Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb

 

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edibBöyütmək üçün şəkili seçin 

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etmişlər.

Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.

Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edir. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər vardır. İki gün ərzində Forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil ediləcəkdir. Humanitar Forumda "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" və digər mövzularda "dəyirmi masa"lar keçiriləcəkdir. Həmçinin postmodern dövründə milli özünüdərk, davamlı inkişaf və ekoloji sivilizasiya, molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri, qloballaşan informasiya məkanında medianın aktual məsələləri müzakirə olunacaqdır.

Forumun rəsmi açılışında çıxış edən Prezident İlham Əliyev artıq bu tədbirin gözəl ənənəyə çevrildiyini, ölkəmizdə beynəlxalq əməkdaşlıq məsələlərinə böyük diqqət göstərildiyini və humanitar əməkdaşlığın xalqları, ölkələri birləşdirdiyini söylədi. Forumun işinə böyük marağın olduğunu, burada 70 ölkədən 800-ə yaxın nümayəndənin iştirak etdiyini deyən dövlətimizin başçısı bu gün Bakıda siyasi, iqtisadi və humanitar məsələlərin uğurla müzakirə edildiyini, son illərdə Azərbaycan paytaxtının beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mərkəzlərdən birinə çevrildiyini dedi.

"Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi təbiidir. Çünki ölkəmizdə bütün millətlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayır", - deyən Prezident İlham Əliyev ölkəmizin bütün dövrlərdə tolerantlıq məkanı kimi tanındığını və müasir Azərbaycanın da bu təməllər üzərində qurulduğunu bildirdi.

Prezident İlham Əliyev multikulturalizm mövzusunun budəfəki forumun mərkəzində yerləşdiyini dedi. Dövlətimizin başçısı bildirdi ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti ilə yanaşı, həm də həyat tərzidir və bununla bağlı prinsiplər cəmiyyət tərəfindən dəstəklənir. Multikulturalizmin gələcəyi ilə bağlı bəzən səslənən fikirlərin təəssüf doğurduğunu deyən dövlətimizin başçısı bununla əlaqədar müsbət təcrübənin dəstəklənməsinin vacib olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, hazırda dünyada multikulturalizmin mühüm məkanları vardır və Humanitar Forumun Bakıda keçirilməsi bu istiqamətdə Azərbaycanda toplanan təcrübəni göstərir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin humanitar fəlakətlə üzləşdiyini deyən Prezident İlham Əliyev torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, mədəni və tarixi abidələrimizin dağıdıldığını bildirdi.

Forumun digər mövzusunun iqtisadiyyatla bağlı olduğunu deyən dövlətimizin başçısı son 10 ildə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə, büdcə gəlirlərinin 20 dəfə, maaşların 6, pensiyaların isə 9 dəfə artdığını, bu gün Azərbaycanda yoxsulluğun 5,5, işsizliyin isə 4,8 faiz səviyyəsində olduğunu dedi, ölkədə 1 milyon 200 min yeni iş yerinin açıldığını diqqətə çatdırdı.

"İqtisadiyyatın sosial və humanitar aspekti hər bir ölkənin ümumi inkişafı üçün vacibdir", - deyən Prezident İlham Əliyev Forumun mövzusu olan elmi innovasiyaların inkişafına ölkəmizdə böyük diqqət göstərildiyini, təhsilin və informasiya texnologiyalarının inkişafının diqqət mərkəzində saxlanıldığını dedi, ölkəmizdə kosmik sənayenin, İnternet resurslarının inkişaf etdiyini, bunun azad medianın da güclənməsinə mühüm təsir göstərdiyini bildirdi.

2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçiriləcəyini, bu hadisənin böyük ictimai mənasının olduğunu, 2017-ci ildə isə ölkəmizin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini deyən Prezident İlham Əliyev Azərbaycanın bütün zamanlarda Asiya ilə Avropa arasında körpü olduğunu vurğuladı. Prezident İlham Əliyev bir daha əminliyini ifadə etdi ki, bu Forum dünyada beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına müraciətini Rusiya Prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy səsləndirdi.

BMT-nin baş katibi Pan Gi Munun müraciətini isə BMT-nin Bakıdakı rezident əlaqələndiricisi səlahiyyətlərini icra edən Daq Siqurdson diqqətə çatdırdı.

Sonra YUNESKO-nun Baş direktoru İrina Bokovanın videomüraciəti təqdim olundu.

İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada beynəlxalq humanitar əməkdaşlığa töhfə verdiyini deyən əl-Tüveycri Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın mədəni-tarixi abidələrinin dağıdıldığını diqqətə çatdırdı, dünyada mövcud olan davamlı münaqişələrin həllində BMT Təhlükəsizlik Şurasını daha məsuliyyətli olmağa çağırdı.

Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl də İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının inkişafı istiqamətində görülən işləri təqdir etdi. Azərbaycanın elmin və iqtisadiyyatın inkişaf mərkəzinə çevrildiyini deyən Süleyman Dəmirəl bu tərəqqidə insan amilinin mühüm yer tutduğunu bildirdi. O, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionun inkişafına mənfi təsir göstərdiyini deyərək dünyada humanitar əməkdaşlığa böyük diqqət göstərilməsinin əhəmiyyətinə toxundu.

Forum işini davam etdirir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov