"Demokratik İnkişaf Platforması" İctimai Birliyi
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə yardımı ilə "Təbiət fənləri üzrə Avropanın
innovativ təcrübə texnologiyalarının Azərbaycan
ümumtəhsil məktəblərində tətbiqinə dəstək" layihəsini
həyata keçirir.
Bu ilin aprelindən başlayan layihə çərçivəsində
sentyabr-oktyabr aylarında paytaxtın təbiət fənlərindən
dərs deyən müəllimləri üçün 30 saatlıq təlimlər təşkil
edilib. İctimai birliyin ofisində Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin texniki yardımı ilə keçirilmiş 6
təlimdə hər qrupda 15 nəfər olmaqla ümumilikdə 80-dən
çox müəllim iştirak edib.
Məlumdur ki, ölkəmizdə fizika, kimya və biologiya üzrə
müasir tələblərə cavab verən, tam təchiz olunmuş
laboratoriyası olan ümumtəhsil məktəblərinin sayı çox
deyil. Ona görə də dərslər, əsasən, biliklərin ancaq
nəzəri olaraq mənimsənilməsi üzərində qurulur ki, bu da
təhsilin keyfiyyət səviyyəsinin aşağı düşməsinə,
mənimsənilmiş biliklərin uzunmüddətliliyinin təmin edilə
bilməməsinə səbəb olur. Bəs alternativ variantlar varmı
və hansı alternativ üsullardan istifadə etməklə
problemin böyük bir hissəsini həll etmək olar?
Təlimlər bu suala cavab tapılması üzərində qurulub və
müəllimlərə qeyd olunan problemin həllinə yardım etmək
üçün təbiət fənlərinin (fizika, kimya və biologiya)
tədrisi zamanı keçirilən elmi təcrübələrə aid Polşa
Respublikasının "Kopernik" Elmi Mərkəzində işlənib
hazırlanmış texnologiyadan istifadə etmək yolları barədə
istiqamət və ətraflı məlumat verilib.
Qeyd edək ki, bu texnologiyadan istifadə etməklə
laboratoriya şəraiti olmayan məktəbdə də elmi təcrübə
işlərinin böyük bir hissəsini yüksək səviyyədə və
keyfiyyətlə həyata keçirmək mümkündür. "Kopernik" Elmi
Mərkəzində işlənib hazırlanmış elmi təcrübələr spesifik
xüsusiyyətlərə malikdir: təhlükəsizdir, xüsusi
laboratoriya avadanlıqlarından istifadəyə ehtiyac
yoxdur, daha çox məişətdə gündəlik istifadə olunan əşya
və məmulatlardan istifadə edilməklə həyata keçirilir,
çox az miqdarda vəsait tələb edir, qazanılmış nəzəri
bilikləri təcrübədə sınaqdan keçirməyə imkan verir, tam
olaraq interaktiv təlim texnologiyaları prinsipləri
əsasında hazırlanıb, təlimin keyfiyyətinin
yüksəldilməsini təmin edir və ən intizamsız şagirddə də
dərsə, müəllimə və elmi tədqiqat işlərinə maraq oyadır,
onu yaxşı oxuyan şagirdlər sırasına qata bilir.
Boloniya prosesinin tələbinə uyğun olan bu
texnologiyadan hazırda Avropa ölkələrinin təhsil sistemi
geniş şəkildə yararlanır və 2009-cu ildən etibarən bu
texnologiya Gürcüstan Respublikasında da geniş tətbiq
olunur.
Bu təcrübə texnologiyasına əsaslanan layihələr
Azərbaycanda da həyata keçirilməyə başlanıb və birinci
mərhələdə "Partners" Fondu (Polşa) ilə "Demokratik
İnkişaf Platforması" İctimai Birliyinin birgə layihəsi
çərçivəsində "Kopernik" Elmi Mərkəzinin (Polşa)
mütəxəssisləri 11 Azərbaycan müəllimini "Təbii maraqlı
dərs" proqramı daxilində təlimçi qismində hazırlayıb.
Eyni zamanda layihə çərçivəsində fizika, kimya,
biologiya müəllimləri üçün "Fizika, kimya və
biologiyadan dərslərin daha maraqlı qurulmasını, dərs
məşğələlərinə və elmi tədqiqat işlərinə şagird marağının
artırılmasını necə təmin etməli?" adlı metodiki vəsait
1000 nüsxədə çap etdirilərək təhsil ictimaiyyətinə
çatdırılıb, www.lesson.org.pl İnternet səhifəsinin
Azərbaycan dilli bölməsi fəaliyyətə başlayıb.
Təhsil Problemləri İnstitutu təhsil ictimaiyyəti
nümayəndələrinin iştirakı ilə nəşr edilmiş metodiki
vəsaitin təqdimatını keçirib və bu texnologiyanın
ölkənin bütün ümumtəhsil məktəblərində yayılmasının
məqsədəuyğunluğu barədə müsbət rəy və tövsiyələr verib.
"Demokratik İnkişaf Platforması" İctimai Birliyi təklif
edilən təcrübə texnologiyası əsasında Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə "Avropanın innovativ təlim texnologiyalarının
Azərbaycan ümumtəhsil məktəblərində tətbiqi
perspektivləri və yeni fənn kurikulumlarının
hazırlanması haqqında regional ictimai müzakirələrin və
teledebatların təşkili" adlı layihə çərçivəsində
Goranboy və Tovuz rayonlarının təhsil ictimaiyyəti ilə
müzakirələr və bu istiqamətdə Türkel TV-də teledebat
keçirib. Həmin rayonların təhsil müəssisələri və təhsil
işçiləri elmi-metodiki vəsaitlə təmin edilib.
"Təbiət fənləri üzrə Avropanın innovativ təcrübə
texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində
tətbiqinə dəstək" layihəsi çərçivəsində isə Bakı
şəhərinin ümumtəhsil məktəblərinin təlimlərdə iştirak
edən müəllimləri və müvafiq məktəblər metodiki vəsaitlə
təmin ediliblər.
Təlimlərə oktyabrın 28-də yekun vurulub. 80 müəllimə
müvafiq sertifikatlar təqdim edilib.
Yusif ƏLİYEV |