Müasir dövrdə Azərbaycanda istedadlı yeniyetmə və
gənclərin yaradıcılıq imkanlarının, potensiallarının
üzə çıxarılması, inkişaf etdirilməsi, onların müxtəlif
beynəlxalq müsabiqə və festivallarda fəal iştirakını
təmin etmək istiqamətində çoxlu işlər görülür, müxtəlif
tədbirlər, maraqlı layihələr həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2013-cü
il tarixli sərəncamı ilə ölkəmizi beynəlxalq müsabiqə və
festivallarda uğurla təmsil edən yeddi ifaçının adı
Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na
yazılmaqla onlar xüsusi aylıq təqaüdə layiq görülüblər.
Gənc istedadlıları qəzetimizin oxucularına təqdim
edirik:
Firuzə BƏYLƏROVA
2001-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.
2006-cı ildə Bakıdakı 23 nömrəli tam orta məktəbin I
sinfinə daxil olub. Həmin il Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb
studiyasının I sinfinə fortepiano şöbəsinə daxil olub və
hazırda VII sinif şagirdidir.
Artıq 7 ildir ki, professor, əməkdar incəsənət xadimi
Tərlan Seyidovun sinfində oxuyur və musiqi sahəsində
təhsilini davam etdirir.
Gənc pianoçu Firuzə Bəylərova Azərbaycan və xarici
bəstəkarların əsərlərini fortepianoda uğurla ifa edir.
O, ölkəmizdə və xaricdə keçirilən bir çox festival
müsabiqələrinin fəal iştirakçısı və dəfələrlə laureatı
adını qazanıb, diplom və fəxri fərmanlarla təltif
olunub. 2010-cu ildə o, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, professor, əməkdar incəsənət xadimi
Firəngiz Əlizadənin təşəbbüsü ilə keçirilən "Müasir
Azərbaycan musiqisinin ən yaxşı ifaçısı" adlı
layihəsində bəstəkar Azər Dadaşovun fortepiano
əsərlərinə həsr olunan I müsabiqənin III dərəcəli
laureatı diplomuna layiq görülüb. 2012-ci ilin 4-12
sentyabr tarixlərində Bolqarıstanın Drobic-Albena
şəhərində keçirilən XVII beynəlxalq musiqi festivalında
dahi bəstəkarların əsərlərini ifa edərək I yeri tutan
Firuzə dünya üzrə məşhur pianoçu alimlər - professor
Viktor Çiçkov (sədr), professorlar Tamara Poddubnaya,
Tomislav Baynov tərəfindən diplom və medallarla təltif
olunub. 2013-cü ilin 1 iyul tarixində Azərbaycan
Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin təşkil etdiyi "İstedadlı uşaqlar-2013"
festivalında diploma layiq görülüb. 2013-cü ilin 18-22
avqust tarixlərində Almaniyanın Hammelburq şəhərində
Musiqi Akademiyasında istedad və bacarığını nümayiş
etdirərək xüsusi konsert ilə çıxış edən Firuzə məşhur
pianoçu, professor Baynov tərəfindən sertifikatla
mükafatlandırılıb.
Azərbaycan incəsənətini, musiqisini dünyaya tanıtmaqda
uğur qazanan Firuzə öz müəllimlərinə, istedad və
bacarığının üzə çıxarılmasında göstərdikləri dəstəyə
görə hər kəsə minnətdar olduğunu deyir. Eyni zamanda
yeniyetmələrin yaradıcılıq imkanlarının inkişaf
etdirilməsi üçün yaradılan şəraitə görə ölkə
rəhbərliyinə - Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə öz dərin təşəkkürünü bildirir.
İstedad və bacarığı, xüsusi ifaçılıq qabiliyyəti ilə
fərqlənən Firuzə Bəylərova adının Azərbaycanın gənc
istedadlarının "Qızıl kitabı"na daxil edildiyinə və
xüsusi aylıq təqaüdünə layiq görüldüyünə görə qürur
hissi keçirir.
Mircavid
CƏFƏROV
1996-cı ildə musiqiçi ailəsində anadan olub. Tarın
ecazkar səsi altında boya-başa çatıb. Milli musiqimizin
şah aləti sayılan Azərbaycan xalq çalğı alətləri
sırasında mühüm yer tutan tar balaca Mircavidi öz
sehrinə salıb. 2002-2003-cü illərdə o, Heydər Əliyev
adına liseydə təhsil alıb.
Bakıdakı Georgi Şaroyev adına 35 nömrəli Onbirillik
Musiqi Məktəbini bitirib. 2010-2011-2013-cü illərdə
ümumrespublika müsabiqələrinin laureatı olub. 2013-cü
ildə ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunan ümumrespublika müsabiqəsinin də
diplomantı olub. Mircavid uşaq vaxtlarından musiqiyə
böyük həvəs göstərib. Atası əməkdar artist Mircavad
Cəfərov onda musiqiyə, xüsusilə tara hədsiz məhəbbət
yaradıb. Beynəlxalq musiqi festivallarında dəfələrlə
uğur qazanaraq fəxri fərman və diplomlarla təltif
olunan Mircavid əldə etdiyi nailiyyətlərə görə
müəllimləri Ramiz Əzizova, Gülnarə Teymurzadəyə, təhsil
aldığı musiqi məktəbinin direktoru Yusif Vəliyevə
minnətdarlığını bildirir.
Hazırda Mircavid Cəfərov Azərbaycan Milli
Konservatoriyasının I kurs tələbəsidir. Beynəlxalq
festivallarda və müsabiqələrdə həmişə birincilik
qazanan gənc tarzənin sevincinə sevinc qatılıb. Ölkə
rəhbəri İlham Əliyevin məlum sərəncamı ilə Prezidentin
xüsusi aylıq təqaüdünə layiq görülməsi onu daha da
dünyanın xoşbəxt insanlarından birinə çevirib.
Bildiyimiz kimi, oktyabrın 23-dən noyabrın 2-dək
paytaxtımızda növbəti beynəlxalq musiqi bayramı-ənənəvi
Bakı caz festivalı keçirilir. Dünya şöhrətli
musiqiçilərlə yanaşı, istedadlı gənc ifaçımız Mircavid
Cəfərov da festival konsertlərində solo proqramla çıxış
edəcək. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında
keçirilən festivala da Mircavid dəvətlidir. Tamaşaçılar
onun ifasında milli və dünya bəstəkarlarının
əsərlərindən parçaları dinləyəcəklər.
Cahandar XANLAROV
1997-ci ildə Bakıda anadan olub. Bakıdakı 276 nömrəli
tam orta məktəbin XI sinfində oxuyur. Leopold və
Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik
Musiqi Məktəbinin kamança şöbəsində təhsil alır.
2009-cu ildə Bakı şəhəri Uşaq Musiqi və İncəsənət
Məktəbləri şagirdlərinin muğam festivalında fəxri
fərmanla, 2010-cu ildə isə Uşaq Musiqi və İncəsənət
məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II
respublika müsabiqəsində I dərəcəli diplomla təltif
edilib. Azərbaycan incəsənətini, musiqisini
dəyərləndirən Cahandar Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə
həsr olunmuş "Milli musiqi alətləri ifaçılarının
respublika festivalı"nda yüksək səviyyədə çıxışına görə
I dərəcəli diploma layiq görülüb. Ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
Binəqədi rayon ümumtəhsil məktəblərinin "Azərbaycan
səninlədir-Sənsiz deyil" üçüncü yaradıcılıq
müsabiqəsinin laureatı adını qazanaraq diplomla
mükafatlandırılıb. O, vokal sənətinin banisi Bülbülün
anadan olmasının 115 illik yubileyinə həsr olunan
milli musiqi alətləri ifaçıları və xanəndələrin I
müsabiqəsində I dərəcəli diploma layiq görülüb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə
keçirilən 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə
həsr olunan "İstedadlı uşaqlar festivalı-2013"-də
qazandığı uğura görə diplomla təltif olunub.
Gənc ifaçı C.Xanlarov bundan sonra da ölkəmizi
beynəlxalq müsabiqə və festivallarda layiqincə təmsil
etmək arzusundadır. Ölkə başçısının müvafiq sərəncamı
ilə adının Azərbaycanın gənc istedadlarının "Qızıl
kitabı"na yazılması və Prezidentin xüsusi aylıq
təqaüdünə layiq görülməsi onu daha böyük qələbələrə
ruhlandırır.
