Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Qeyri-rəsmi

"Təhsil Nazirliyinin təbrik məktubu mənim üçün gözlənilməz oldu"

 

Rubrikamızın ilk qonağı Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevdir 

Cəmiyyətdə böyük nüfuz sahibi olan tanınmış dövlət, elm, təhsil, mədəniyyət, idman xadimlərini biz həmişə rəsmi şəraitdə, iş yerlərində, tədbirlərdə görməyə alışmışıq. Çox vaxt fərqinə varmırıq ki, hər kəs kimi onların da ömrünün çox hissəsi, necə deyərlər, qeyri-rəsmi şəraitdə, ailədə,  dostları, qohumları, yaxınları arasında keçir. Belə məqamlarda onlar necə görünürlər, iş qayğılarından kənarda onları nələr düşündürür, hobbiləri nədir, həyat mənbəyi olan zövqlərini nələrdən alırlar və s. Bunu nəzərə alaraq redaksiyamız qəzetimizin bu nömrəsindən yeni - "Qeyri rəsmi" rubrikası açır. Bu rubrika altında tanınmışların rəsmilikdən kənar həyatları və fəaliyyətləri, maraq dairələri, həyat olayları haqqındakı qənaətləri barədə yazılar verməyi nəzərdə tuturuq. Bu rubrikada ilk həmsöhbətimiz tanınmış pedaqoq-alim Əjdər Ağayevdir.  

- Əjdər müəllim, redaksiyamıza gəldiyiniz üçün sizə təşəkkür edirik. Bu günlərdə 76 yaşınız tamam olub. Ad gününüz münasibəti ilə sizi təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq. Ömrün 76-cı pilləsində özünüzə hesabat verəndə "həyatda  nələri  etmisiniz, nələri edə bilərdiniz"  barədə düşünürsünüzmü?

- Çox sağ olun. Düz deyirsiniz, hər bir insan yaşa dolandan sonra özü-özünə hesabat vermək məcburiyyətində qalır. Özü-özünə sual verir ki, sən neynəmisən, hansı xeyirxahlıqları etmisən, hansı yaxşı əməllərin sahibisən? Səndən sonra hansı izin qalacaq? Daha nələri edə bilərdin? Hansı səhvlərin olub? Mən də bu sualları özümə verirəm və təbii ki, ilk növbədə ən faydalı olan əməllərimi xatırlayıram.

Həyatımı bütünlüklə təhsilə həsr etmişəm. İstər təhsil almaq, istər təhsil vermək - hər iki sahədə əmək sərf etməkdən zövq almışam. Çox gərgin zəhmətlə, yaradıcılıqla, elmi araşdırmalarla məşğul olmuşam. Tədqiqatlar aparmışam, dövlət televiziyasında  30 ildən artıq təlim-tərbiyə, təhsil  məsələlərindən bəhs edən verilişlərin  müəllifi və aparıcısı, ekranda pedaqogika jurnalistikasının yaradıcısı olmuşam.

Böyütmək üçün şəkili seçinXeyli kitablarım, qəzet məqalələrim, müsahibələrim çap olunub. Hələ arxivimdə nə qədər materiallarım var. Qırx nəfərdən  artıq aspirantın elmi rəhbəri olmuşam. Müdafiə ediblər, elmi dərəcə alıblar. "Azərbaycan məktəbi" jurnalının yeddi il baş redaktoru işləmişəm.

Respublikada keçirilən bir çox tədbirlərdə, plenumlarda, bir sıra rəsmi toplantılarda iştirak etmişəm. İctimai vəzifələr aparmışam. Hər zaman  özümə deyil, başqalarına daha çox faydalı olmağa çalışmışam. Harada işləmişəmsə hamıya ehtiram göstərmişəm, hamıdan da ehtiram görmüşəm.

