| 
						
						
						Bahar KƏRİMOVA,Bakı Avropa Liseyinin psixoloqu
 
								
						 Yeniyetməlik 
						dövrü hər  bir şəxsiyyətin həyatında mühüm rol oynayan 
						bir dövrdür. Bir çox hallarda bu dövrü necə  başa 
						vurması şəxsiyyətin gələcək həyatında həlledici rol 
						oynayır. Şəxsiyyətin  və onu əhatə edən yaxınların bu 
						dövrdən nə dərəcədə müvəffəqiyyətlə çıxacaqları hər 
						birisi üçün çox önəmlidir. Nədir bəzən belə bizi 
						vahiməyə salan bu yeniyetməlik dövrü? Yeniyetməlik dövrü 
						11(12) -16(17) yaşları əhatə  edir.  Müasir zamanda bir 
						sıra ölkələrdə bu yaş dövrü alimlər tərəfindən hətta 25 
						yaşa qədər uzadılıb. Müxtəlif mədəniyyətlərin 
						özünəməxsus xüsusiyyətlərindən asılı olaraq bu yaş 
						dövrləri yenə də fərqlənir. Yeniyetmədə hansı psixoloji 
						xüsusiyyətlər müşahidə olunur? 
						
						Bu yaş dövründə yeniyetmə artıq böyük olmağa, tam 
						müstəqil, sərbəst olmağa, "öz mənini" təsdiq etməyə 
						çalışır. "Yeniyetmələr" valideynlərin qoyduğu qadağaları 
						qəbul etmir, onların əksinə hərəkət etməyə çalışırlar. 
						Valideynlərlə uşaqlar arasında  tez-tez ən sadə 
						məsələlərə görə böyük konfliktlər (münaqişələr) baş 
						verir. Yeniyetmə bəzən özündən də asılı olmadan özünün 
						belə gözləmədiyi hərəkətlər edir. Həmin hərəkətin, 
						hadisənin  nə səbəbdən baş verdiyini ondan soruşduqda 
						belə o onu izah edə bilmir.  
						
						Bildiyimiz  kimi yeniyetməlik dövründə uşaqlarda dərin 
						fizioloji  dəyişikliklərin də baş verdiyi bir dövrdür. 
						Yeniyetmənin orqanizmində köklü dəyişikliklər, xüsusən 
						də hormonal dəyişikliklər  baş verir. Bütün bunlar 
						yeniyetmənin  daha  impulsiv  olmasına, hadisələrə bəzən 
						qeyri-adekvat reaksiya verməsinə səbəb olur. Bunlardan 
						yeniyetmə özü də əziyyət çəkir. Bu dövrdə ətrafdakıların 
						ona qarşı olan hər hansı bir münasibətinə, verdikləri 
						qiymətə çox həssaslıqla yanaşır.  
						
						Yeniyetməlik  dövründə bir çox yeniyetmələrdə  təlimə 
						maraq azalır. Onlar daha çox vaxtlarını öz  həmyaşıdları 
						ilə keçirməyə, kompüterdə sosial şəbəkələrdə əlaqələr  
						qurmağa, 
								