Atabəy İSMAYILOV
1998-ci ildə Fizuli rayonunun Horadiz qəsəbəsində
anadan olub. 2009-cu ildən Bülbül adına Orta İxtisas
Musiqi Məktəbinin şagirdidir. Hazırda əməkdar müəllim
Əflaruz Məmmədovun sinfində tar ixtisası üzrə təhsil
alır. Atabəyin ilk uğuru 2010-cu ildə N.Əliverdibəyov
adına gənc ifaçıların V ümumşəhər müsabiqəsində I yerə
layiq görülməsi olub.
O, 2012-ci ildə dahi sənətkar Bülbülün anadan olmasının
115 illik yubileyinə həsr olunan festivalda böyük
istedad və bacarığını nümayiş etdirərək I yerə layiq
görülüb. 15 noyabr 2012-ci ildə İtaliyanın Roma
şəhərində Azərbaycan -İtaliya diplomatik əlaqələrinin
20 illiyinə həsr olunan "Azərbaycan- mədəniyyət ruzgarı"
adlı konsertdə iştirak edib. Lomonosov adına MDU-nun
Bakı filialında və ÜNS yaradıcılıq mərkəzində
keçirilən tədbirlərdə uğurla çıxış edib. 2013- cü ildə
Fransanın Strasburq şəhərində tarın YUNESKO-nun
qeyri-maddi mədəni irs siyahısına salınması münasibətilə
keçirilən "Qafqazın mirvarisi" adlı konsertdə iştirak
edən yeniyetmə tarzən Azərbaycanı yüksək səviyyədə
təmsil edib. O, Azərbaycan Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə
keçirilən 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə
həsr olunan "İstedadlı uşaqlar festivalı-2013"-də diplom
və kubokla mükafatlandırılıb.
Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən müasir
Azərbaycan bəstəkarlarının əsərlərinin ifasına görə
A.İsmayılov fəxri fərmanla təltif olunub. O, 2013-cü
ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının
90 illik yubileyinə həsr olunmuş II respublika
müsabiqəsinin "Qran-Pri" mükafatı laureatı olub.
Beynəlxalq müsabiqələrdə və festivallarda əsl istedad
nümayiş etdirən Atabəyin sevincinin hədd -hüdudu
yoxdur. Çünki onun da adı Azərbaycanın gənc
istedadlarının "Qızıl kitabı"na yazılıb və o, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının
müvafiq sərəncamı ilə xüsusi aylıq təqaüdə layiq
görülüb.
Jalə MAİLOVA
2000-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər
Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi
Məktəbinin şagirdidir. Tamella Məmmədovanın sinfində
fortepiano ixtisası üzrə VI sinifdə təhsil alır.
Bu illər ərzində Jalə bir çox müsabiqə və
festivallarda iştirak edib, istər ölkə, istərsə də
beynəlxalq tədbirlərdə həyatında dərin izlər buraxan
uğurlar qazanıb. Belə ki, o, 2010-cu ildə Polşanın
ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə uşaq musiqi
məktəbləri üçün keçirilən F.Şopen adına gənclər
festivalında diplomla təltif edilib. 2011-ci ildə isə
Rusiyanın ölkəmizdəki səfirliyinin keçirdiyi
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20
illiyinə həsr olunan VII Respublika baxış müsabiqəsində
rus klassik musiqisinin ən parlaq ifaçısı kimi II yerə
layiq görülərək laureat adını qazanıb. Jalənin
şəhərimizin müxtəlif səhnələrində dəfələrlə uğurlu
çıxışları olub. 2012-ci ildə Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə keçirilən pianoçuların
II Respublika müsabiqəsində o, laureat adına layiq
görülüb. Almaniyada "Münhen ulduzları", Macarıstanda
"Macar oyunları" və "Budapeşt ulduzları", Ukraynada
"İndividualist", Bakıda "İslam dünyası" beynəlxalq
müsabiqələrin qalibi olub. 2013-cü il də Jalə üçün
uğurlu olub. O, uşaq musiqi və incəsənət məktəbləri
şagirdlərinin fortepiano ansamblı və müşayiət üzrə
respublika müsabiqəsinin laureatı adını qazanaraq III
yerə layiq görülüb.
İstedadlı yeniyetmə Jalə də adının gənc istedadların
"Qızıl kitabı"-na yazılmasına və Prezidentin xüsusi
aylıq təqaüdünə layiq görülməsinə hədsiz dərəcədə
sevinir. Deyir ki, ən böyük uğurları, ən böyük
nailiyyətləri hələ qabaqdadır.
