Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

BSU Xorvatiyanın Zaqreb Universiteti ilə əməkdaşlıq edir

 

Azərbaycanın qabaqcıl təhsil müəssisələrindən olan Bakı Slavyan Universitetinin  elmi-mədəni əlaqələrinin mühüm bir hissəsini dünyanın müxtəlif universitetləri və elm mərkəzləri ilə həyata keçirilən layihələr təşkil edir. Bu  layihələr sırasına Xorvatiyanın Zaqreb Universiteti ilə əməkdaşlıq da daxil olub.

Oktyabrın 30-da Zaqreb Universitetinin rektoru, professor Aleksa Byeliş BSU-nun qonağı olub. Tədbirdə universitetin rəhbər heyəti, müəllimlər və tələbələr iştirak ediblər. Qonağı universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev salamlayaraq  BSU-nun xarici əlaqələrinin daim genişləndiyini nəzərə çatdırıb,  III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmiş xorvatiyalı həmkarının bu təhsil ocağına  gəlişindən çox şad olduğunu bildirib. Rektor  slavyan xalqlarının dil və mədəniyyətlərinin tədqiqi və təbliği istiqamətində təcrübə toplamış BSU-da serb və xorvat dillərinin də  tədris olunmasının artıq vaxtının çatdığını qeyd edib.

Universitetdə ilk dəfə qonaq olan Aleksa Byeliş BSU kollektivinin ona göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib. Universitetlər arasında olan yeni əməkdaşlıq münasibətlərindən danışan xorvatiyalı alim  bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin  olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi universitet haqqında geniş məlumat verib, BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri ilə tanışlıqdan məmnun olduğunu qeyd edib. Zaqreb Universitetində də BSU tərəfindən Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaranmasının təqdirəlayiq bir hadisə ola biləcəyini nəzərə çatdırıb: "Burada fəaliyyət göstərən mərkəzlərin təşkili mənə xoş təsir bağışladı. Bu mərkəzlər Slavyan Universitetinin təhsil və mədəniyyət  göstəricisidir".

Sonra BSU və Zaqreb universitetlərinin rektorları iki ali təhsil ocaqları arasında yaranan əlaqələri rəsmiləşdirmək üçün əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqavilədə tərəflər arasında müəllim, elmi işçi, tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi-tədqiqat fəaliyyətinin, elmi tədbirlərin konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin olunması nəzərdə tutulub.

 Daha sonra beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Oktay Əliyev Xorvatiyanın tarixindən bəhs edən "Sloveniya və Xorvatiya: Müharibə və Sülh diplomatiyası" adlı kitabını qonağa hədiyyə edib.

 Qonaq müəllimlərin və tələbələrin  suallarını cavablandırdıqdan sonra tələbələrlə xatirə şəkli çəkdirib.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov