Oktyabrın
27-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında birinci
kursa qəbul olunmuş kursantların təntənəli andiçmə
mərasimi keçirilib. AzərTAc xəbər verir ki, bu hərbi
təhsil ocağının rəis müavini, polkovnik-leytenant
Müzəffər Pirizadə akademiyanın rəisi, general-mayor Araz
Məmmədova raport verib.
Akademiyanın döyüş bayrağı sıra meydanına gətirildikdən
sonra Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilib.
Akademiyaya yeni qəbul olunmuş kursantlar Vətənimizin
sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına,
respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə,
komandirlərin əmrlərini ləyaqətlə yerinə
yetirəcəklərinə, onlara göstərilən etimadı
doğruldacaqlarına təntənəli surətdə and içiblər.
Tədbirdə DSX rəisi - Sərhəd Qoşunlarının komandanı,
general-leytenant Elçin Quliyevin təbrik məktubu oxunub.
Mərasimdə çıxış edən akademiyanın rəisi general-mayor
A.Məmmədov kursantlara təbriklərini çatdırıb, onlara
qəbul etdikləri anda sadiq qalmağı və uğurlar arzulayıb.
Qeyd edilib ki, hərbi anda və dövlətçiliyə sadiqlik,
yüksək nizam-intizam, döyüş texnikasının, atıcı
silahların sirlərinə yiyələnmək hər bir kursantın
vəzifəsi olmalıdır. Çünki sərhədçilərin ən böyük
vəzifəsi Vətən torpaqlarının işğaldan azad edilməsi və
orada üçrəngli zəfər bayrağımızın dalğalanması, pozulmuş
sərhədlərimizin bərpasıdır.
Akademiyanın yaranma tarixi, keçdiyi uğurlu və şərəfli
inkişaf yolundan bəhs edən A.Məmmədov Azərbaycanda ordu
quruculuğu sahəsində, dövlət sərhədlərinin etibarlı
mühafizəsinin təşkili istiqamətində görülən işlərdən
danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sərhəd
Qoşunlarının madditexniki bazasının
möhkəmləndirilməsinə, sərhədlərimizin etibarlı
mühafizəsinin təşkil olunmasına, sərhədçilər üçün
nümunəvi xidmət və məişət şəraitinin yaradılmasına,
peşəkar sərhədçi kadrların hazırlanmasına hər zaman
xüsusi diqqət və qayğı göstərir.
A.Məmmədov xalqımızın azad və firavan
yaşaması, müstəqilliyimizin qorunub saxlanılması
yolunda gənc kursantlara içdikləri anda sadiq qalaraq
mətin, mübariz, mərd zabit kimi yetişərək Vətən
torpaqlarının müdafiəsinə hazır olmağı arzulayıb.
Gənc kursantlar adından çıxış edən Cümşüd Mehdiyev
komandir və valideynləri qarşısında dövlət sərhədlərini
göz bəbəyi kimi qoruyacaqlarını, sərhədçi peşəsinin
sirlərinə dərindən yiyələnəcəklərini, onun adını daim
uca tutacaqlarını bildirib.
Sonra hərbi orkestrin müşayiəti ilə kursantların
təntənəli keçidi olub.
Daha sonra akademiyanın akt zalında valideynlərlə görüş
keçirilib.
Sonda qonaqlar və valideynlər akademiyada yaradılmış
şəraitlə tanış olublar. |