22-25 oktyabr tarixlərində M.V.Lomonosov adına Moskva
Dövlət Universitetində Rusiyada qlobal tədqiqatların
əsasını qoymuş böyük rus alimi Vladimir İvanoviç
Vernadskinin 150 illiyinə həsr olunmuş
"Qlobalistika-2013" III Beynəlxalq elmi konqres
keçirilib.
Universitetin qlobal proseslər fakültəsinin təşəbbüsü
ilə artıq üçüncü dəfə baş tutan elmi forum rəsmi dəstək
alıb, YUNESKO və Qlobal Tədqiqatların Beynəlxalq
Konsorsiumu kimi beynəlxalq təşkilatların himayəsi
altında öz işini aparıb. Konqresin işində 40 ölkədən 500
nəfərdən çox nümayəndə iştirak edib. Konqresi giriş sözü
ilə təşkilat komitəsinin sədri, Qlobal Tədqiqatların
Beynəlxalq Assosiasiyasının fəxri prezidenti, Rusiya
Elmlər Akademiyasının vitse-prezidenti, MDU-nun rektoru,
akademik Viktor Sadovniçi açıb və tədbirin işinə uğurlar
arzulayıb.
Konqresdə Azərbaycanı təmsil edən alimlər arasında
Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, fəlsəfə doktoru,
respublikanın əməkdar müəllimi, Astara Pedaqoji
Kollecinin direktoru dosent Əlihəsən Həmzəyev də olub.
Ə.Həmzəyev nümayəndələr qarşısında "Qlobal iqtisadiyyat"
adlı məruzə ilə çıxış edib. Qlobal iqtisadiyyatın
müxtəlif formalarını müasirlik baxımından təhlil edən
alimin məruzəsi maraqla qarşılanıb.
Beynəlxalq elmi konqres çərçivəsində Meqatarix və sistem
proqnozlaşdırılmasının Avroasiya mərkəzi (REA-nın
Şərqşünaslıq İnstitutu) MDU-nun qlobal proseslər
fakültəsi ilə birgə "Böyük tarix və qlobal təkamül" adlı
simpozium da təşkil edib.
Konqresdə sivilizasiyaların böhranı və multikulturalizm
kontekstində qlobal siyasətin müxtəlif problemləri
müzakirə olunub. Mütəxəssislər fikirlərini bölüşüb,
praktik olaraq dərslərdə iştirak edib və təcrübə
mübadiləsi aparıblar.
Azad ABDULLAYEV |