11
nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi dünya
çempionatında qızıl medala layiq görülüb
Son illər Azərbaycan gənclərinin müxtəlif idman növləri
üzrə keçirilən dünya çempionatı, Avropa kuboku,
beynəlxalq turnir və olimpiya yarışlarında qələbələr
qazanmaları ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf
etdiyini bir daha göstərir. İdmançılarımız əldə
etdikləri parlaq qələbələri ilə hamımızı sevindirir.
Belə idmançılarımızdan biri də 1995-ci il oktyabrın
31-də Bakıda anadan olmuş Məmmədov Fuad İlqar oğludur.
Fuad altı ildir ki, idmanın sambo növü ilə məşğul olur.
İdmana marağı kiçik yaşlarından başlayıb. Uşaqlıqdan
məşhur idmançı olmaq arzusu ilə yaşayan Fuad
valideynlərinin razılığı və dəstəyi ilə 2007-ci ildə
11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin sambo bölməsinə
yazılıb. İdman məktəbində o, birinci dərəcəli idmançı,
təcrübəli müəllim Vahid Tarverdiyevdən həmin idman
növünün sirlərini öyrənməyə başlayıb. 2008-ci ildən
respublikadaxili yarışlara qatılıb. Həmin ildən 2013-cü
ilə kimi Bakı birinciliyinin qalibi olub. 2013-cü il
iyunun 14-də Azərbaycan çempionatında I yeri tutaraq
Azərbaycan çempionu olan Fuad Məmmədov ölkə yığma
komandasının tərkibində məşqlərə başlayıb. Cəldliyi,
çalışqanlığı, mübarizliyi ilə digər idmançılardan
fərqlənən Fuad bu il oktyabrın 13-də Yunanıstanın
Saloniki şəhərində keçirilən dünya çempionatında iştirak
edib. İstərdik ki, dünya çempionatında keçirdiyi hisslər
barədə idmançımız özü danışsın. Onun dediklərindən:
- Dünya çempionatına gedəndə bir şeyi düşünürdüm:
ölkəmizə qələbə ilə dönüm. Mənim üzərimə çox böyük
məsuliyyət düşürdü. İdmançı yarışa gedəndə birinci
növbədə çəkisini azaltmağı düşünür. Elə olurdu ki,
dəfələrlə ac qalırdım. Qidanı qramla yeyirdim ki, artıq
çəkim olmasın. İnsan gün ərzində çörək yeməsə narahat
olar. Bütün bu əziyyətlərə baxmayaraq mübarizə əzmini
itirmədim. Mən çempionata gedəndə bilirdim ki,
Azərbaycanımızın adını uca tutmalıyam. Bu yarışdan
əliboş dönmək olmaz. Şükürlər olsun ki, belə də oldu.
Yaxşı ki, məşqçi-müəllimlərimin mənə çəkdiyi əziyyətlər
hədər getmədi. 56 kq çəki dərəcəsində finala kimi heç
bir xal vermədən güləşdim. Yarımfinalda Belarus
idmançısı ilə qarşılaşdım. Bu idmançı çox təcrübəli və
güclü idi. Buna baxmayaraq onu 13:0 fərqi ilə məğlub
etdim və finala çıxdım. Finalda rus idmançısı ilə
qarşılaşdım. O da çox güclü idi. Fikirləşdim ki, mən
birinci görüşdə rus idmançısına məğlub olsaydım çox da
fərq olmazdı. Düşündüm ki, nəyin bahasına olursa olsun,
bu idmançını məğlub etməliyəm. Mübarizə çox gərgin
keçsə də Allaha çox şükürlər olsun ki, 7:0 fərqi ilə
rəqibimi məğlub edərək dünya çempionu oldum.
Komandamızın
tərkibində 20-yə yaxın idmançı var idi. Onlardan biri
Pərviz Şükürov 68 kq çəki dərəcəsində bürünc medala
sahib oldu.
- Bir idmançı kimi ən böyük arzun nədir?
- Biz yeniyetmələr yaradılan şəraitdən maksimum istifadə
etməliyik. Hər bir idmançı kimi mənim də arzum ölkəmizin
idman şərəfini layiqli qoruyaraq beynəlxalq arenalarda
bayrağımızı qaldırmaq və himnimizi səsləndirməkdir.
