Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Təhsil müəssisələrində müstəqillik günü qeyd olunub

 

Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə bağlı tədbir keçirilib. Universitetin rektoru, professor Nadir Qəhrəmanov çıxış edərək bildirib ki, 22 il öncə xalqımızın apardığı azadlıq mübarizəsi nəticəsini verdi, Azərbaycan öz müstəqilliyinə qovuşdu. Ölkəmizin müstəqillik tarixi barədə danışan rektor deyib ki, bu tarixi iki dövrə ayırmaq olar: 1991-93-cü illər və 1993-cü ildən sonrakı mərhələ. İkinci mərhələ xalqımızın dahi lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, apardığı islahatlarla xarakterik olub. Dahi siyasətçinin gördüyü təcili tədbirlər Azərbaycan xalqını və dövlətini uçurumdan xilas edib. Sonrakı illərdə ulu öndərin müəyyənləşdirdiyi və həyata keçirdiyi siyasət Azərbaycanı güclü dövlətə, regionun liderinə çevirib.

N.Qəhrəmanov vurğulayıb ki, bu günlərdə keçirilən prezident seçkilərinin nəticəsi isə Azərbaycan xalqının və dövlətinin növbəti böyük qələbəsi idi.

Sonra universitetin ümumi tarix kafedrasının müdiri, professor Şirxan Səlimovun və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayevin Azərbaycanın müstəqillik tarixi ilə bağlı məruzələri dinlənilib.

***

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında Dövlət Müstəqilliyi Günü qeyd edilib. Tədbirdə vurğulanıb ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günü - Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. AMİ-nin Qazax filialının direktoru, dosent Afaq Qasımova tədbiri giriş sözü ilə açıb, professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə iştirakçılara videoçarx təqdim edilib. Tələbələrin çıxışları tədbiri daha da rəngarəng edib.

***

Bakıdakı 291 nömrəli Ekologiya liseyində dövlət müstəqilliyinin 22-ci ildönümü ilə əlaqədar "Müstəqil  Azərbaycan - 22" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət himni ilə açılan tədbirdə  valideynlər, liseyin müəllimləri və şagirdlər iştirak ediblər.

10-cu sinif şagirdi Nərmin Məmmədova Azərbaycanın çağdaş tarixinə  qısa ekskurs edərək Dövlət Müstəqilliyi Günü ilə bağlı  ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanını qazanıb. Təəssüf ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi  23 ay yaşayıb. İkinci tarixi imkan 1991-ci ilin oktyabrında yaranıb və ölkəmiz oktyabrın 18-də müstəqilliyini bərpa etdiyini bütün dünyaya bəyan edib. Aparıcı vurğulayıb: bu gün onlar xoşbəxtdirlər ki, müstəqil Azərbaycanda yaşayır və təhsil alırlar.

  Sonra səhnə 6-cı sinif şagirdlərinin ixtiyrına verilib. Onlar vətən haqqında şeirlər söyləyib, milli geyimdə rəqs ediblər. 7-ci və 9-cu sinif şagirdlərinin ifasında  "Azərbaycan" mahnısı  səslənib. Bir-birinin ardınca ifa olunan musiqi nömrələri tədbirə əsl bayram əhval-ruhiyyəsi  bəxş edib. 7-ci sinif şagirdi  A.Zeynallının özünəməxsus ifasında M.Arazın "Azərbaycan" şeiri gurultulu alqışlarla qarşılanıb. Tədbirin ən yaddaqalan məqamlarından biri isə 3-cü sinif şağirdləri İ.Tağıyeva və M.Qasımlının oynadığı "Azər və Baycan" səhnəciyi olub.

Sonda liseyin təşkilat işləri üzrə direktor müavini Z.Qasımova çıxış edərək bildirib ki, müstəqilliyi qorumaq hər birimizin borcudur. Z.Qasımova bayram münasibətilə iştirakçıları təbrik edib və tədbirin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlığını bildirib.

***

Bakıdakı T.Heybətov adına 126 nömrəli tam orta məktəbdə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Binəqədi rayonunda yerləşən əzəmətli heykəli önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Şəmsi Qocayev ümummilli lider Heydər Əliyevin "Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir" fikrini xatırladıb. Bildirib ki,  1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.  İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Sonra şagirdlər məktəbin kitabxanasında dövlət müstəqilliyi gününə həsr edilmiş guşə ilə  tanış olublar. Məktəbin tarix müəllimi Elmira Həsənova tərəfindən şagirdlərə müstəqilliyimiz  haqqında ətraflı məlumat verilib.

Məktəbin VIII "a" sinif şagirdi Səltənət Əliyeva Azərbaycanın istedadlı şairi Əhməd Cavadın 1914-cü ildə yazdığı "Çırpınırdı Qara dəniz" şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən 1918-ci ildə bəstələnmiş mahnını ifa edib.

Fəridə Cəfərova, Gülzar Həsənova, Rövşanə Müzəffərli həmyaşıdlarını Azərbaycanımızın tarixinə səyahətə səsləyiblər.

Sonda akt zalında "Müstəqillik yollarında" adlı film nümayiş olunub. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov