Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

"Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər üçün istirahət düşərgələrinin təşkili"

 

"Dünyaya baxış" beynəlxalq humanitar təşkilatının ölkəmizdəki nümayəndəliyi tərəfindən  həyata keçirilən  "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər" layihəsi çərçivəsində  Azərbaycan Diabet  Liqası (ADL) uzun illər əldə edilən təcrübəni, görülən işlərin əhəmiyyətliliyini ictimaiyyətə təqdim etmək üçün "Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər üçün istirahət düşərgələrinin təşkili" mövzusunda tədbir keçirib. Beynəlxalq Mətbuat Mərkəzində  keçirilən tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının  nümayəndələri və həkimlər iştirak ediblər.

İlk öncə  ADL-ın  fəaliyyətindən bəhs edən videoçarx nümayiş  olunub. Milli Qeyri-Hökumət Forumunun səhiyyə sektorunun rəhbəri  Yeganə Sultanova  çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd sağlamlıqlarında problemləri olan  uşaq və  gənclər üçün xüsusi şəraitli istirahət düşərgələrinin təşkilinin əhəmiyyətini ictimaiyyətə çatdırmaq və bu istiqamətdə birgə səylər  göstərilməsinə  nail olmaqdır. Qeyd edilib ki, Azərbaycan Diabet Liqası (ADL) 2000-ci ildən xüsusi qayğıya ehtiyacı olan diabetli uşaqlar və yeniyetmələr üçün istirahət düşərgələri təşkil edən ilk ictimai birlikdir. Azərbaycan Respublikasının Səhiyyə  Nazirliyinin Endokrinoloji Mərkəzi bu təşkilatı hər zaman tibb işçiləri və tibbi ləvazimatlar ilə təmin edir. ADL 1999-cu və 2001-ci illərdə Türkiyə Diabet Fondunun və Türkiyə Uşaq və Yeniyetmələr Dərnəyinin dəvəti ilə təcrübə mübadiləsi üçün bu ölkədə yay düşərgələrinin təşkilində iştirak edib. 2007-ci ildə isə  ABŞ-ın Ohayo ştatında Klivlend Diabet Assosiasiyasının təşkil etdiyi daimi düşərgələrin təşkilində  təcrübə toplayıb. 

Sağlamlıqlarında problemləri olan uşaq və yeniyetmələrə xüsusi şəraitli düşərgələrin təşkilinin əhəmiyyətli olduğunu diqqətə çatdıran Y.Sultanova bildirib ki, istirahət düşərgələri  hər bir uşaq və yeniyetmənin yaradıcılıq imkanlarını üzə çıxarır, inkişaf etdirir, yeni sosial münasibətlərin qurulmasını, fərdi maraq və tələbatlarını  təmin edir. Onların cəmiyyətə inteqrasiyası üçün bu düşərgələrin böyük əhəmiyyəti vardır.

Tədbirdə "Qeyri-infeksion xroniki xəstəlikləri olan uşaq və yeniyetmələrin reabilitasiyası üçün istirahət düşərgələrinin hazırlanması ilə bağlı tövsiyələr" kitabı iştirakçılara təqdim olunub. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov