M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialının
rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri,
professor Nərgiz Paşayeva dünyanın ən qədim və nüfuzlu
universitetlərindən biri olan Oksford Universitetinin
dəvəti ilə oktyabrın 28-də Oksford şəhərinə gəlmişdir.
Professor Nərgiz Paşayeva universitetin şərqşünaslıq
fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında elmi
məruzə ilə çıxış etmişdir.
Tədbirdə universitetin şərqşünaslıq fakültəsinin
rəhbəri, professor Edmund Herziq, həmin fakültənin ərəb
dili və ədəbiyyatı üzrə professoru Culiya Brey, fars
dili və ədəbiyyatı üzrə doktoru Dominik Brukşo, klassik
ərəb ədəbiyyatı üzrə professor Geert Yan van Gelder,
islam tarixi üzrə professor Robert Hoyland, Şərqi
xristianlıq bölməsinin professoru Teo van Lint və türk
dili və ədəbiyyatı üzrə doktoru Loran Minyon, eləcə də
Bodleyn kitabxanasında Şərqşünaslıq departamentinin
rəhbəri, doktor Gilyan Evison, Aşmolean muzeyinin İslam
incəsənəti qalereyasının kuratoru, doktor Françeska
Leoni, Bodleyn kitabxanasının Yaxın Şərq və İslam
əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak
etmişlər.
Tədbirdə, həmçinin professor N.Paşayevanın dəvəti ilə
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki,
şərqşünas-alim, Bakı Dövlət Universitetinin ilahiyyat
fakültəsinin dekanı V.Məmmədəliyev iştirak etmişdir.
Professor N.Paşayevanın çıxışı böyük maraqla qarşılanmış
və geniş fikir mübadiləsinə səbəb olmuşdur. Çıxışdan
sonra N.Paşayeva alimlərin suallarını cavablandırmışdır.
Səfər çərçivəsində "Oksford Universitetində Nizami
Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi
Mərkəzinin yaradılması haqqında" Anlaşma Memorandumu
imzalanmışdır.
Sənədi professor N.Paşayeva və Oksford Universitetinin
beynəlxalq inkişaf üzrə direktoru xanım Lieyzl Elder
imzalamışlar.
AzərTAc |