Bakının Səbail rayonundakı 189 nömrəli tam orta məktəbdə
dövlət müstəqilliyimizin 22-ci ildönümünə həsr edilmiş
"Müstəqilliyimiz dönməzdir, daimidir, əbədidir" devizi
altında tədbir keçirilib.
Azərbaycan bayrağının səhnəyə gətirilməsi, Dövlət
himninin ifası ilə başlayan tədbirə məktəbin pedaqoji və
şagird kollektivi geniş tərkibdə toplaşmışdı. Akt
zalının tərtibatı, səsləndirilən musiqi hər kəsə yüksək
ovqat, müstəqillikdən doğan fəxarət hissi aşılayırdı.
İştirakçılarda məsuliyyətdən yaranan bir narahatlıq da
duyulurdu. Bu da təsadüfi deyildi. Belə ki, məktəbin
VII-X sinif şagirdləri arasında müstəqillik gününə həsr
edilmiş "Ən yaxşı referat", "Ən yaxşı videoçarx"
nominasiyaları üzrə müsabiqəyə məktəbin təşkilati işlər
üzrə direktor müavini, ədəbiyyat, tarix və informatika
müəllimlərindən ibarət münsiflər heyəti yekun vuracaqdı.
Referatlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpa
edilməsindən ötən 22 illik bir dövrə nəzər salınır,
tarix vərəqlənirdi. Qeyd olunurdu ki, 1991-ci il
oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya
aktının qəbulu ilə ölkəmiz tarixinin yeni mərhələsinə
qədəm qoyub. İKT-nin imkanlarından bacarıqla istifadə
etməklə nümayiş etdirilən videoçarxlarda Azərbaycanın
müstəqilliyinə aparan yol izlənildi, səhifə-səhifə
vərəqləndi. Müsabiqəyə təqdim edilən istər slaydlar,
istərsə də referatlar milli mənəvi dəyərlərimizə,
xalqımızın tarixinə olan bağlılığın ifadəsi idi.
Sevindirici haldır ki, şagirdlər bu tarixi yaxşı
öyrənir, öz çıxışları ilə gələcəyə inam yaradırlar.
Hər bir şagirdin işini diqqət və maraqla izləyən
münsiflər heyəti üçün qalibi müəyyənləşdirmək çətin olsa
da yekdil qərara əsasən 7-ci sinif şagirdləri Timur
Kazımov, Abdurrauf Hüseynov, Raad Əl Tair və 10-cu sinif
şagirdi Rufanə Kərimova qalib elan edilərək diplomlarla
təltif olundular.
Tədbirə yekun vuran məktəbin direktou Ceyran Kuliyeva
tədbir iştirakçılarını bu böyük bayram münasibəti ilə
təbrik edərək bu cür tədbirlərin keçirilməsini
şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm hadisə
kimi dəyərləndirdi.
Təranə RZAYEVA,
Bakıdakı 189 nömrəli tam orta məktəbin Azərbaycan dili
və ədəbiyyat müəllimi |