								
						 oyunlar 
						oynamağa səy göstərirlər. Belə halların baş verməməsi  
						və valideynlər tərəfindən qarşısını almaq cəhdləri 
						təzyiqlə müşahidə edildikdə yeniyetmələrdə daha çox iki 
						davranış halı müşahidə olunur- o ya kəskin, aqressiv 
						reaksiya ilə valideynlərinə qarşı çıxış edir və ya 
						tədricən özünə qapanır, inamsızlıq, ümidsizlik hissləri 
						onu bürüyür.  Hər iki hal valideynin diqqətinə səbəb 
						olmalıdır. Mən deyərdim, ikinci hal daha çox 
						narahatçılığa səbəb ola bilən haldır. Çünki məhz belə 
						hallarda olan yeniyetmələrdə daha çox özünəqəsd, evi 
						tərk etmə (evdən qaçma)  və s. kimi hallar müşahidə 
						olunur. Belə yeniyetmələr ilk baxışda sakit, sözə qulaq 
						asan, valideynlərinə tam tabe olan şəxs təsəvvürü 
						yarada  bilər. Lakin yadda saxlamaq lazımdır ki, o bütün 
						hisslərini daxilə qapayır və daxili özünütəhlil ilə 
						məşğuldur. Valideynlər belə övladlarına qarşı daha 
						diqqətli  olmalıdırlar. Bunu valideyn nə vaxt və  necə 
						etməlidir? Çox təəssüflə qeyd etməliyəm ki, yeniyetməlik 
						dövründə uşaqda qabarıq   üzə çıxan bir çox 
						xüsusiyyətlər heç də o dövrdə formalaşan xüsusiyyətlər 
						deyil. Bu dövrdə yeniyetmədə müşahidə etdiyimiz  bir çox 
						xüsusiyyətlərin kökü  körpəlik dövründən başlayır. Belə 
						ki, körpəlik dövründə valideynin uşağa yanaşması, onlar 
						arasında olan münasibət gələcəkdə həm yeniyetmənin, həm 
						də valideynin bu dövrü daha uğurla, "ağrısız" keçməyinə 
						zəmin yaradır. Əgər körpəlik yaşlarından valideyn öz 
						övladı ilə səmimi, səmərəli münasibətlər qura 
						bilməyibsə, övladına bir şəxsiyyət kimi yanaşmayıbsa, 
						onda müstəqil olaraq düzgün qərarlar qəbul etmək, nəticə 
						çıxarmaq   kimi bacarıqlar, obyektiv 
						özünüqiymətləndirmə  formalaşdırmayıbsa, sözsüz ki, 
						gələcəkdə yeniyetməlik dövründə valideynlə yeniyetmə 
						arasında anlaşılmazlıqların olması və bu  dövrün daha 
						çətin keçirilməsi labüddür. 
								
								
						 Körpə 
						yaşlarında uşaq daim öz valideynləri ilə ünsiyyətdə 
						olmağa can atır, onların diqqətini özünə cəlb etməyə, 
						rəğbətini, tərifini qazanmağa çalışır. Valideynlərlə 
						keçirdiyi zaman və bu zaman etdikləri ümumi 
						fəaliyyətlər, misal üçün birlikdə konstruktor yığmaq, 
						rəsm çəkmək onlar üçün  ən əziz, ən çox istədikləri bir 
						məqam olur. Hər birimizin həyatında belə anlar olub və 
						uşaqlıqdan bu anları yada salıb onların həyatımızda necə 
						dərin iz buraxdığını yaxşı bilirik. Lakin çox təəssüf 
						ki, bir çox valideynlər bu məsələlərə  bir o qədər önəm 
						vermirlər və bununla da övladlarının həyatında  vacib 
						olan proseslərin formalaşmasına mənfi təsir etmiş 
						olurlar. Bu dövrdən fərqli olaraq yeniyetmə artıq 
						valideynləri ilə yox, öz həmyaşıdları ilə daha çox 
						ünsiyyətdə olmağa, sirlərini bölüşməyə, onların 
						rəğbətini qazanmağa  çalışırlar.  Məhz bu səbəbdən 
						valideynlərin körpəlik dövründən övladlarına daha 
						diqqətlə yanaşaraq dost münasibətlərini qura bilməsi hər 
						ikisi üçün gələcəkdə bir sıra problemlərin qarşısını 
						almağa böyük təsir göstərə bilər. Valideyn bu dövrdə 
						artıq uşağının hörmətini, etibarını qazanmalıdır. Bunu 
						xüsusilə ataların diqqətinə çatdırmağı vacib hesab 
						edirəm. Atalar övladlarının tərbiyəsində, inkişafında 
						mütləq yaxından iştirak etməlidirlər. Çox təəssüf ki, 
						bizim ailələrdə bu məsələyə yanaşma bir qədər fərqlidir. 
						Ailələrlə iş təcrübəmdə uşaqların ailədə tərbiyəsi ilə 
						ananın məşğul olmasının vacibliyi  bir çox atalar 
						tərəfindən  qeyd  olunur. Lakin bu düzgün olmayan 
						yanaşmadır.  Gələcəkdə oğlan yeniyetmələrlə daha çox 
						problemlər yaşana bilir. Ata ilə yeniyetmənin  səmimi 
						ünsiyyəti  onun üçün çox vacibdir.  Bir məsələni də 
						burada vurğulamağı vacib hesab edirəm. Belə ki, 
						körpəlikdən həddindən artıq  hər bir şeyin təsirindən 
						qorunan uşaqlar məhz yeniyetməlik dövründə hər hansı 
						mühitə düşdükdə onun təsirinə daha tez məruz qalırlar, 
						onun qoyduğu qaydaları  qəbul edirlər. Buna görə də 
						uşaqları daim müxtəlif təsirlərdən sadəcə olaraq qorumaq 
						yox, onları bu təsirləri görməyi, yaxşını pisdən 
						ayırmağı, nəticə çıxarmağı, mənfi təsirlərə qarşı çıxış 
						etmək bacarığını  formalaşdırmaq vacibdir. Valideynlər 
						körpəlik yaşlarından övladlarında dəyərlər sistemi 
						formalaşdırmalı, qarşılarına məqsəd qoyub ona necə nail 
						olmaq yollarını göstərməlidirlər.  Bütün bunları 
						valideyn təzyiqlə yox, daim övladına dəstək, istiqamət 
						verərək etməlidir. 
						
						Hər hansı bir sahəyə maraq, öyüd-nəsihətlə deyil, 
						valideynin şəxsi nümunəsi ilə, fəaliyyət və davranışı 
						ilə formalaşdırılmalıdır. Qeyd olunanlarla bağlı bəzi 
						valideynlər deyə bilərlər: o qədər ailə tanıyıram ki, 
						ata alim, ana alim, yüksək mədəniyyətli, ancaq uşaq tam 
						onların əksidir. Bəli, təəssüf ki, belə hallar da az 
						deyil. Ancaq  belə ailələrlə işlədikdə çox zaman məlum 
						olur ki, həmin uşaq heç də körpəlikdə valideynlərin 
						özləri ilə yaşamayıb və ya valideyn mütəmadi olaraq ezamiyyələrdə olub, işdən mütəmadi 
						olaraq çox gec gəlib, evdə övladı ilə söhbət etməyə, 
						emosional ünsiyyət saxlamağa, bir-birilə öz hisslərini, 
						fikirlərini bölüşməyə heç vaxtları belə olmayıb. Belə 
						bir halda həmin uşaq kimdən və nədən nümunə götürüb 
						inkişaf etməlidir? Bu zaman artıq valideyn diqqətinə, 
						qayğısına  ehtiyac   sözsüz ki, uşaqda  müəyyən 
						psixoloji keyfiyyətlərin formalaşmasında  öz təsirini  
						göstərəcək. Uşaq körpəlikdən valideyninin mütəmadi 
						olaraq müxtəlif situasiyalarda necə hərəkət etməsini, 
						qərar verməsini görmək imkanına malik olmalıdır. Əgər 
						uşaq körpəlikdən demək olar ki, bunları görmürsə, 
						müşahidə etmirsə onun valideyni kim olursa-olsun, o məhz 
						valideynində olan yüksək mədəniyyətə, bacarıqlara necə 
						yiyələnə bilər? Burada bir vacib məqamı bir daha 
						vurğulamaq istərdim. Hər bir valideyn əgər gələcəkdə 
						yeniyetməlik dövründə övladının onunla səmimi olmasını, 
						hissləri ilə bölüşməsini istəyirsə, övladı ilə öz 
						hisslərini paylaşmağı, bölüşməyi bacarmalıdır və bunu 
						mütləq etməlidir. Gəlin düşünək: övladlarımızla  
						həqiqətən bunları  edirikmi? 
						
						Yuxarıda qeyd olunanları nəzərə alaraq valideynlərə 
						aşağıdakıları məsləhət görmək istərdim:  
						
						
						*
						
						
						Hər hansı bir hadisə baş verdikdə, ilk növbədə, 
						övladınızı axıradək dinləyin,  həmin situasiya ilə bağlı 
						onun hansı hisslər keçirdiyini hiss etdiyinizi və 
						anladığınızı ona çatdırın. 
						
