Naxçıvan
Dövlət Universitetində Azərbaycan hökuməti və Beynəlxalq
İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi "Dövlət
İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi"
layihəsi çərçivəsində növbəti təlim kursu keçirilib.
Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən
statistik təhlil" üzrə keçirilən təlim kursunun açılış
mərasimində beynəlxalq əlaqələr üzrə prorektor,
riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış
edərək universitetdə müxtəlif mövzulara həsr olunmuş bir
neçə təlim kursunun uğurla reallaşdırılmasından bəhs
edib. Qeyd olunub ki, regionun bütün dövlət
strukturlarının və nazirliklərin əməkdaşlarını, habelə
universitetin müxtəlif ixtisaslar üzrə müəllim və
tələbələrini əhatə edən bu təlim kursları kadr hazırlığı
baxımından mühüm əhəmiyyət kəsb edir.
Universitetin rektoru, biologiya elmləri doktoru,
professor Saleh Məhərrəmov çıxışında təlim kurslarının
təşkilini muxtar respublika rəhbərliyinin dövlət
idarəçiliyi sahəsində milli kadr potensialının
gücləndirilməsini mütəxəssis hazırlığına növbəti
qayğısı kimi qiymətləndirib. Rektor beynəlxalq
ekspertlərin təcrübələrinin öyrənilməsi və tətbiqinin
zəruriliyindən də danışıb.
Ekspert təlimçi, Azərbaycan Dövlət İqtisad
Universitetinin əməkdaşı, Azərbaycan Universiteti Biznes
məktəbinin dekanı Elçin Rəşidov, İqtisadi və Sosial
İnkişaf Mərkəzinin eksperti, ekonometika və maliyyə
fənləri üzrə təlimçi Ziya Əlili bu sahədə olan dünya
təcrübəsi, təlim kursunda bəhs olunacaq mövzular barədə
məlumat verərək bildiriblər ki, təlimin keçirilməsində
əsas məqsəd geniş istifadə olunan statistik metod və
üsullar barədə dinləyicilərə məlumat vermək, həmçinin
statistik təhlilin ən faydalı şəkildə tətbiq olunduğu
halların müəyyən olunmasıdır. Qeyd olunub ki, təlim
kursu nəticəsində statistik təhlilin istifadəsi üzrə
potensial güclənəcək və ekspertlərlə bərabər, müəllim və
tələbələr də yeni metodologiya və materiallar şəklində
faydalanacaqlar. Bu da həm layihənin davamlılığını təmin
edəcək, həm də təsir dairəsini yeni miqyasda
genişləndirəcək.
10 gün davam edəcək təlim kursunun iştirakçılarına sonda
sertifikatlar təqdim olunacaq.
Mina QASIMOVA |