Oktyabrın
30-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dillər
Universiteti və Britaniya Şurasının (British Council)
birgə təşkilatçılığı ilə "Xarici dillərin tədrisində
yeni tendensiyalar: mövcud təcrübə və inkişaf
strategiyaları" mövzusunda beynəlxalq elmi-praktik
konfrans keçirilib. Konfransda Təhsil Nazirliyinin,
ölkəmizdə fəaliyyət göstərən səfirliklərin məsul
şəxsləri, ali məktəblərin rəhbərləri, mütəxəssisləri,
KİV nümayəndələri iştirak ediblər. Konfransdan əvvəl
iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər
Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Akademik
Zərifə xanım Əliyevanın abidəsi önünə də tər çiçəklər
düzülüb. Şəhidlər xiyabanında vətənimizin azadlığı və
bütövlüyü uğrunda həlak olanların xatirəsi anılıb.
Konfrans iştirakçıları Bakı şəhərindəki Mikayıl Müşfiq
adına 18 nömrəli tam orta məktəblə də tanış olublar.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda Heydər Əliyev
muzey-lektoriyası ilə tanışlıqdan sonra konfransın
plenar iclası öz işinə başlayıb. Konfransı giriş sözü
ilə institutun rektoru, professor Asəf Zamanov açaraq
iştirakçıları salamlayıb, Azərbaycan Respublikasının
Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə uğurla
aparılan daxili və xarici siyasətin bütün sahələrə
olduğu kimi, elm və təhsil sahəsinə də müsbət təsirini
xüsusi vurğulayıb. Rektor Azərbaycanın 2011-ci ildə
BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən biri
seçilməsi, 2013-cü ildə dünyanın "kosmik ölkələri"
sırasına daxil olması, BMT-nin 2010-cu il üzrə insan
inkişafı hesabatına əsasən "orta insan inkişafı"
qrupundan "yüksək insan inkişafı" qrupuna daxil olmasını
diqqətə çəkərək, təhsilin maddi-texniki bazasının
gücləndirilməsi, həmçinin kadr potensialının
formalaşdırılması istiqamətində görülən işlərdən söz
açıb. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr
2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın əhəmiyyətini xüsusilə
vurğulayıb. Rektor müasir dünyada insan kapitalının
dövrün tələblərinə uyğun formalaşması üçün zəruri olan
yeniləşmiş ali təhsilin istənilən ölkənin sosial, siyasi
və texniki problemlərinin həllində zəruriliyindən, bütün
bu problemlərin uğurlu həlli üçün az əhəmiyyətli olmayan
məsələlərdən birinin də xarici dillərin yüksək səviyyədə
öyrədilməsi olmasından, məhz bu mənada həmin mövzuda
beynəlxalq konfransın keçirilməsinin aktuallığından
danışıb. Son beş ildə BPKİYİ-nin dünyanın 35-dən çox ali
məktəbi və elmi-tədqiqat institutu ilə səmərəli
əməkdaşlığını, professor-müəllim heyəti tərəfindən
respublikamızda və xaricdə nəşr etdirilən 700-dən çox
elmi əsərin (monoqrafiya, kitab, elmi məqalə və s.)
150-sinin xarici dövri jurnallarda nəşr edildiyini
məmnuniyyətlə qeyd edib.
Plenar iclasda Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli
Qədirov, Britaniya Şurasının Azərbaycan üzrə direktoru
xanım Yelizavet Vayt, Azərbaycan Milli TEMPUS ofisinin
rəhbəri Pərviz Bağırov, Belarus səfirliyinin rəsmisi
Dmitri Avsianski, Özbəkistan səfirliyinin rəsmisi
Cahangir Aminov, Azərbaycan Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev, Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini,
dosent Şaiq Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüsal İsmayılov və ali məktəblərin
nümayəndələri son 5 ildə BPKİYİ-nin təşkilatçılığı ilə
keçirilən artıq 9-cu beynəlxalq konfransın elmi və
pedaqoji potensialın formalaşması, təhsilin
keyfiyyətinin yüksəlməsi üçün əhəmiyyətini
vurğulayaraq, iştirakçıları təbrik ediblər.
Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin kafedra
müdiri, professor Layloxan Axmedova "Özbəkistanda xarici
dillərin tədrisində innovasiyalar", Britaniya Şurasının
rəsmisi Gülşən Hüseynova "Davamlı peşəkarlığın inkişafı
çərçivəsində atılan uğurlu addımlar" mövzularında
məruzələrlə çıxış ediblər.
Konfransın proqramına Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu,
Azərbaycan Dillər Universiteti, Bakı Slavyan
Universiteti, Böyük Britaniyanın Norviç Dil Təhsili
İnstitutu, Özbəkistan Dövlət Dünya Dilləri Universiteti,
Kiyev Milli Linqvistika Universiteti, Minsk Dövlət
Linqvistika Universiteti, Volqoqrad Dövlət Təhsil
İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma
Akademiyası, Gürcüstan Elm və Təhsil Nazirliyinin
Müəllimlərin Peşəkar İnkişafı Mərkəzi, Azərbaycan Turizm
İnstitutu, Qafqaz Universiteti və digər təhsil
müəssisələrinin mütəxəssislərinin məruzələri daxil
edilib.
İki gün davam edən konfransın plenar iclasında və üç
elmi bölməsində (müasir xarici dil təhsilinin metodoloji
aspektləri və tərcümənin problemləri; xarici dillərin
tədrisində innovativ texnologiyalar; xarici dillərin
tədrisinin psixoloji-pedaqoji problemləri) mütəxəssis
alimlərin 50-yə qədər məruzəsi dinlənilib və geniş
müzakirə edilib.
Oktyabrın 31-də beynəlxalq konfransa ev sahibliyi edən
BPKİYİ-nin rektoru, professor Asəf Zamanov konfransın
uğurla başa çatması münasibətilə iştirakçıları təbrik
edib və onlara sertifikatlar təqdim olunub.
Sifai SƏFƏROVA |