Bu dediklərim mənim üçün mənəvi qazancdır. Ona görə də tutduğum doğru yoldan heç vaxt dönmürəm. Hər zaman haqqı müdafiə edirəm. Haqsıza da doğru yolu göstərirəm. Əqidəmə sadiqəm. Əqidəm hara göndərsə, o yola gedirəm. Öz etdiyim xeyirxahlıqlardan  hər zaman zövq alıram.

Ulu öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə 1998-ci ildə keçirilən Azərbaycan müəllimlərinin qurultayında onun proqram-göstərişi əsasında yaranan təhsil şurasına mənim sədrliyim o böyük şəxsiyyətin özü tərəfindən verilmişdir. Bu da məni çox ruhlandırmışdır.

- Yetmiş altı yaşınızı Təhsil Nazirliyi mətbuatda açıq təbrik elədi. Bu əslində yüksək bir qurumun sizə, sizin əməyinizə olan münasibəti deməkdir.

- Ötən il 75 yaşım tamam olanda dost-tanışdan saysız-hesabsız telefon zəngləri gəldi. Qafqaz Universiteti də 75 illik yubileyimlə əlaqədar  geniş tədbir keçirmişdi.

76 yaşımın təbriki isə, doğrudan da,  mənim üçün gözlənilməz oldu. Çünki özümü 80-ə kökləmişdim. Ancaq bir neçə gün əvvəl Təhsil Nazirliyindən mənə zəng edib deyəndə ki, nazirlik sizi mətbuat vasitəsilə təbrik edir, "Azərbaycan müəllimi"nin növbəti sayında oxuyarsınız, düzü, bu mənim üçün sürpriz oldu. "Facebook"da da tələbələrim xeyli təbriklər yazıblar.

- Əjdər müəllim, yaşın müdrik çağındasınız. "Gənclik bilsəydi, qocalıq bacarsaydı..." belə bir deyim var. Bu yaşda təhsil sahəsində bildiyiniz, amma yaşınız imkan vermədiyi üçün həyata keçirməyi bacarmadığınız nəsə varmı?

- Tədris işindəki fəaliyyətimi hələ ki, layiqincə davam etdirə bilirəm, bacarıram. Qaldı ki həmişə Rusiyada, Türkiyədə, Amerikada keçirilən  beynəlxalq elmi-praktik konfranslarda olmuşam, indi səhhətimə görə elə tədbirlərə gedə bilmirəm. Ürəyimdəki əməliyyatdan sonra təyyarə ilə uçmağı həkimlər məsləhət bilmirlər.

Beynəlxalq elmi konfranslar insana çox şey verir. Yeni insanlar, yeni əlaqələr, yeni elmi əməkdaşlıq... Türkiyədə  keçirilən elmi konfranslarda, qurultaylarda azından 4-5 dəfə iştirak etmişəm. Ona görə də Türkiyənin İnternet saytlarında mənim adım, kitablarım, məruzələrim haqqında məlumatlar var. Türkiyədə də, Rusiyada da, Orta Asiyada da məni tanıyırlar. İndiki yaşımda özümü daha püxtələşmiş hesab edirəm. İnsan yaşa dolduqca püxtələşir, hər şeyə məsuliyyəti artır. Əvvəllər bir yazını yazan kimi çapa verirdimsə, indi yazdığıma on gündən sonra bir də yenidən baxmasam, onu çapa vermirəm. Çalışıram ki, yazdığımda bir söz də təkrar olunmasın. Yazılarımı hər şeydən əvvəl oxucu gözü ilə oxuyub dəyərləndirirəm. Hər bir məqalənin özünün ahəngi var. Poeziya ahəngi kimi... Hərdən də otuz il əvvəl yazdıqlarıma tənqidi bir nəzər salıram.

Böyütmək üçün şəkili seçin- Əjdər müəllim, iş gününüz necə başlayır?

- Erkən qalxmaq və vaxtında yatmaq insan üçün çox faydalıdır. Həmişə səhər saat 7-də yuxudan  qalxıram. Səhhətimə görə ən azı 8-9 saat yatmalıyam. Saat 9-a qədər təmiz hava alıram, arada balla qarışdırılmış su içirəm,  vacib həblərimi qəbul edirəm. Çox yüngül səhər yeməyindən sonra isə planlaşdırdığım hər hansı bir işimin arxasınca gedirəm.

Axşam saat 8-də bütün işlərimi bitirib bir qədər təmiz havada piyada gəzirəm, sonra da evə qayıdıram. Hər günümün öz konkret planı var. Dərslər, elmi məsləhətlər, elmi tədbirlər... bunlar mənim iş günümün əsasını təşkil edirlər. Vaxt qıtlığı  hər zaman yol yoldaşımdır. İnsan axtaranda iş tapır, çörək tapır, paltar tapır, bircə vaxtı tapa bilmir. Vaxt yeganə bir şansdır ki, onu lazım olan yerə sərf etməlisən. Vaxtı itirdinsə, onu nə tapmaq olur, nə də geri qaytarmaq. Ən çox kasadlıq çəkməyim vaxt sarıdan olub. Hərdən yaxınlarım deyir ki, yazırsan, pozursan, işləyirsən. A balam, bir istirahət  elə də! Urəyimi əməliyyat etdirəndən sonra bir müddət heç hara getmədim, guya özümə dinclik verdim. Sonra gördüm yox, belə "dinclik" mənə xoş gəlmir. Dedim, bilirsiz, nə var? Mən ayaq üstə ömrümü başa vuracam, özü də iş başında. Mənə işləyib yorulmaq daha xoşdur, nəinki bekarçılıqdan  darıxmaq.

- Vaxtınızı necə bölürsünüz?

- Kimsə mənə zəng edəndə ki, sabah  görüşək, üzr istəyib deyirəm ki, gələ bilməyəcəm. Çünki mənə ən azı bir həftə əvvəl demək lazımdır. Mən gələn həftəmin bütün günlərini, hətta saatlarını necə, harada keçirəcəyimi əvvəldən müəyyənləşdirmiş oluram. Ona görə də vaxt qıtlığı olmasın deyə hər işimi irəlicədən planlaşdırıram. Nazirliyin tədbirləri, ali məktəblərin, qeyri-hökumət təşkilatlarının tədbirləri, yazıçılarla, jurnalistlərlə, bəstəkarlarla, telekanallarla görüşlər, müzakirələr,  əlaqələr və s. Öncədən planlaşdırmasam, bütün bunlara necə vaxt çatdıraram?

- Bəzən adamların  hansısa bir işi alınmayanda deyirlər ki, günah altmışda və ya yetmişdədir. Belə bir hal sizdə də olurmu?

- Yox, mənim yaşla bağlı heç bir problemim yoxdur. Əslində yaş adama heç nə etmir. Çalışasan ki, yaxanı xəstəliyə tanıtmayasan. Həmişə yaddaşım da, diqqətim də yerindədir. Sadəcə yaşa görə hərəkət etmək, öz sambalını gözləmək vacibdir. Dünyada elə adamlar var ki, yaşlandıqca müdrikliyi artır, ipək kimi mülayim, qayğıkeş olur... Mən bax, belə  yaşlanmağın tərəfdarıyam.

- Övladlarınız haqqında nə deyə bilərsiniz?

- Üç qızım var. Böyük qızım tarixçidir, BDU-nu bitirib. Tarix elmləri namizədidir. Ailəlidir, bir qızı, bir oğlu var. Ortancıl qızım bioloqdur, bio-psixologiya ilə məşğuldur. Onun da ailəsi, bir qızı, bir oğlu var. Sonbeşik qızım həkim-stomatoloqdur. Uşaq stomatologiyası sahəsində işləyir. Ailəlidir, iki qızı var. Kiçik qızımgil bizimlə birlikdə yaşayırlar. Mən öz imkanlarım daxilində qızlarıma əlimdən gələni əsirgəmirəm.

