Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu
il ödənişli yay təcrübəsində iştirak edən tələbələr
arasında "Mənim ARDNŞ-də yay təcrübəm-2013" mövzusunda
inşa müsabiqəsi keçirir.
ARDNŞ-in insan resursları departamentindən AzərTAc-a
bildirmişlər ki, təqdim olunan inşada təcrübəçi təcrübə
müddətində yerinə yetirdiyi işlər, ixtisası və işin
təşkili sahəsində öyrəndiyi təcrübi biliklər barədə
fikirlərini, təcrübənin daha da səmərəli təşkili üzrə
təkliflərini, həmçinin vacib hesab etdiyi digər
məsələlər barədə mülahizələrini yaza bilər. İnşa
Azərbaycan dilində 800-1000 sözdən ibarət olmalıdır.
Müsabiqəyə təqdim olunan inşalar struktur, orijinallıq,
mövzuya yaradıcı yanaşma və məntiqilik baxımından
qiymətləndiriləcəkdir. İnşalar biri digəri haqqında
məlumatı olmayan bir neçə mütəxəssis tərəfindən oxunaraq
qiymətləndiriləcəkdir. Mütəxəssislərə qiymətləndirmə
üçün göndərilən inşaların müəllifləri anonim
saxlanılacaqdır.
İnşalar noyabrın 8-dək ".doc" formatında tis@socar.az
elektron poçt ünvanına təqdim edilməlidir. Ən yaxşı 3
inşa departamentin saytında yerləşdiriləcək və "İki
sahil" qəzetində dərc olunacaqdır.
Gənclər ətraflı məlumatı departamentin saytından əldə
edə bilərlər. |