Heydər
Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və
Azərbaycan Televiziyasının dəstəyi ilə "IV Muğam
televiziya müsabiqəsi"nin növbəti seçim mərhələsi
Naxçıvan şəhərində keçirilir. Müsabiqənin münsiflər
heyətinin üzvləri, Azərbaycan Respublikasının xalq
artistləri Arif Babayev, Ağaxan Abdullayev, Səkinə
İsmayılova, Mənsum İbrahimov və Azərbaycan Bəstəkarlar
İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar
Fərəcov səfər çərçivəsində Naxçıvan Dövlət
Universitetində də olublar.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh
Məhərrəmov qonaqları salamlayaraq son illərdə Azərbaycan
incəsənətinin, xalq musiqisinin, xüsusilə də dünya
incəsənətinin nadir inciləri sayıla biləcək
muğamlarımızın təbliğinə göstərilən dövlət qayğısından
danışdı. Rektor vurğuladı ki, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun
başçılığı ilə muxtar respublikada fitri istedadlara
xüsusi himayə və qayğı göstərilir, onlara geniş meydan
verilir. Muğam sənətinin, milli musiqinin inkişafına
göstərilən dövlət qayğısı, bu cür müsabiqələrin
keçirilməsi Naxçıvan Dövlət Universiteti kimi ali musiqi
təhsili verən bir elm ocağının fəaliyyət göstərdiyi
muxtar respublikada sənətkarlıq məktəbinin
formalaşmasına öz töhfələrini verəcək.
Xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev çıxış
edərək Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
Əliyevanın az qala unudulmaqda olan muğam sənətinin,
xalq musiqimizin bütün dünyaya tanıdılması, yenidən
tərəqqi etdirilməsindəki xidmətlərindən, gənclərdə milli
musiqiyə böyük sevgi yaranmasından danışdılar.
NDU-nun incəsənət fakültəsinin müəllim və tələbələrinin
hazırladıqları mini-konsert proqramında Azərbaycan və
dünya bəstəkarlarının əsərləri səsləndirildi. Sonra
incəsənət fakültəsinin tələbələri muğamlarımızı ifa
etdilər. Tanınmış muğam ustaları bu qədim sənətin
sirləri, muğam ifaçılığında tələb olunan peşəkarlıq,
səhnə mədəniyyəti ilə bağlı gənc ifaçılara dəyərli
tövsiyələr verdilər.
Azərbaycanın tanınmış sənətkarları universitetlə tanış
oldular. Çay süfrəsi arxasında davam edən səmimi görüşdə
milli musiqimizin bugünkü səviyyəsi, musiqi tədrisinin
gələcək inkişaf istiqamətləri ilə bağlı məsələlər
müzakirə olundu.
Mehriban SULTAN |