Nərmin
MƏMMƏDLİ,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının tələbəsi
1996-cı ildə Mingəçevir şəhərində anadan olub. 2013-cü
ildə Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli
tam orta məktəbi qızıl medalla bitirib. Oxuduğu illərdə
respublika fənn olimpiadalarında ingilis dili üzrə II,
tarix fənni üzrə III yerə layiq görülüb.
Ali məktəbə qəbul imtahanında 700 bal toplayaraq
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin
hüquqşünaslıq ixtisasına qəbul olub.
Bu gün Nərmin Məmmədli Prezident İlham Əliyevin
sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüyündən
qürur hissi keçirir. Deyir ki, gənclərə olan bu cür
diqqət onların savadlı mütəxəssis kimi yetişməsi üçün
stimuldur.
Düşünür ki, hər bir insan qarşısına məqsəd qoyarsa və bu
məqsədə çatmaq üçün yorulmadan çalışarsa, o, öz
arzusuna çata bilər.
Maya
ABBASOVA,
Bakı Dövlət Universitetinin tələbəsi
1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə
Bakıdakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta
məktəbi qızıl medalla bitirib. Ali məktəblərə qəbul
imtahanında 690 bal toplayaraq BDU-nun hüquq fakültəsinə
daxil olub. 2010-2011-ci tədris ilində məktəblilərin
fənn olimpiadalarının şəhər turunda kimya fənni üzrə I
yeri tutub. 2011-ci ildə 20 Yanvar faciəsinin 21-ci
ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsində diplom
və qiymətli hədiyyə ilə təltif olunub. Eyni zamanda
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illik yubileyinə həsr olunmuş bilik olimpiadasında I,
Breyn-rinq intellektual oyununda isə II yeri qazanıb.
2011-ci ildə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi
nəzdində fəaliyyət göstərən Liderlik Məktəbinin Uşaq
Hüquqları Konvensiyası üzrə tam kursu bitirib.
Prezident təqaüdünə layiq görüldüyünə görə dövlətimizin
başçısına minnətdarlığını bildirir.
Günel
ABDULLAYEVA,
Bakı Dövlət Universitetinin tələbəsi
1996-cı ildə Bərdə rayonunda anadan olub. O, 2013-cü
ildə Bakıdakı 240 nömrəli orta məktəbi qızıl medalla
bitirib. Məktəb illərində "Araz" kurslarının keçirdiyi
"Ənənəvi bilik" yarışlarında II, Azərbaycan tarixindən
fənn olimpiadasının respublika turunda III yeri
qazanıb.
Bu il ali məktəbə qəbul imtahanında III qrup üzrə 695
bal toplayaraq BDU-nun hüquqşünaslıq fakültəsinə daxil
olub. Prezident təqaüdünə layiq görülməsi ona böyük
fəxr hissi bəxş edib. Qazandığı uğurlara görə 240
nömrəli orta məktəbin pedaqoji kollektivinə
minnətdardır. Onun arzusu universiteti əla qiymətlərlə
bitirib, peşəkar hüquqşünas olmaqdır.
Günel dərslərini yaxşı oxumaqla bərabər, həm də fəal
bir gəncdir. O, oxuduğu fakültənin ictimai işlərində
yaxından iştirak edir, tapşırılan işin öhdəsindən həmişə
yüksək səviyyədə gəlir.
Kənan
SƏFƏRLİ,
Qafqaz Universitetinin tələbəsi
1996-cı ildə Göyçay rayonunda anadan olub. 2002-ci ildə
Xalid Quliyev adına tam orta məktəbin I sinfinə daxil
olub. 2003-cü ildə Bakıya köçdüklərindən təhsilini
Bakıdakı 277 nömrəli idman təmayüllü tam orta məktəbdə
davam etdirib. Orta məktəbdə oxuduğu vaxtlarda idmanın
cudo növü ilə məşğul olub. "Araz" kursunda universitetə
qəbul olmaq üçün ciddi hazırlıq keçib.
2013-cü ildə orta məktəbi bitirdikdən sonra
uşaqlıqdan arzusunda olduğu Qafqaz Universitetinin
maliyyə fakültəsinə 690 balla qəbul olub. II qrup üzrə
ən yüksək bal toplayan Kənan Səfərli hazırda
universitetdə ingilis dilində oxuyur.
Universitetin hazırlıq fakültəsinin dekanı Cəlil
Ərdəm onun barəsində xoş sözlər dedi.
O, təhsildə əldə etdiyi bütün uğurlarına görə hər
şeydən əvvəl, orta məktəb müəllimlərinə borclu
olduğunu deyir.
Nərmin
MİKAYILOVA,
Qafqaz Universitetinin tələbəsi
1996-cı ildə Naxçıvan MR Şərur rayonunun Dizə
kəndində anadan olub. 2002-ci ildə həmin kənddəki tam
orta məktəbin I sinfinə qəbul olub və 2013-cü ildə
məktəbi bitirib. Məktəbdə oxuduğu vaxtlarda biologiya
fənnindən respublika fənn olimpiadasında III yeri
tutub.
Ali məktəblərə qəbul imtahanında 686 bal yığaraq
Qafqaz Universitetinin tərcüməçilik fakültəsinə qəbul
olub. İngilis dilində təhsil alır. Vaxtının çoxunu
universitetin kitabxanasında keçirir. Çalışır ki,
ingilis dilini yüksək səviyyədə öyrənsin.
Nərmin söhbət zamanı qeyd etdi ki, Prezident təqaüdünə
layiq görülmək böyük şərəfdir. Ən əsası bu adı
qorumaqdır.
Nərmin Mikayılova universiteti əla qiymətlərlə
qurtardıqdan sonra xaricdə magistratura pilləsində
təhsilini davam etdirmək istəyir.
Hazırladı: Şakir CƏFƏROV |