- Ailə büdcəniz sizi qane edirmi?

- Allahımdan həmişə razı olmuşam ki, bütün zamanlarda yüksək əməkhaqqı almışam. Həyat  yoldaşım  biologiya müəllimidi. Kollecdə dərs deyirdi, bir neçə il əvvəl təqaüdə çıxıb. İndi hər ikimiz təqaüd alırıq. Üstəlik də 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsüyəm. Ən gənc fərdi Prezident təqaüdü alan adamlardan biri mənəm.

- Ürəyinizdən harada əməliyyat olunmusunuz?

- Türkiyənin Bursa şəhərində əməliyyat olundum. Bursalıların danışığı bizimkindən bir elə də fərqlənmir. Yeri gəlmişkən, mən həm də Qafqaz Universitetində çalışıram. Ürəyim əməliyyat olunanda, gediş-gəliş haqqımı Qafqaz Universiteti ödədi. Universitetin rektoru əməliyyat olunacağım xəstəxananın baş həkiminə telefonoqramma göndərib xahiş etdi ki, mənim əməliyyatımı  20 faiz ödəniş etməklə həyata keçirsinlər. Əməliyyatdan  bir gün əvvəl  məni  fizioloji, psixoloji hazırlayandan sonra, əməliyyatı həyata keçirəcək  cərrah palatama gəlib dedi ki, hocam, mən sizi para almadan əməliyyat edəcəm. Türkiyədə müəllimə, alimə, jurnalistə çox  ehtiram göstərirlər.

Mən maddi cəhətdən yüksək iddiaları olmayan bir  insan kimi ailəmi normal dolandıra bilirəm. Dahi Üzeyir Hacıbəyli deyirdi ki, "müəllimin istirahəti uşaqların  dəftərlərini yoxlamaqdı, mükəlləfiyyəti partalardı, qazandığı da elin, "sağ ol"u, məhəbbəti". Mən də bunlara sahib olduğum üçün həyatıma şükürlər edirəm. Nəinki işləyəndə, dərs deyəndə, hətta yemək yeyəndə də istəyirəm ki, ondan zövq alım.

- Əjdər müəllim, 76 yaşın ucalığından  geriyə boylananda ən çox yadınızda nə qalıb?

- Həyatımda maraqlı günlərim çox olub. Yaradana ilahi bir bağlılığım var. Atamı çox erkən - 12 yaşımda itirmişəm. Böyük qardaşımın himayəsində böyümüşəm. Orta məktəbdə oxuyanda son üç ili - 8, 9, 10-cu sinifləri çox çətinliklə məktəbə getmişəm. Çünki kəndimizdə orta məktəb yox idi deyə, Salyan məktəbinə getməyə məcburdum. Həftənin əvvəlində gecə qatara minib Salyana gedir, gecəyarısı saat 3-də internatın yataqxanasına çatırdım. Həftənin sonunda evimizə qayıdanda yenə eyni məşəqqəti çəkirdim. Salyandan Şorsuluya qədər yol maşınlarından biri ilə gedirdim. Şorsulu ilə kəndimiz arasındakı  12 km yolu isə  hər həftə piyada gedib-gəlirdim. Ali məktəb illərimdə evdən daha o qədər də kömək istəmirdim. Böyük qardaşım ayda 20 manat göndərə bilirdi. Şair dostum Əhəd Muxtarla (Əhədulla Qəmbərov)  tələbə yoldaşı idik. Onunla birlikdə dərsdən sonra işləyirdik. Məsələn, Rus Dram Teatrında kütləvi səhnələrdə gedib iştirak edəndə bizə üç manat ödəyirdilər. Bədii yaradıcılıqla məşğul olurduq. Respublika qəzetlərində  çap ediləndə qonorar alırdıq. Bəzən  şeirlərimi ruscaya tərcümə edib "Molodyoj Azerbaydjana" qəzetində çap edirdilər.

Mən o vaxtkı APİ-nin tarix-filologiya fakültəsini bitirmişəm. Tələbəlik illərim çətin zamana düşmüşdü. Birinci kursu paltosuz yola verdik. İkinci kursda artıq saatımız, paltomuz vardı. Öz zəhmətimiz bahasına almışdıq. Əsas yeməyimiz Gədəbəy kartofu, bir də marqarin idi.

- O dövrün görkəmli şəxsiyyətlərindən, sizə dərs demiş müəllimlərdən kimlər daha çox yadınızda qalıb?

- Tələbəlik illərində görkəmli şəxsiyyətlərlə - Mir Cəlal Paşayev, Abdulla Şaiq, Nazim Hikmətlə görüşlərimiz olub. Mən o tədbirlərin hamısında yaxından iştirak etmiş, məruzə ilə çıxış eləmişəm. Sonralar həmin məruzələrimin üzərində işləyib  çap etdirdim. Müəllimlərim İsmayıl Şıxlını, Mikayıl Rəfilini, Şıxəli Qurbanovu, Əzəl Dəmirçizadəni həmişə hörmətlə xatırlayıram.

- Həm öyrənmisiniz, həm öyrətmisiniz. Elmdə razılaşmadığınız hansı sahə sizi narahat edir?

- Böyük qardaşım müəllim idi deyə, evimizdə həmişə çoxlu kitablarımız olub. Bəlkə  elə mütaliəni bu qədər sevməyimin də səbəbi o kitablar olub. Mən bir filoloq-tarixçi kimi, Nizami irsi ilə bağlı aparılan tədqiqatlardan razı qalmamışam. Çünki Nizamini sovet dövrünün  alimləri birtərəfli tədqiq ediblər. Mənə elə gəlir ki, dahi Nizamini alimlərimiz  yenidən tədqiq etməlidirlər ki, gənc nəsil onu olduğu kimi tanısın.

- Sizə edilən tövsiyələr?

- Müəllimimiz  Mikayıl Rəfilinin bir fikri həmişə yadımdadı: "İkinci kursda yazdığım məqaləyə görə vaxt olub ki, məni tənqid ediblər. Tövsiyəm odur ki, mükəmməlləşməyincə imzanı elmi məqalələrin altına qoymağa tələsmə". İndi hərdən arxivimə baxanda çap etdirmədiyim nə qədər əlyazmama rast gəlirəm.

Bir vaxtlar təhsil naziri işləmiş Mehdi Mehdizadə  də xatirəmdə dərin iz buraxıb. O da deyərdi ki, hər yazının altında imzanı qoyma.

- Əjdər müəllim, həyat yoldaşınızla tanışlığınız  necə olub? Xahiş edərdik, bu barədə də danışardınız.

- Bu çox maraqlı sual oldu. Aspiranturanı bitirəndən sonra elmi işimi müdafiə etmək ərəfəsində ailə qurmuşam. Yəni çox gənc yaşımda evlənməmişəm. İnstitutu bitirəndən sonra bir müddət kəndimizdən 60 km, Salyandan isə 6 km aralıda yerləşən Çuxanlı  kəndində həm dərs hissə müdiri, həm də  ədəbiyyat  müəllimi işlədim. Üstündən 8 il ötəndən sonra vaxtı ilə həmin kənddə dərs dediyim şagirdlərimdən biri ilə Bakıda bir toplantıda rastlaşdıq. O qız artıq rayonda pioner baş dəstə rəhbəri işləyirdi, həm də rayon komsomol komitəsinin büro üzvü idi. Qızın bacısı da müəllim idi. Mən əvvəl bacısına dedim ürəyimdən keçəni. O da dedi ki, ay Əjdər müəllim, mənim bacım çox ərköyün qızdı. Dedim, eybi yoxdu. Mən gənclərin psixologiyasını yaxşı bilirəm. Gənclərin elə bir yaş dövrü var ki, onlar heyva çubuğu kimi olur, hansı tərəfə istəsən əyə bilərsən. Ona görə də o dövrdə gəncliklə ehtiyatlı davranmaq, onları doğru yola istiqamətləndirmək lazımdır.

