Oktyabrın
29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Sabunçu rayonunda fəaliyyət göstərən 11 nömrəli
xüsusi internat məktəbində olmuşdur.
Leyla Əliyevaya məlumat verilmişdir ki, 2005-ci ildə
Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan
məktəbdə 799 şagird təhsil alır ki, onlardan da 127-si
sağlamlıq imkanları məhdud olanlardır. Bundan başqa,
məktəbdə aztəminatlı ailələrdən 597 uşaq təhsil alır.
Xüsusi internat məktəbində təhsil alan şagirdlərdən
108-i burada qalır. Məktəbdə 88 müəllim və tərbiyəçi
şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Burada
şagirdlər dərnəklərdə iştirak edir və idmanın müxtəlif
növləri ilə məşğul olurlar. Heydər Əliyev Fondunun
dəstəyi ilə məktəbin şagirdləri dünyanın müxtəlif
yerlərində təşkil edilən idman və bilik müsabiqələrində
nailiyyətlər qazanmışlar.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Abşeron rayonu Saray qəsəbəsində yerləşən xüsusi
təyinatlı 7 nömrəli internat evinə gəlmişdir.
Diqqətə çatdırılmışdır ki, burada 2010-cu ildə Heydər
Əliyev Fondunun dəstəyi ilə əsaslı yenidənqurma işləri
aparılmışdır. Açılış mərasimində Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva iştirak etmişdir. İnternat
evi kompleksinə ikimərtəbəli inzibati bina,
dördmərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana,
mətbəx, camaşırxana və digər tikililər daxildir.
Təmirdən sonra internat evi müasir inventar və
avadanlıqla təmin olunmuş, uşaqların normal yaşamaları
üçün hər cür şərait yaradılmışdır. Buraya əqli və fiziki
cəhətdən qüsuru olan 4 yaşdan 18 yaşadək oğlan və
qızlar qəbul olunur. Hazırda bu internat evində 138 uşaq
vardır. Hər bir qrup üçün ayrıca yataq və oyun otaqları
yaradılmışdır. Burada xüsusi qayğıya ehtiyacı olan
uşaqlarla məşğələlər aparılır. İnternat evinin həyətində
kiçik çörək sexi də açılmışdır ki, bu da uşaqların
keyfiyyətli çörək və digər un məmulatları ilə təminatına
imkan verir.
AzərTAc |