Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun dəstəyi ilə noyabrın 14-dən 18-dək "Gənc
alimlər üçün qış məktəbinin təşkili" layihəsi
çərçivəsində tədbir keçirəcəkdir.
Cəmiyyətdən AzərTAc-a bildirmişlər ki, layihə Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli
sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.6-cı
bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət
və elmi ünsiyyət mühitinin yaradılmasına, elmi gəncliyin
fəaliyyətinin daha səmərəli qurulması və potensialının
reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki
ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına
optimal şərait yaradılması məqsədini daşıyır.
Tədbir günlərində "Texnoparklar: dünya təcrübəsi və
Azərbaycan", "Biznes inkubatorlar: Azərbaycanda tətbiqi
imkanları", "İnnovasiyalı cəmiyyətə doğru" mövzularında
seminarlar keçiriləcəkdir.
Eyni zamanda, qış məktəbi günlərində elmi-innovativ
işlərin, elm-təhsil mübadilə proqramlarının
təqdimatlarının, həmçinin mədəni-idman tədbirlərinin
keçirilməsi nəzərdə tutulub.
Qış məktəbinin açılış mərasimi noyabrın 14-də "Olimpik"
İdman və İstirahət Mərkəzində (Novxanı) təşkil
olunacaqdır.
Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, gənc
alim və tədqiqatçılar, KİV təmsilçiləri iştirak
edəcəklər.
Qış məktəbində AMEA-da çalışan və müxtəlif elm sahələri
üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar,
eyni zamanda, digər elmi-tədqiqat müəssisələrində və
universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar
arasından seçilmiş şəxslər iştirak edəcəklər. |