Böyük qardaşım çox zabitəli adam idi. Onun bir sözünü iki etməzdik. Bakıda idim. Bir də evdən xəbər aldım ki, məni nişanlayırlar. Kimə? Həmin o qıza... Getdim, nişanda iştirak etdim. Sonra yollandım Kislovodska- sanatoriyaya. Bir neçə gündən sonra qardaşımdan teleqram aldım ki, üç gündən sonra kənddə ol, toyunu edirik. Teleqramı oxuduqdan sonra poçta getdim, qardaşımla telefonla danışdım. "Gələ bilmirəm" deyəndə qardaşım  ilk dəfə olaraq mənə əsəbiləşdi və dedi ki, təcili kəndə qayıt. Heç demə, qızın yaxın qohumu ölüm ayağındaymış. Ona görə  tələsirlər ki, toy bir il təxirə düşməsin. Həqiqətən də toyumuzdan düz bir həftə sonra həmin şəxs dünyasını dəyişdi.

- İnternetlə, "Facebook"la işləyirsinizmi?

- Əlbəttə. Müasir şəraitdə hər bir elm adamı bunu bacarmalıdır. Bu mövzuda mənim bir çox məqalələrim də dərc olunub. Elektron poçtum var,  poçtu qəbul edirəm, yola salıram. "Facebook" səhifəm var. İnternet şəbəkəsi vasitəsilə mətbuatı izləyirəm. Yaşıma uyğun səviyyədə özümə lazım olan materialları İnternet vasitəsilə tapıram.

- Ömrün səkkizinci on ilini yarıdan keçmisiniz. Hansı onillik üçün daha çox qəribsəyirsiniz?

- Atalar deyib ki, keçən günə gün çatmaz, calasan günü-günə. Həyatım ziddiyyətlər içində, çabalarla keçməyib. Həmişə düz yolla getmişəm, həmişə dinc, rahat yaşamışam. Amma uğurluluqları ilə daha çox yadımda qalan  illər olub ki, onları  bir də təzədən yaşamaq istərdim. Niyə? Respublikada yeganə insanam ki, doktorluğumla professorluğum eyni anda verilib. Mənim elmi işim  problematik mövzuda olan ilk elmi işdir. İl yarıma mən bu mövzunun üzərində işləyib bitirdim. Ali Attestasiya Komitəsinin sədri o zaman Azad Mirzəcanzadə idi. O da çox mürəkkəb, tələbkar bir şəxs idi. Məni imzamdan tanıdığına görə elmi işimi diqqətlə oxumuşdu. Nəticədə doktorluq işimdən razı qalmışdı. AAK-ın rəyasət heyətində mənim doktorluq işimi və mənə professor  adı verilməsini təqdir etmişdi. Mən onun müəllimlik  məharətini hələ də xatırlayıram.

- Əjdər müəllim, gənc nazirimizin fəaliyyətinə münasibətiniz?

- Qismətimə təhsil nazirlərinin çoxu ilə işləmək düşüb. Yeni təhsil nazirimiz gəncdi, savadlı insandı, bir neçə dil bilir, təşəbbüskardır. Əgər dövlət başçımız  Mikayıl Cabbarova bu boyda etimad göstəribsə, deməli, o bu mövqeyə layiqdir. Mən Mikayıl Cabbarovun bu posta  təyinatına nikbin yanaşıram. Gənc nazirimizin fəaliyyətində məni qane edən əsas odur ki, hər şeyə tələsmədən, səbr və ağılla yanaşır, təmkinlə iş görür.

- Əjdər müəllim, maraqlı söhbət üçün çox sağ olun. Sizə uzun ömür və möhkəm cansağlığı arzulayırıq. 

Söhbəti yazdı:  Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov