Azərbaycanın
tarixində silinməz izlər qoymuş Gülüstan sülh
müqaviləsinin imzalanmasının 200 ili tamam oldu. 1813-cü
ilin 12 oktyabrında Qarabağın Gülüstan kəndində (indiki
Goranboy rayonunun inzibati ərazi vahidində kənd)
Rusiya ilə İran arasında müqavilə imzalanıb. Rusiya
tarixşünaslığında "sülh müqaviləsi" kimi yad edilən bu
hadisə, əslində Rusiya ilə müharibədə uduzmuş İranın
Qafqazın əksər hissəsindən Rusiyanın xeyrinə əl çəkməsi
idi.
Gülüstan müqaviləsi ilə bağlı tarixi mənbələrdə bunları
oxuyuruq:
"1813-cü ilin əvvəlində başlanılmış sülh danışıqları
oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh
müqaviləsinin imzalanması ilə başa çatdı. Bu müqaviləni
Qacarlar (İran-Red.) tərəfindən Mirzə Əbülhəsən xan,
Rusiya tərəfindən Qafqazdakı rus qoşunlarının baş
komandanı Nikolay Rtişşev imzaladılar.
Gülüstan müqaviləsinə əsasən Qacarlar Gəncə, Qarabağ,
Şəki, Şamaxı, Quba, Bakı və Lənkəran xanlıqları
ərazilərinin, habelə Şərqi Gürcüstan və Dağıstanın
Rusiyaya ilhaq edilməsini tanıyırdı. İrəvan və Naxçıvan
xanlıqlarının Qacarların hakimiyyəti altında qalmasına
razılıq verilirdi. Xəzər dənizində hərbi donanma
saxlamaq hüququ yalnız Rusiyaya aid olduğu bildirilirdi.
Beləliklə, dünyanın ən qədim və mədəni xalqlarından biri
olan Azərbaycan türklərinin həyatında XIX əsrin
əvvəllərində yaranmış çətinliklərdən istifadə edən
Rusiya onun torpaqlarını işğal etməyə başladı və
Gülüstan müqaviləsi ilə Azərbaycanın iki yerə
bölüşdürülməsinin birinci mərhələsi başa çatdırıldı. Bu
müqavilədə bölüşdürülmüş xalqın və onun torpaqlarının
gələcək tarixi taleyini tənzimləyən bir ifadə belə yox
idi. Gülüstan müqaviləsi ümumdünya tarixində özgə
torpaqlarının bölüşdürülməsi üçün bağlanmış antihumanist
və zorakı müqavilələrdən biridir".
Sovetlər dönəmində gənc nəslə bu müqavilənin əhəmiyyəti
və onun xalqımızın həyatında müsbət rolundan söz
açılır, sovet tarixşünaslığında söhbət Azərbaycanın
Rusiyaya "könüllü" birləşdirilməsindən gedirdi.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə bir çox
məsələlərə, o cümlədən tariximizdə baş vermiş
hadisələrə də baxışlar dəyişdi, fərqli münasibətlər
bildirildi. Bəs görəsən, azərbaycanlı tarixçilərimiz
Gülüstan müqaviləsinin əsl mahiyyətini və onu bugünkü
tarix baxımından necə qiymətləndirirlər? Bununla bağlı
nə kimi yeni elmi tədqiqatlar aparılıb, hansı nəticələr
əldə edilib? Bu suallarla Azərbaycan Milli Elmlər
Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun
Azərbaycanın yeni tarixi şöbəsinin müdiri, tarix üzrə
fəlsəfə doktoru Hacı Həsənova müraciət etdik.
- İlk olaraq onu qeyd edim ki, çar Rusiyasının
tarixşünaslığının özündə faktiki olaraq Rusiya ilə
Qacarlar səltənəti arasında aparılan savaşın işğalçı
müharibə olduğu etiraf edilirdi, hətta bundan fəxrlə
danışılırdı.
Sovetlər dönəmində bu artıq bir qədər konkretləşərək
Gülüstan müqaviləsinə əsasən Qacarlar tərəfindən Gəncə,
Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Lənkəran xanlıqları
ərazilərinin, habelə Şərqi Gürcüstan və Dağıstanın
Rusiyaya ilhaq edilməsinin tanındığı qeyd olundu.
Sonralar isə bu guya Qafqazın "könüllü" olaraq Rusiyaya
birləşdirildiyi kimi tarixi mənbələrdə öz əksini tapdı.
Ancaq biz tarixçilər yaxşı bilirdik ki, vaxtilə çar
Rusiyası ilə Qacarlar arasında aparılan müharibə
müstəmləkəçi bir müharibə idi. Yeri gəlmişkən, mən bir
məsələni xüsusi qeyd etmək istərdim. Belə ki,
tarixşünaslığımızda bu müharibə Rus- İran müharibəsi
kimi qeyd olunur. Əslində isə bu, faktiki Rus-Azərbaycan
müharibəsidir. Sual oluna bilər ki, niyə biz bunu belə
adlandırmalıyıq? Çünki, yuxarıda qeyd etdiyim kimi, bu
müharibə Rusiya ilə Qacarlar arasında aparılıb. Özü də
bütün Qacarlar dövləti ilə yox, bir növ Cənubi
Azərbaycanı idarə edən Qacar dövlət strukturları
arasında. Müharibə Azərbaycan torpaqlarında, özü də
Azərbaycanın torpaqları üstündə gedirdi və rus qoşunları
ilə döyüşən azərbaycanlılar idi. Əgər Azərbaycan
xanlıqları 30 il Rusiya ilə döyüşüblərsə, burada hansı
"könüllü" birləşmədən söhbət gedə bilər?
Digər tarixçi həmkarlarım kimi mən də Gülüstan
müqaviləsinin Azərbaycanın şimal torpaqlarının Rusiya
tərəfindən işğalının I mərhələsi kimi tariximizdə qeyd
olunmasını haqlı sayır, Azərbaycanın yeni tarixində məhz
bu cür göstərilməsini düzgün hesab edirəm. Gülüstan
müqaviləsi antihumanist bir sənəddir. Ümumiyyətlə XIX
əsrin I yarısında çar Rusiyasının Azərbaycanla apardığı
müharibələr işğalçı, ədalətsiz idi. Başqa xalqın
torpaqlarının, varidatının qəsd edilməsi uğrunda
aparılan müharibə idi. Təbii ki, biz burada müasir
Rusiyadan danışmırıq. Söhbət çar Rusiyasından gedir.
Tariximizin yenidən yazılması, əsl tarixi həqiqətlərin
açılması isə hələ keçən əsrin 80-ci illərinin II
yarısında, belə deyək, sovet rejiminin həlqələrinin bir
qədər boşaldığı vaxtda artıq gündəmdə idi. Görkəmli
tarixçilərimizdən AMEA-nın müxbir üzvü, mərhum Mahmud
İsmayılov, bizim hörmətli alimlərimizdən Süleyman
Əliyarlı, Tofiq Vəliyev, mən özüm və onlarla adlarını
çəkmədiyim alim Gülüstan müqaviləsinin işğalçı,
ədalətsiz və antihumanist olduğunu öz yazılarımızda,
elmi-tədqiqat əsərlərimizdə, həmçinin institutumuz
tərəfindən hazırlanmış 7 cildlik "Azərbaycan tarixi"
kitabında və digər elmi, tarixi nəşrlərdə qeyd etmişik.
Zaman-zaman bu tarixi hadisə ilə bağlı digər tarixçilər
də müxtəlif kütləvi informasiya vasitələrində
məqalələrlə çıxış edir, elmi-praktik konfranslara
qatılırlar. Elə bu yaxınlarda respublikamızda
keçirilməsi nəzərdə tutulan Gülüstan müqaviləsinin
imzalanmasının 200 illiyinə həsr olunan beynəlxalq elmi
konfrans da məhz bu hadisənin, tarixi həqiqətlərimizin
xalqımıza, həmçinin dünya ictimaiyyətinə yenidən
çatdırılması baxımından, düşünürəm ki, əhəmiyyətli bir
tədbir olacaqdır.
Samirə KƏRİMOVA |