. Mən onun sabahına inanıram. 
						Azərbaycan dünya dövlətləri içərisində sayılan-seçilən 
						yerdə dayanır. Respublikamız  regionun lider dövləti 
						kimi qəbul edilir. 
						
						İnanıram ki, işğal altında qalan torpaqlarımızı da azad 
						edəcəyik. O günlər lap yaxındadır.   
						
						
						Hazırladı: Ellada UMUDLU  
						
						P.S. Üstünü ot basmış cığırlar, təkər səsini unutmuş 
						yollar, səsimizi yaddaşında əmanət saxlayan dağlar! 
						Üstünüzə çilənən qanımız çəkir bizi, vallah gələcəyik, 
						bu yolun geci-tezi var... |