Səmra
ƏMİRASLANOVA
1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə
134 nömrəli tam orta məktəbə, 2002-ci ildə Leopold və
Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik
Musiqi Məktəbinin fortepiano şöbəsinə qəbul olunub.
10 yaşında olarkən M.Maqomayev adına "Kamera orqan
musiqi zalında" xalq artisti Teymur Göyçayevin rəhbərlik
etdiyi Kamera orkestrinin müşayiəti ilə V.A.Motsartın
əsərini uğurla ifa edib. 2012-ci ildə İtaliyada
keçirilən "CİTTA di PESARO" IX beynəlxalq musiqi
müsabiqəsində öz yaş qrupunda birinci yerə layiq
görülüb. Əsasən 8-30 yaş kateqoriyalarına bölünmüş
iştirakçılar müsabiqədə fortepiano, simli alətlər,
vokalistlər və digər bölmələr üzrə yarışıblar.
S.Əmiraslanova ilk dəfə iştirakçısı olduğu beynəlxalq
müsabiqənin Qala konsertində Q.Qarayevin "Tsakoye selo
heykəli" əsərini ifa edərək diplom və kubokla
mükafatlandırılıb.
Hazırda Səmra Əmiraslanova Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının tələbəsidir. Təhsil aldığı illərdə
o, Malayziyanın Kuala Lumpur şəhərində keçirilən "The
Asia Piano Competition-2012" beynəlxalq pianoçular
müsabiqəsində öz yaş kateqoriyasında fərqlənərək I yerə
layiq görülüb. Müsabiqənin qaliblərindən ibarət Qala
konsertində isə uğurla çıxış edərək diplom və kubokla
təltif olunub.
Qeyd edək ki, beynəlxalq festival və müsabiqələrdə
tanınmış pianoçulardan ustad dərsləri alan
S.Əmiraslanovanın uğurları və istedadı dövlətimiz
tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
sərəncamı ilə Səmra Əmiraslanovanın adı Azərbaycanın
gənc istedadlarının "Qızıl kitabı"na daxil olub və o,
xüsusi aylıq təqaüdə layiq görülüb. İstedadlı gənc bu
diqqət və qayğıya görə dövlətimizin başçısına
minnətdarlığını bildirir və qürur hissi keçirir.
Züleyxa
ABDULLAYEVA
2002-ci ildə Bakıda anadan olub. Azərbaycan Milli
Konservatoriyasının tərkibində İncəsənət
Gimnaziyasının VI sinfində təhsil alır. Oxuduğu
müddətdə özünü nizam-intizamlı, bacarıqlı, istedadlı
şagird kimi göstərə bilib.
Təhsil aldığı ixtisas üzrə respublika və beynəlxalq
müsabiqələrdə gənc ifaçı kimi fərqlənib.
Z.Abdullayevanın 9 yaşı olarkən Parisdə keçirilən
Nikolay Rubenşteyn adına XI beynəlxalq piano musiqi
müsabiqəsində iştirak edərək ilk uğurunu qazanıb. XI
beynəlxalq piano müsabiqəsində 25 ölkədən olan
musiqiçilər arasında Azərbaycanı təmsil edən Züleyxa
dünya bəstəkarlarının K.A.Debüssinin "2 Arabeski",
P.İ.Çaykovskinin "Şirin duyğular", İ.S.Baxın "2 səsli
invensiya" və Çerninin "Etüd" əsərlərini məharətlə ifa
edib.
Qeyd edək ki, 2010-cu ildə fortepiano üzrə musiqi
festivalında Züleyxa diplomant adını qazanıb. 2011-ci
ildə İtaliyada keçirilən "Rondo" beynəlxalq musiqi
müsabiqəsində, 2012-ci ildə Fransada keçirilən
pianoçuların Nikolay Rubenşteyn adına beynəlxalq
müsabiqəsində birincilik əldə edib. O, beynəlxalq
müsabiqə və festivallarda Azərbaycanı uğurla təmsil
edərək dəfələrlə müvəffəqiyyət qazanıb. Bu günlərdə
Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüyünü,
adının gənc istedadların "Qızıl kitabı"na daxil
edildiyini eşidəndə hədsiz dərəcədə sevindiyini
bildirən Züleyxa ona göstərilən etimadı doğruldacağına
söz verdi. Dedi ki, sənət yolunda əldə etdiyi uğurlarına
görə müəllimi Nigar Nəcəfovaya çox borcludur.
Hazırladı: Sifai SƏFƏROVA |