Bunun üçün var qüvvəmlə çalışıram. Bütün bunların
öhdəsindən gələcəyimə inanıram. Bu işdə mənə dəstək olan
hər bir kəsə, xüsusən də müəllimlərimə minnətdarlığımı
bildirirəm. İstərdim ki, sambo olimpiya oyunlarına
idman növü kimi salınsın, mən də olimpiadada iştirak
edim. Olimpiadada Azərbaycanın bayrağını zirvələrə
qaldırmaq arzusundayam. Çünki vətənim hər şeyin ən
yaxşısına layiqdir. Onun adı daim yüksəklərdən
gəlməlidir. Mənim də bir vətəndaş kimi bunda kiçik bir
rolum olsa çox sevinərəm. İdmançı yoldaşlarımın da
əziyyətləri yerdə qalmasın, onlar da himnimizi
səsləndirsinlər, ölkəmizi layiqli təmsil etsinlər.
- Ölkəmizin himni səsləndikdə, bayrağımız yüksəkdə
dayananda hansı hissləri keçirirdin?
-
Həmin hissləri sözlə ifadə etmək çox çətindir. Fəxri
kürsünün yüksək pilləsinə qalxanda elə bil ki, dünyanın
ən xoşbəxt adamı olursan. İnanmırsan ki, qalib olmusan,
elə bilirsən ki, yuxudasan. Himnimiz çalınanda, üçrəngli
bayrağımız ucalanda istər-istəməz sevincdən
kövrəlirsən. Arzu edirəm ki, o hissləri tez-tez yaşayım
və bütün idmançılarımız da bu hissləri yaşasınlar.
Mən inanırdım ki, Fuad qələbə qazanacaq
Vahid Tarverdiyev, məşqçi-müəllim:
- Fuad Məmmədov uşaq yaşlarından bizim yanımızdadır. O,
bacarığı, çalışqanlığı, əziyyət çəkməkdən qorxmaması,
mübarizliyi ilə digərlərindən seçilirdi. Bizim yaxşı
çempionlarımızı örnək götürərək Fuad deyirdi ki, mən də
çempion olacam. Dünya çempionatına gedəndə də hamıya söz
verdi ki, ölkəmizi layiqli təmsil edəcəm. O, verdiyi
sözə əməl elədi. Mən inanırdım ki, Fuad qələbə
qazanacaq, çünki o, çox çalışırdı. Bundan əvvəl
keçirilən yarışlarda da Fuad rəqiblərinə aman vermirdi.
Məsələn, Azərbaycan çempionatında demək olar ki, bütün
rəqiblərinə xal vermədən qələbə qazandı. Dünya
çempionatı zamanı mən çox həyəcanlı idim. Həyəcandan
yarışları izləyə bilmirdim. Yarışda iştirak edənlər
tez-tez zəng vururdular ki, Fuad çox yaxşı irəliyə
gedir. Finalda rus idmançısı ilə qarşılaşdığını biləndə
doğrusu həyəcanım birə-beş artdı. Çünki rəqib çox güclü
idi. Allaha çox şükür ki, rəqibə xal vermədən təmiz
qələbə ilə Fuad çempion oldu, hamımızı sevindirdi. Elə
bil ki, dünyanı mənə verdilər. Sevincimin hədd-hüdudu
olmadı.
Çalışarıq
ki,
bundan sonra da uğurlarımız
davam etsin
Əli Hüseynov, 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin
direktoru:
- Respublikamızda idmanla məşgul olmaq üçün dövlətimiz
hər bir şərait yaradıb. İndi güləşçilərimiz dünyanın
müxtəlif yerlərində, irili-xırdalı beynəlxalq
turnirlərdə iştirak edirlər. Azərbaycan dünya və Avropa
çempionatları kimi iri idman tədbirlərinə ev sahibliyi
edir. Sevindirici haldır ki, Azərbaycan idmanı yüksəliş
mərhələsindədir. Ölkəmizdə həm siyasi, sosial-iqtisadi
həyatın, həm də idmanın yüksəlişi, dövlət başçımızın bu
sahəyə qayğısı yeni-yeni uğurlarımızdan soraq verir.
Məktəbimizdə beş bölmə fəaliyyət göstərir. Basketbol,
futbol, cüdo, sambo və şahmat bölmələri. Samboda böyük
nailiyyətlərimiz olub. Əvvəllər Vüqar Məmmədov dünya
çempionu olub. İndi də Fuad Məmmədov. Yəni, bu bizim
üçün çox böyük nailiyyətdir. Kollektivimizin gərgin
əziyyətidir. Çalışarıq ki, bundan sonra da uğurlarımız
davam etsin.
Rəşad ZİYADOV |