Oktyabrın
28-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli
lider Heydər Əliyevin büstünün və ADU-nun tələbəsi olmuş
20 Yanvar şəhidi Ülvi Bünyadzadənin muzeyinin açılış
mərasimləri keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilmişdir.
Universitetin foyesində qoyulan və müasir ornamentdə
hazırlanmış büstün açılış mərasimində çıxış edən ADU-nun
rektoru, Milli Məclisin deputatı, professor Səməd
Seyidov ümummilli lider Heydər Əliyevin Azərbaycanda
təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan
danışmışdır.
S.Seyidov ulu öndərin Azərbaycan təhsilinin dünya təhsil
sisteminə inteqrasiyasına hər zaman böyük önəm verdiyini
diqqətə çatdırmışdır. O, ümummilli liderin elm və təhsil
sahəsində müəyyənləşdirdiyi siyasətin Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyini
vurğulamışdır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev ümummilli lider Heydər Əliyevin müasir
müstəqil Azərbaycan dövlətinin yaranmasında və
möhkəmlənməsində, daxili və xarici siyasət
strategiyasının müəyyənləşdirilməsində misilsiz tarixi
xidmətlərindən danışmışdır. O, həmçinin Azərbaycan
Dillər Universitetinin ölkəmizin təhsil sistemində,
ictimai-siyasi həyatında oynadığı mühüm roldan bəhs
etmişdir.
Milli Məclisin deputatı, insan hüquqları komitəsinin
sədri Rəbiyyət Aslanova ulu öndər Heydər Əliyevin
Azərbaycanda elm və təhsilin, mədəniyyətin inkişafına,
yüksək ixtisaslı milli kadrların hazırlanmasına
göstərdiyi diqqət və qayğıdan söz açmış, ümummilli
liderin parlaq ideyalarının daim yaşayacağını
bildirmişdir.
Milli Məclisin deputatı Məlahət Həsənova bildirmişdir
ki, dahi şəxsiyyət Heydər Əliyev bütün həyatını doğma
xalqına, onun xoşbəxtliyinə, firavan gələcəyinə həsr
etmişdir. O demişdir ki, Azərbaycanın müasir tarixinin
böyük, həm də şərəfli bir dövrü Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndərin çoxşaxəli fəaliyyəti də,
şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir
hissəsini təşkil edir.
Sonra büstün üzərindən örtük götürülmüş, önünə əklil və
gül dəstələri qoyulmuşdur.
Daha sonra universitetin foyesində 20 Yanvar şəhidi Ülvi
Bünyadzadənin açıq muzeyinin açılışı olmuşdur.
Mərasimdə çıxış edən Ülvi Bünyadzadənin atası Yusif
Bünyadzadə oğlunun uşaqlıqdan Vətənə olan sevgisindən
danışmışdır. Azərbaycanın hər zaman qəhrəman oğullar
yetişdirdiyini deyən Y.Bünyadzadə Ülvinin göstərdiyi
igidliyə görə fəxr etdiyini demişdir. O, Azərbaycan
xalqının hər zaman şəhidlərə dərin ehtiram göstərdiyini
qeyd etmişdir. |