						
						*
						
						
						Övladınız daim onun həyatı ilə maraqlandığınızı 
						(nəzarəti yox),  emosional dəstəyinizi hiss etməlidir. 
						
						
						*
						
						
						Yeniyetmə ilə ünsiyyət  dialoq  şəklində olmalıdır. 
						Valideyn övladı ilə bərabər mövqedə danışmalıdır. 
						
						
						*
						
						
						Yadda saxlayın, yeniyetmə artıq öz  hüquqlarını, bərabər 
						münasibətləri tələb edən bir şəxsiyyətdir. Onun 
						hüquqlarına hörmətlə yanaşın. 
						
						
						*
						
						
						Yeniyetmənin  hər bir probleminə qarşı diqqətli olun. 
						Sizin nöqteyi-nəzərinizdən kiçik görünə bilən hər hansı 
						bir problem yeniyetmə  üçün tam əksinə ola bilər. 
						 
						
						
						*
						
						
						Övladınızla öz hisslərinizi, narahatçılıqlarınızı 
						bölüşün. Bəzən uşaqlar öz hisslərini verballaşdırmaqda 
						(sözlə ifadə etməkdə) çətinlik çəkirlər. Valideynlərin 
						bu cür yanaşması həm övladı ilə səmimi, yaxın münasibət 
						qurmağa, həm də yeniyetməyə öz daxili hisslərini ifadə 
						etməyə köməklik edəcək.  
						
						
						*
						
						
						Yeniyetməyə müstəqil qərarlar qəbul etməkdə yardımçı 
						olun. 
						
						
						*
						
						
						Yeniyetməyə qarşı irəli sürdüyünüz tələblər onun 
						imkanlarını aşmamalıdır. Əks halda onda aqressivlik, 
						inamsızlıq artacaq. 
						
						
						*
						
						
						Övladınızı yeniyetməlik  dövründən daha erkən vaxtlarda 
						müxtəlif dərnəklərə aparın, müxtəlif sahələrə maraq 
						yaradın (idman bölmələri-basketbol, şahmat, üzgüçülük və 
						s., rəqs, musiqi dərnəkləri). Belə etdikdə yeniyetməlik 
						dövründə övladınızın daha pozitiv qruplarda həmyaşıdları 
						ilə birləşmək imkanı artır. 
						
						
						*
						
						
						Yeniyetməni ətrafınızda olan daha çox uğur qazananlarla 
						müqayisə etməyin. Belə etdikdə valideyn özünə qarşı 
						aqressiya yaradır, yeniyetmənin "məni"ni  zəiflətmiş 
						olur, inamsızlıq, digərinə qarşı nifrət hissi yaratmış 
						olur.  
						
						
						*
						
						
						Övladınızla hər hansı problemi müzakirə etdikdə yaranmış 
						situasiyada yeniyetmənin bütövlükdə şəxsiyyətinin deyil, 
						məhz hansısa davranışının sizin xoşunuza gəlmədiyini 
						söyləyin, hansı ki, düzəldilə bilər.   Bunu valideyn 
						uşağa çatdırmalıdır. 
						
						
						*
						
						
						Övladınıza hər hansı qadağa qoyduqda onlar çox 
						olmamalıdır, eyni zamanda çox sərt olmamalı və dəyişilə 
						bilən olmalıdır. 
						
						
						*
						
						
						Hər bir valideyn bilməlidir ki, o və övladı fərqli 
						zamanlarda yaşayırlar. 
						
						
						*
						
						
						Övladınız bilməlidir ki, siz onu onun özünə görə 
						sevirsiniz, yalnız əldə etdiyi nailiyyətlərə görə yox. 
						
						
						*
						
						
						Valideyn yadda saxlamalıdır ki, hər bir insan istər 
						uşaq, istərsə də  böyük, həyatda səhv edə bilər. Lakin 
						ən əsası bu səhvi görmək, müəyyən etmək, aradan 
						qaldırmaq və inkişaf etməkdir.Yeniyetməlik dövründə isə 
						uşağın orqanizmində baş verən dərin fizioloji 
						dəyişiklikləri nəzərə alsaq, onlara qarşı daha səbirli, 
						çevik, diqqətli olmağımız onlara daha çox fayda verə 
						bilər. |