Oktyabrın
30-da Bakı Dövlət Universitetində Nobel mükafatı
laureatları Laflin Robert Betts (fizika), David Gross
(fizika), Markus Rudolf Arturun (kimya) iştirakı ilə
"Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl
tədqiqatlar" mövzusunda "dəyirmi masa" keçirilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Nobel
mükafatçılarını salamlayıb və onları universitetdə
görməkdən məmnun olduğunu bildirib.
Maraqlı elmi müzakirələrin keçdiyi "dəyirmi masa"da
professorlar - Məhəmmədəli Ramazanov "Bakı Dövlət
Universitetində nanotexnologiyalar sahəsində
elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri",
Eldar Şahbazov "Neft sənayesində nanotexnologiyalar"
(Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birgə işləri) və Eden Mamut
"Nanomayelər sahəsində elmi tədqiqatların hazırkı
vəziyyəti - gələcək tədqiqatlar üçün xüsusiyyətlər,
modellər və perspektivlər" (Qara Dəniz Universitetləri
Şəbəkəsi) mövzusunda məruzə ediblər.
Nobel mükafatçıları Bakı Dövlət Universitetində elmi
müstəvidə bakalavr və magistr pilləsində təhsilin
təşkili proseslərini təqdirəlayiq hesab etdiklərini
vurğulayıblar. Onlar nanotədqiqatlar sahəsində aparılan
tədqiqat işlərini də yüksək qiymətləndirib və
universitet alimlərinin bu istiqamətdə dünya alimləri
ilə bərabər səviyyəli işlər apardıqlarını qeyd ediblər.
Eyni zamanda universitetdə bu istiqamətdə təhsilin
yüksək səviyyədə təşkil olunduğunu və gələcəkdə dünya
təhsil sisteminə inteqrasiya barədə öz tövsiyələrini
veriblər. "Dəyirmi masa" verilən suallara ətraflı
cavablarla başa çatıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |